22 Dekabr 2024, Bazar

Mütaliə hansısa bir yaş dövründən asılı olmayaraq hər bir insanın kamilləşməsində, dünyagörüşünün artmasında ən güclü vasitədir. İnsanlar fərd kimi doğulub, şəxsiyyət kimi cəmiyyətdə formalaşırlar. Bu formalaşmanın ən uzun yolu və demək olar ki, ən təsirli dövrü məktəb illərinə təsadüf edir. Məktəbdə düzgün qurulan təlim isə şəxsiyyətin formalaşmasına birbaşa təsir edir. Beləcə məktəbdəki təhsil və vərdişlər sağlam ruhda tərbiyə olunmuş vətənpərvər gəncliyin əsasını qoyur.

Bu gün muxtar respublikamızda yetişən nəslin formalaşmasına göstərilən xüsusi qayğı Naxçıvanın daha da parlaq və işıqlı gələcəyindən xəbər verir. Muxtar respublikada hansı məktəbə üz tutsaq, orada əvvəlki illərdən fərqli olaraq dərsdən yayınmağa çalışan yox, daha da yaxşı oxumağa can atan şagirdlər görəcəyik. İndi daha fəal yeniyetmələr arasında ən birinci olmaq uğrunda mübarizə gedir. Bu özünü məktəbdəki bütün proseslərdə - dərsdə, təşkilatçılıqda, tədbirlərdə, asudə vaxtın səmərəli təşkilində, ən əsası müsabiqə, olimpiada və qəbul nəticələrində daha aydın göstərir. Muxtar respublika ümumtəhsil məktəblərində təşkil olunan və demək olar ki, artıq ənənə halını alan müsabiqələrdə hər yeni tədris ilində şagirdlərin daha fəal iştirakı və marağı təhsil ictimaiyyəti kimi valideynləri də çox sevindirir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi mütəmadi olaraq müxtəlif istedada malik olan məktəblilərin istedad və bacarıqlarının təkmilləşdirməsində və potensiallarının üzə çıxarılmasında mühüm rol oynayan tədbirlər, layihə və müsabiqələr təşkil edir. Belə layihələrdən bütöv bir ayı tam əhatə edən “Mütaliə aylığı” layihəsi xüsusi ilə seçilir. Aylıq çərçivəsində demək olar ki, həftənin bütün günlərində şagirdlərin bilik və bacarığını artıran, onlarda üstün vərdişlər formalaşdıran tədbirlər təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmiş, məktəb kitabxanalarında guşələr yaradılmışdır. Yaradılan şərait şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açır. Mütaliə aylığı çərçivəsində “Oxunması zəruri olan kitablar”ın mütaliəsi təmin edilir, şagirdlərdə oxu vərdişlərinin yaradılması diqqətdə saxlanılır. Məktəblərdə kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, inşa yazı müsabiqələri, bilik yarışları keçirilir. Bu cür tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasında da mühüm əhəmiyyətə malikdir.

Bu tədbirlərdə təkcə şagirdlər deyil, eyni zamanda bütün ümumi təhsil ictimaiyyətinin fəallığı artır, bütün məktəblərdə yüksək səviyyəli müxtəlif tədbirlər keçirilir. Bu il “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərə nəzər salsaq biz bunun bir daha şahidi olarıq.

Aprel ayının ilk günü Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin formalaşmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda “Mütaliə aylığı”na start verən açılış tədbiri keçirilmiş, aylıq çərçivəsində tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Bu il “Mütaliə aylığı” çərçivəsində təşkil edilən tədbirlərin sırasında Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili və şagirdlər tərəfindən poemalarının səhnələşdirilməsi çoxluq təşkil edir. Bu həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qüdrətli söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubleyi münasibətilə 2021-ci ili “Nizami ili” elan etməsi ilə əlaqədardır. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsinə və şagirdlər arasında təbliğinə geniş yer verilir. Muxtar respublikanın bütün ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində Nizami Gəncəvi əsərlərinin müzakirəsi keçirilir, poemaları səhnələşdirilir. “Nizami ili” ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq aprelin 9-da Nizaminin həyat və yaradıcılığına həsr olunmuş “Poeziya Günü” keçirildi. Tədbirdə Nizami Gəncəvinin əsərlərindən parçalar şagirdlər tərəfindən səsləndirildi, əsərlərindən seçmələri səhnələşdirildi.

Şagirdlərdə mütaliə vərdişlərinin formalaşması istiqamətində keçirilən müsabiqələrdən olan “Məktəblilərin dram müsabiqəsi” hər il olduğu kimi bu il də mərhələli şəkildə təşkil edilmiş, müsabiqənin yekun tədbiri “Mütaliə aylığı”nda – aprelin 14-də keçirilmişdir. Yüksək təşkilatçılığı ilə yadda qalan yekun tədbirdə şagirdlər bir daha öz potensillarını və istedadlarını oynadıqları səhnə əsərləri ilə nümayiş etdirdilər.

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan saz-söz sənətinin qüdrətli ustadlarından olan Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilən interaktiv dərs, aprelin 20-də isə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirildi.

         Ayın 19-da isə təhsil müəssisələrində mütaliənin mənbəyi sayılan kitabxanaların fəaliyyətinin gücləndirilməsinə, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkilinə və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına göstərilən diqqətin davamı olaraq Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirildi. Konfransdan sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, kitabxanaçıları müasir texnologiyalarla tanış etmək məqsədilə 3 günlük təlim-seminarlar təşkil olundu.

          Aylıq çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan növbəti tədbir muxtar respublika yazıçıları ilə şagirdlərin görüşüdür. Görüş aprelin 22-də Naxçıvan Dövlət Texniki Kollecində baş tutdu. Muxtar respublikanın yazıçıları ilə keçirilən görüş “Mütaliə aylığı” çərçivəsində “ilk dəfə” keçirilən tədbirlərin davamıdır. Təhsil müəssisələrində yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında, onlarda yaradıcılığa marağın artırılmasında mühüm rol oynayır.

Eyni gündə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak etdi. Şagirdlərdə milli mədəniyyət nümunələri olan bədii ədəbiyyatlara müraciət edərək oxu vərdişlərini formalaşdırmaqda böyük rol oynayan bu cür tədbirlər şagirdlərdə şeirə, sənətə böyük həvəs yaradır.

Muxtar respublikada ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində də uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün “Mütaliə aylığı” çərçivəsində geniş tədbirlər, müsabiqə və müzakirələr təşkil olunub. Eyni zamanda dərnək üzvlərinin Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın, Açıq Səma Altındakı Muzey Kompleksinə, Duz Muzeyinə və digər muzeylərə və tarixi mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunub.

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı və mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib.

Aprelin 16-da mərkəzdə yaradılan innovativ dərnəklərdən şagirdlərin geniş söz ehtiyatı, axıcı öyrənmə, sürətli oxuma və qavrama, xəyal qurma, inşa yazma və hekayə qurma və s. bacarıqlarının formalaşmasında böyük rolu olan “Sürətli oxu” dərnəyinin üzvləri arasında ilk dəfə müsabiqə keçirilib.

Aprelin 19-u isə ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə “Mən oxudum, Siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası keçirilib. Aksiyada ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri oxuduqları öz sevimli kitablarını bir-birlərinə hədiyyə ediblər. Nəticədə yaranan səmimi və bir o qədər də maraqlı mənzərə kitabdan oxumağa, öyrənməyə istəyi artan şagirdlərdə xoş təəssüratlar yaradıb.

“Mütaliə aylığı” şagirdlərə özü ilə oxumağın dəyərini, qabiliyyətləri formalaşdırmağı, vətənpərvərliyi, ən əsası isə özünü cəmiyyətdə ifadə edə bilməyi öyrətdi!

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR