29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə həyata keçirilən sosial-ekoloji siyasət uğurla davam etdirilir.

Ötən ay ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 15 yoxlama-reyd keçirilmiş, 3 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür. Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Ordubad rayonunun Aşağı Əndəmic və Şərur rayonunun Qarxun kəndlərində əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları və torpaqların münbitliyinin qorunması haqqında müzakirələr aparılmışdır.
Ay ərzində mühüm ekoloji tədbirlərdən biri kimi ekoloji monitorinqlərin aparılması diqqətdə saxlanılmışdır. Bu məqsədlə Babək, Şahbuz, Kəngərli, Sədərək, Culfa, Ordubad və Şərur rayonlarının 26-dan çox yaşayış məntəqəsində monitorinqlər keçirilmiş, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında mart ayı ərzində Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 12, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 olmaqla, ümumilikdə, 28 su nümunəsi götürülmüş və 250 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Muxtar respublika ərazisində, əsasən, torpaqların münbitliyinin qorunmasında, atmosfer mühitinin yaxşılaşdırılmasında və estetik gözəlliyin yaranmasında mühüm amillərdən biri olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılır. Hesabat ayında təsdiq olunmuş sxem-plan əsasında kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaq sahələrində şoranlaşmış və eroziyaya uğramış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması üçün torpaq hazırlığı işləri aparılmış, müvafiq tədbirlər görülmüşdür. 7 hektar sahədə meyvə bağı salınmış, yaşıllaşdırma tədbirləri zamanı 5483 müxtəlif meyvə tingləri əkilmişdir. Ötən illərdə salınmış meyvə bağlarında bərpa məqsədilə 22 hektara yaxın sahədə 9949 müxtəlif növ meyvə və meşə tinglərindən istifadə olunmuşdur. Toxumla əkin işləri də davam etdirilmiş, 58 hektar sahədə 580 kiloqram müxtəlif toxumlarla əkin aparılmışdır.
Hesabat ayında yeni salınmış meyvə və üzüm bağlarına, tinglik sahələrinə baxış keçirilmiş, həmin ərazilərin ziyanvericilərin təsirindən qorunması, fauna ehtiyatlarının qaba yem və daşduza olan tələbatının ödənilməsi üçün biotexniki tədbirlər aparılmış, ərazilərə 550 kiloqram daşduz, 30 kip qaba yem və 355 kiloqram meyvə-tərəvəz qalıqları dağıdılmışdır. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində ictimaiyyətlə ətraf mühitin qorunmasına dair ekoloji-hüquqi maarifləndirici söhbətlər aparılmış, yoxlama-reydlər keçirilmişdir.
Gənclərlə işin təşkili məqsədilə yeni ekologiya könüllülərinin iştirakı ilə Babək rayonunun Güznüt gölü ətrafında təmizlik aksiyası keçirilmiş, göl ətrafındakı müxtəlif məişət tullantıları götürülmüş və ərazidə səliqə-sahman yaradılmışdır. Həmçinin Naxçıvançay yatağında könüllülərin iştirakı ilə 1,5 hektar sahədə meyvə bağı salınmış, 1200-dən çox müxtəlif meyvə tingləri əkilmişdir. Eyni zamanda könüllülərə bağın əhəmiyyəti və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilmişdir.
Ordubad rayonunun Sabirkəndində heyvandarlığın daha müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, yaylaq- otlaq sahələrindən və biçənəklərdən səmərəli istifadə edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və ailə təsərrüfatlarının yaradılması sahəsində heyvandarlar və təsərrüfat sahibləri ilə ekoloji-hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbir iştirakçılarına otlaqlardan səmərəli istifadə qaydaları haqqında geniş məlumat verilmiş və maarifləndirici broşürlər paylanmışdır.
Ətraf mühitin qorunmasında əsas amil olan ekoloji tədbirlər növbəti aylarda da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR