22 Dekabr 2024, Bazar

“Texnika əkinçinin sağ əlidir” kimi bir deyim var xalqımız arasında. Lakin bu deyim o zamanlar yaranıbmış ki, sərhlövhədə də deyildiyi kimi, əkinçilər saatlarla texnikaların yolunu gözləyirmişlər ki, nə vaxtsa gəlib onlara kömək edəcək, işlərini bir qədər yüngülləşdirəcək. İllər ötüb bizə müstəqilliyimizi bəxş edəndən sonra isə sovet dövründən qalma stereotiplərdən zaman-zaman xilas olduqca çoxunu televizorda, azını tarlalarda gördüyümüz texnikalar üçün gözlərimiz yollardan yığılmağa başladı. Müasir dövrümüzdə texnika tək əkinçinin deyil, bütövlükdə, zəhmət adamlarının hamısının sağ əli, dostu, əl əməyini minimuma endirən vasitədir. Çünki indi artıq texnika və texnoloji avadanlıqlardan tək əkinçi yox, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan insanların hər biri istifadə edir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda kənd təsərrüfatının ümumi inkişafı mənzərəsində müşahidə etdiyimiz bu mühüm amillə yeni deyim yaranır: “Texnika zəhmət adamlarının sağ əlidir”. Bu deyimin yaranma səbəblərindən başlıcası isə odur ki...

Torpağımız özümüzündür

Bütövlükdə, çoxcəhətli və məhsuldar kənd təsərrüfatının formalaşdırılmasına imkanverən təbii-iqlim şəraitinə, ən qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin və heyvandarlığın əsas mərkəzlərindən biri hesab olunmuşdur. Bu, qədim dövrdə də, sovetlər dönəmində də, müstəqillik illərində də eynidir. Lakin bir fərq ondan ibarət idi ki, 70 il sovet əsarətində biz torpaqlarımızın sahibi deyildik, öz torpağımızda gün çıxandan gün batanadək çalışıb, məhsul əldə etməklə başqalarını bəhrələndirirdik. Əslində, özümüzün olub sahibi olmadığımız torpaqlarda isə iş, əsasən, əl əməyi ilə həyata keçirilirdi. Tək-tək texnikalar isə zəhmət adamları üçün göydəndüşmə hesab olunurdu.

Ötən əsrin 70-80-ci illərində başlanan aqrar islahatların davamı olaraq ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 6 aprel 1992-ci il tarixli sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” Qərar qəbul edildi. Qərarda zərərlə işləyən təsərrüfatların ləğv olunması, onların bazası əsasında şəxsi təsərrüfatların yaradılması nəzərdə tutulurdu. Naxçıvanda həyata keçirilən torpaq islahatı daha sonralar bütün ölkədə keçirilən torpaq islahatına örnək oldu. İslahatlara başlanılan dövrdə bəzi qüvvələr tərəfindən insanlar arasında çaşqınlıq yaratmaq halları da az olmadı. Onlar belə bir qənaət formalaşdırmağa çalışırdılar ki, sovxoz və kolxozlar olmadan insanlar yaşaya, qazanc əldə edə bilməzlər. Lakin bütün bunların nə qədər yanlış fikirlər olduğu qısa zamanda özünü təsdiqlədi. Əksinə, kənd adamları torpaq sahibi olmağın bəhrəsini gördükcə ən asan dolanışıq yolunun da məhz torpaq olduğuna əmin oldular. Bu islahatlar çox məqamlara son qoydu. Ən başlıcası torpaqlar ədalətli şəkildə bölündü. İnsanlar təsəvvürlərinə gətirmədikləri halda, sanki itkin düşmüş “əzizlərinə” qovuşdular, mülk sahibinə çevrildilər. Blokadanın ilk, həm də çox ağır illərinə təsadüf edən aqrar islahat böyük inamla demək olar ki, insanları məhv olmaq təhlükəsindən xilas etdi. Muxtar respublikanın iqtisadi tənəzzülü mənzərəsində torpaqların əkilib-becərilməsi, nəinki torpaq sahibi olanların, ümumilikdə, naxçıvanlıların xilasını qismən şərtləndirdi. Beləliklə, ildən-ilə əkin sahələri genişləndirildi, bu, heyvandarlığın inkişafına stimul yaratdı. Heyvandarlığın inkişafı sahibkarların formalaşmasına səbəb oldu. Sahibkarlıq fəaliyyəti fermer təsərrüfatlarının fəaliyyətinə zəmin yaratdı. Bütün bunlar isə nümunə gücündə olduğu üçün ailə təsərrüfatlarının yaranmasına vəsilə oldu. Məhsul istehsalçılarının torpaq islahatının ardınca hər an dövlət dəstəyini hiss etməsi, ölkə başçısının qərarına əsasən onlara istifadə etdikləri motor və sürtkü yağlarına görə subsidiyaların verilməsi, məhsuldar toxum, gübrə və damazlıq heyvanlarla təmin olunmaları, eləcə də buğda əkənlərə hər hektara səpin və yığım üçün vəsait verilməsi kəndlini torpağa daha möhkəm bağladı. Sonrakı illərdə isə muxtar respublikada lizinq xidmətlərinin həyata keçirilməsi, texnika və texnoloji avadanlıqların alınıb gətrilməklə zəhmət adamlarının əl əməyinin yüngülləşdirilməsi hər zamankı kimi bu qədim diyarda insan amilinə verilən dəyərin növbəti təzahürü oldu. Eyni zamanda vaxt itkisini aradan qaldırmaqla məhsul istehsalını sürətləndirdi, bu sahəyə marağın artmasını şərtləndirdi, zəhmət adamlarının həyatına müasirliyi, yeniliyi bəxş etdi. Nəzər salaq...

İldən-ilə artan yerşumlayan, taxılsəpən, gübrəsəpən, taxılbiçən, xüsusilə də toxumtəmizləyən,
toxumdərmanlayan texnikalar

Biz naxçıvanlılar blokadanın ilk illərində çörək sarıdan o qədər əzab-əziyyətlə qarşılaşmışıq ki, çörək bizim üçün öz müqəddəsliyindən də uca bir zirvəyə ucalıb. Bu çətinliyi yaşamağın özü muxtar respublikada taxıl əkini sahələrinin ildən-ilə artırılmasına səbəb olub desək, yanılmarıq. Çünki insanlar illərlə çörəklə imtahana çəkildi yurdumuzda. Elə buna görədir ki, muxtar respublikada mövcud torpaqlar əkilməklə yanaşı, son illər qapalı suvarma sistemlərinin qurulması hesabına 5 min hektardan artıq yeni torpaq sahəsi də əkin dövriyyəsinə daxil edilib. Əkinçilərə hərtərəfli şərait yaradılıb. Subsidiyalar, güzəştli kreditlər, suvarma suyu ilə təminat, yeni texnikaların verilməsi taxılsaxlama anbarları, dəyirmanların bərpası, çörək istehsalı müəssisələrinin yaradılması – bütün bunlar bir tərəfdən taxıl əkininə marağın artırılması üçündürsə, digər tərəfdən insanların iş yeri, dolanışığıdırsa, ümumilikdə isə muxtar respublikanın çörəklə təminatıdır. Torpaq mülkiyyətçilərinin ildən-ilə yeni texniki vasitələrlə təminatı isə taxıl əkini sahəsində yeni bir mərhələdir. İllər öncə günlərlə əkin sahəsinin şumlanması, buğdanın biçilməsi üçün növbəsini gözləyən zəhmət adamları bu gün texnika bolluğu səbəbindən bu problemlə üzləşmir, məhsul itkisi ilə qarşılaşmır. Hətta gübrələrin belə maşınlarla verilməsi əkinçilərin əməyinin yüngülləşməsi ilə nəticələnib. Muxtar respublikada toxumçuluq təsərrüfatlarının yaradılması, toxumtəmizləyən və toxumdərmanlayan texnikaların alınması isə mülkiyyətçilərin keyfiyyətli toxumla təminatına səbəb olub. Keyfiyyətli toxum isə məhsul bolluğu deməkdir.

Kərəntidən müasir otbiçən maşınlara, presvuran,
presbağlayan texnikalara

Muxtar respublika iqtisadiyyatının əsasını tarixən əkinçilik və heyvandarlıq təşkil edib. Bu səbəbdən kənd yerlərində yaşayan insanlar ata-babadan əkib-biçib, heyvandarlıqla məşğul olublar. Hər kəs xatırlayar kəndlərimizdəki ot biçini zamanlarını. Elə ki yaz gəldi, yaz yağışları, bir də günəş torpağın köksündən çölün otunu-ələfini çölə-düzə mehman etdi, ot biçininə hazırlıq işləri də başlanardı. Ot biçini böyük bir mərasim idi. Elə bir mərasim ki o başlananda hansı kəndə üz tutsaydın, sükutla qarşılaşardın, çünki bütün sakinlər – uşaqlı-böyüklü hamısı “ota” yollanırdılar. Kişilər – gənclər, cavanlar ot biçir, qadınlar samovar salır, ocaqda çay qaynadır, yemək hazırlayır, uşaqlar ot biçənlərə su daşıyırdılar. Ot biçini bir ailənin təkbaşına görəcəyi iş deyildi. Növbəyə salırdılar, qonşu qonşuya, qohum qohuma köməyə gəlirdi. Bir ailənin Naxçıvandan kənarda yaşayan övladı həmişə məzuniyyətini ot biçini dövrünə salırdı ki, kəndə gəlib atasına kömək etsin. Bir sözlə, bir ailənin ot biçini dövrü 20-25 gün çəkirdi.

Səhər obaşdan kərəntisi çiynində onlarla insan biçinə yollanırdı. Biçin vaxtı kənddə uzaqdan gələn kərənti səsindən və xəfif küləyin gətirdiyi xoş rayihəli ot ətrindən başqa heç nə duyulmurdu. Ot biçini zamanı otu biçib yerə tökmək şərt deyildi. Bu gün biçilən ot sabah tezdən sübhçağı şehli ikən laylanmalı, sonra bükülməli, kəndə daşınmalı idi. Bunların hamısı isə günün xüsusi saatlarında icra edilməli idi ki, ot yanmasın, yağış onu yararsız vəziyyətə salmasın. Bu gün ot biçini vaxtı onlarla otbiçəni, presvuran texnikaları görmək insanların ot biçini zamanı üzləşdiyi olmazın əziyyəti xatırlamaq fonunda o qədər maraqlıdır ki...

Beldən kartofəkən, kartofbasdıran,
kartofboğazlayan, kartofçıxaran texnikaya

Muxtar respublikamızın elə bir kəndi yoxdur ki, orada kartof əkini keçirilməsin. İqlimi kartof əkini üçün münbit olan kəndlərimizdə bu sahə zəhmət adamlarını sahibkara, ailə təsərrüfatı başçısına çeviribsə, digər kəndlərimizdə isə hər ailə öz istifadəsi üçün bu məhsulu istehsal edir. Bütün kənd təsərrüfatı əkinləri kimi, kartof da əmək tələb edən bitkidir. Son dövrlərə qədər kartof əkmək üçün ot biçinində olduğu kimi, ailədə uşaqlı-böyüklü hər kəs iştirak etməli olurdu. Bir nəfər kartof əkini üçün şırım çəkməli, biri çalalar açmalı idi. Toxumluq kartofu çalalara ailələrdəki uşaqlar paylayardılar. Vedrələrə yığılan toxumu gücləri yetdikcə metrlərlə o başa-bu başa daşımaqla ata-analarına kömək edərdilər. Sonra isə həmin metrlər bir dəfə də həmin çalalara təbii gübrə vermək üçün qət olunurdu. Növbəti dəfə isə çalaların üstü örtülürdü. Bitki torpaqdan baş qaldırıb birqarışlıq olanda boğazlama işləri görülürdü. Bu proses ən azı üç dəfə təkrarlanırdı. Məhsul yığımı dövründə isə yenə sahəboyu bel vasitəsilə kartof çıxarılır, vedrələrlə kənara, oradan isə lazımi yerlərə daşınırdı. Kartofun ərsəyə gəlməsi belin və insanın əl- qolunun gücü hesabına reallaşırdı. İndi isə tək beli kartofəkən, kartofboğazlayan, kartofbasdıran, kartofçıxaran kimi texnikalar əvəzləyib. Bu texnikalar tək beli əvəzləməyib, insanların əlinin əməyini yüngülləşdirib, qolunun gücünü öz üzərinə götürüb.

Ailə təsərrüfatlarının inkişafına dəstək olan
texnikalar

Son illər alınaraq muxtar respublikaya gətirilən texnika və avadanlıqlar içərisində elələri ilə qarşılaşırsan ki, istər-istəməz bir neçə illər öncəyə qayıdıb həmin texnikanın gördüyü işi əl əməyi ilə böyük çətinliklə, günlərlə həyata keçirənləri xatırlayırsan. Məsələn, bağçılıq üçün çiləyici avadanlıq, xamaçəkən, südsağan maşın, cəvizi qərzəkdən təmizləyən qurğu, heyvandarlıqda yem hazırlamaq üçün arpa-buğda qırma maşını, yaş və quru otdoğrayan maşın, balsüzən aparat, soğanəkən apreqat və sair. Yəqin bu sadaladığım avadanlıqların gördüyü işi əl əməyi ilə görənləri hər kəs xatırlaya bilər. Kəndlərimizdə qonaq olarkən nənə-babalarımızın, əmi-bibilərimizin necə çətinliklə süddən xama çəkdiklərini, balı primitiv şəkildə düzəldilmiş “aqreqatla” süzdüklərini, cəvizi nə metodlarla qərzəyindən təmizlədiklərini, inəklərdən südü neçə saat, əlləri-qolları keyiyərək sağdıqlarını, mal-heyvan üçün səhərdən axşamadək həyətdə kötüyün üstündə ot-saman doğradıqlarını, bağlarda ağacları dərmanlamaq üçün süpürgədən istifadə etdiklərini görənlər az olmayıb. Bütün bunlar insanların həm vaxt, həm məhsul itkisinə səbəb olur, həm də çox əmək sərf etdikləri üçün onları gördükləri işdən bezikdirirdi. Söhbət düşəndə, “əşi, bu evin ehtiyacı olmasa, heç bu işlə məşğul olmağa dəyməz”, – deyirdilər. Lakin bu gün yuxarıda adlarını çəkdiyim texnika və avadanlıqlar insanların əl əməyini o qədər yüngülləşdirib ki, onlar, nəinki öz ailələri üçün, bazar üçün məhsul istehsalçısına çevriliblər. Əldə olunan gəlirlə gündən-günə təsərrüfatlarını genişləndirən zəhmət adamları bu texnikaları alıb istifadə etməklə ailə təsərrüfatı məhsulları adı ilə mağaza və bazarlara məhsul çıxarır, digər insanların da ehtiyaclarını ödəyir, bazarlarımızı yerli məhsullarla zənginləşdirir, ərzaq təhlükəsizliyinə təminat yaradırlar. Kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı keçirilən festivallar, sərgilər, məhsul yarmarkaları isə məhsul istehsalçılarını “kim daha yaxşı məhsul istehsal edir” deyə özlərini sübut etdikləri yerlərdir. Beləliklə müasir texnikalar ailə təsərrüfatlarının inkişafı üçün ən gərəkli vasitədir.

“Ay əmi, o maşın tez gəlsə əgər,
Nə qədər sevinər bizim bu çöllər”dən fərqli nəticə

Şair Səməd Vurğunun bu iki misrası ilə dünənimizlə günümüzün müqayisəsi fonunda yeni nəticələr və məqamlar ortaya çıxır. Bir zamanlar çöllərdə, tarlalarda bircə maşın gözləməkdən gözləri yollara dikilən insanlara indi evlərinin içindəcə traktor, ekskavator-buldozer, kotan, maşın və texnikalar təqdim olunur. Onlar çöldə iş başında maşın, texnika gözləmirlər, işə öz maşın və texnikaları ilə çıxırlar. Ötən illər ərzində “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış 3282 texnika və texnoloji avadanlıq muxtar respublikaya gətirilmiş, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilmişdir. Martın 31-də cəmiyyət tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı mərasimində Ali Məclis Sədrinin “ Kənd təsərrüfatı sahəsində əl əməyi nə qədər yüngülləşərsə, bu sahəyə maraq o qədər artar, məhsul istehsalı yüksək olar” kimi dəyərli fikirləri bu sahədə həyata keçirilən işlərin mahiyyətini bir daha xarakterizə etdi.

Ölkə Prezidentinin əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı Dövlət proqramlarından irəli gələn vəzifələrin muxtar respublikada icrasının təmin edilməsi məqsədilə kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı qəbul olunan Dövlət proqramları və onların uğurla həyata keçirilməsi diyarımızda aqrar sahənin inkişafında, məhsul istehsalının artırılmasında mühüm amil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlər Proqramı” isə kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarının formalaşdırılması, özünüməşğulluğun, dayanıqlı inkişafın və ixrac potensialının, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən daha böyük əhəmiyyətə malik olacaqdır. Kənd təsərrüfatı muxtar respublikamızda daha da inkişaf edəcək. Çünki bunun üçün hərtərəfli şərait yaradılıb.

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR