30 Aprel 2024, Çərşənbə axşamı

XV-XVI əsrin məşhur filosofu, yazıçısı və dövlət adamı Nikolo Makiavelli 1469-cu ildə Florensiya şəhərində doğulub. Təhsilini Florensiya Universitetində alan gənc Makiavelli qısa zamanda Florensiya Respublikasının idarəetmə struktrunda müxtəlif vəzifələr tutmuşdu. Dünyagörüşünün formalaşmasında o, Platon, Aristotel, Siseron, Tit Livi, Ksenofon kimi filosoflardan təsirlənmişdir. Əsərlərinin və dünyagörüşünün təsiri o qədər güclü olmuşdur ki, özündən sonra Frensis Bekon, Tomas Hobs, Jan-Jak Russo, Devid Hum kimi filosoflar ondan təsirlənmiş, onun fikirlərinə münasibətlərini bildirmiş və yeni əsərlər ərsəyə gətirmişlər.

Yaşadığı dövrdə İtaliyanın siyasi dağınıqlıq içində olması Makiavellinin dünyagörüşündə aydın şəkildə hiss edilir. Bu böyük mütəfəkkirin əsərlərinin ana fikri, əsasən, İtaliyanın birləşdirilməsinə və güclü mərkəzi dövlət şəklində formalaşmasına yönəldir.
Renesans dövrünün bu böyük mütəfəkkiri, diplomatı Nikolo Makiavellinin dünya bilik xəzinəsinə hədiyyə etdiyi ən qiymətli əsəri “Hökmdar”dır. “Hökmdar” öz aktuallığını itirmədən hər zaman müraciət edilən bir əsər olub. “Hökmdar” zamanın keşməkeşli yollarını aşıb dövrümüzdə də öz təsirini itirmir. Belə ki, bu əsərin qiyməti yazıldığı dövrdən və torpaqlardan çox-çox uzaq diyarlarda yüksək qiymətləndirilib.
Bu kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixində imzaladığı Sərəncam ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nda özünə yer alıb. Əsər gənclərin dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bir hökmdarın necə olması gərəkliliyini reallıqlara dayanaraq təməlləndirən Makiavelli öz ideal hökmdar obrazı ilə yanaşı, realist hökmdar obrazı da yaratmışdır. Əxlaqi xəyalpərəstlik və gerçəkliklər arasındakı o incə fərqi müəllif oxucusuna aydın bir şəkildə izahını vermişdir. O bu əsərində dövlətlərin quruluşunu təhlil etmiş, Şərq və Qərb arasındakı fərqləri obyektiv şəkildə oxucuya çatdıra bilmişdir. Müəllif bir filosof kimi gələcəyin hökmdarlarına, keçmişin təcrübələrinə işıq salaraq tövsiyələr etmiş, onları ölkələrinin mənafelərini digər mənafelərdən üstün tutmağa səsləmişdir.
Makiavelli insanlarla əlaqəli işlərdə qəzavü- qədərin roluna qismən tənqidi yanaşmaqdadır. O, insan həyatında qədərin rolunun yarı-yarıya olduğunu düşünür. Bütün bu təqdim etdiyi düşüncələri nəzərə alaraq, biz oxucular Makiavellinin Hökmdar obrazında dövrünün ötəsində, reallıqları hər zaman öncəlik halına gətirən, aid olduğu dövlətin mənafeyini hər şeydən üstün tutan idarəçi rolunu görürük.
Müxtəlif düşüncə adamları da əsəri bir çox şəkildə qiymətləndirmiş, ona aid fikirlərlə çıxış etmişlər. Məsələn, Jan-Jak Russo əsəri yüksək dəyərləndirmiş, onu xalqa və hökmdara nəsihət kimi təqdim etmişdir. Əsərin önəmini biz İtaliyanın 19-cu əsrdə birləşdirilmə hərəkatında da görürük. Əsərin son bölməsi o dövrdə İtaliyanın birləşdirilməsinin xəbərçisi olaraq şərh edilib.
Bu qiymətli əsər 20-ci əsrdə də çox fərqli şəkillərdə şərh olunub. Bəziləri əsəri politologiyaya realist axım gətirən güclü müşahidənin məhsulu olaraq görmüşdür. Başqa bir şərhə görə isə əsər hər hansı subyektiv düşüncənin yox, tamamilə obyektiv bir düşüncənin süzgəcindən keçərək qələmə alınıb.
Bu qiymətli abidə, görünür ki, əsrlər keçsə də, öz aktuallığını itirməyəcək və gələcək nəsillərin yoluna işıq tutacaqdır.

Əminə RƏHİMLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR