22 Dekabr 2024, Bazar

Ölkəmizin sürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. İndi bütün regionlarda idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikasında da idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlər həyata keçirilir. Məlumdur ki, diyarımızda təkmil idman infrastrukturu yaradılıb və bu proses davamlı xarakter daşıyır. Sağlamlığın təmin olunmasının çox mühüm vasitələrindən biri kimi idmanın həyat tərzinə, fərdi və kollektiv xarakterli sosial vərdişə çevrilməsi üçün sistemli təbliğatın aparılması çox mühüm əhəmiyyətə malikdir. Bu gün toxunacağımız idman sahəsi dünyada, təxminən, 250 milyon nəfərin oynadığı, 1,6 milyondan çox komandanın olduğu futboldur. Bu qədər geniş auditoriya kütləsinə malik olmasının səbəbi isə bu idman növünün əyləncə, emosiya və qələbə prinsiplərini özündə birləşdirməsidir.

Keçirilən müşavirələr, təsdiq edilən
Dövlət proqramı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov idmana və idmançılara hər zaman xüsusi qayğı ilə yanaşıb, muxtar diyarımızda idmanın inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, yeni idman obyektlərinin tikintisinə, dünya miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair müxtəlif sərəncamlar imzalayıb, məqsədyönlü tədbirlər həyata keçirib. Ali Məclisdə Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında müşavirələr keçirilmiş, son olaraq isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu mühüm dövlət sənədinin imzalanmasında başlıca vəzifə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə düşsə də, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon İcra hakimiyyətləri üçün də konkret tapşırıqlar müəyyənləşdirilmişdir.

Proqramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi, gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir. “Sağlam bədəndə sağlam ruh olar”, – deyirlər. Dövlət proqramında da idmanla məşğul olan uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirmələri, sağlam və gümrah, fiziki cəhətdən güclü şəxsiyyət kimi formalaşmaları əsas məqsəd götürülüb. Məhz muxtar respublika rəhbərinin idmana qayğısının da kökündə bunlar durur.

... Futbolun inkişafına töhfə

İki il öncə Naxçıvan Futbol Federasiyasında aparılan struktur dəyişikliyi muxtar respublikada bu idman növünə olan marağı artırmaqla yanaşı, həm də futbolun inkişaf etdirilməsinin vacibliyini prioritet məsələ kimi qəbul etdi. Ardınca federasiya tərəfindən qəbul edilən 5 illik proqram bu sahənin diyarımızda inkişafının təməlini qoydu. Proqrama nəzər yetirdikdə, əsas məsələnin uşaq futbolunun inkişafı olduğu diqqətdən yayınmır. Həmçinin böyüklər arasında çempionat, kəndlər arasında isə həvəskar çempionatların təşkili, dövlət idarələri və könüllü komandalar arasında Naxçıvan Futzal Liqasının keçirilməsi, beynəlxalq dərəcəli hakimlərin müxtəlif kurs və seminarlar keçmək üçün muxtar respublikaya dəvət olunmaları və futbolçuların daha çox beynəlxalq turnirlərdə iştirakının təmin edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, proqramın icrası zamanı qarşıya qoyulmuş məqsədlər aşağıdakı kimi müəyyənləşdirilib:
– futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;
– futbol mütəxəssislərinin hazırlanması sistemini təkmilləşdirmək;
– futbolla bağlı təbliğat işini gücləndirmək;
– futbol sahəsində futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək;
– əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq.
Göründüyü kimi, burada futbolun inkişafı üçün bütün zəruri məqamlar nəzərə alınıb. İlk növbədə, yeni futbol meydanlarının, məşq bazalarının tikintisi, mövcud olanları isə müasir standartlara uyğunlaşdırmaq, daha sonra isə həmin idman qurğularında mütəxəssislərin hazırlanması hədəflənib.

Məsələyə bizim münasibət

Uşaq futbolundan söz düşmüşkən, insanlar arasında müəyyən suallar yaranır: Uşaq neçə yaşından futbolla məşğul olmağa başlamalıdır? Bəzi məşqçilərin, fikrincə, bunun üçün 6 yaş, ən ideal yaş həddi hesab olunur. Ancaq bəzi ölkələrdə uşaqlar 4 və ya 5 yaşından futbol məktəblərinə üz tuturlar. Təbii ki, bu, uşaqların deyil, valideynlərin arzusu, istəyidir. Ümumiyyətlə, uşaqların daha erkən yaşda futbola başlamaları onların öz həmyaşıdlarından daha sağlam olmalarına, az xəstələnmələrinə zəmin yaradır. Lakin psixoloqların, fikrincə, futbolla məşğul olmaq arzusu valideynlərin deyil, uşağın öz istəyi olmalıdır. Yəni futbol seçimi zamanı öz emosiyalarınıza yox, övladınızın arzu və istəyinə üstünlük verin.

Məsələyə tibbi tərəfdən yanaşsaq, həkimlər 4 yaşına qədər uşaqların idman seksiyalarına yazılmasının əleyhinədir, çünki fiziki yükləmələr, hələ də tam formalaşmamış uşaqların sağlamlığı üçün zərərli ola bilər. Elmi-praktik araşdırmalar da bunu deməyə əsas verir ki, peşəkar futbola aparan yol, ilk növbədə, topla oynamağa olan maraq və həvəsdən başlayır. Digər tərəfdən uşağın futbolçu kimi yetişməsi üçün onların futbola olan maraq və həvəsi stimullaşdırılmalıdır. Yəni belə uşaqlar futbolla məşğul olmağa meyilləndirilməlidir.

Futbol Federasiyasının gördüyü işlər

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, yerli məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili kimi zəruri vəzifələrin icrası Futbol Federasiyasının diqqətindədir. Belə ki, ötən dövr ərzində orta məktəblərdə idman müəllimləri üçün “D” lisenziyası verən kurs təşkil olunub və kursda 30 məşqçi-müəllim iştirak edib. Cari ildə isə AFFA ilə birgə muxtar respublikada gənc məşqçilər üçün UEFA-nın “C” kateqoriyalı 3 moduldan ibarət məşqçilik kursu keçirilib. Eyni zamanda federasiyanın qapıçılar üzrə koordinatoru Amil Ağacanovun Türkiyədə keçirilən komandaların təlim-məşq toplanışında, həmçinin Bakıda təşkil olunan UEFA-nın “B” kateqoriyalı məşqçilik kursunda iştirakı təmin edilib. Futbol hakimlərinin yetişdirilməsi federasiyanın prioritet məsələlərindən biridir. Hazırda hakimlərin nəzəri və praktik biliklərini artırmaq məqsədilə dərslər təşkil olunur, AFFA-nın Hakimlər Komitəsinin üzvü olan beynəlxalq dərəcəli referilər Naxçıvana səfər edir, təlimlər, seminarlar keçirirlər.
İdman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsi də diqqət mərkəzindədir. Naxçıvan Futbol Federasiyasının nümayəndələri ötən dövr ərzində Türkiyənin Mersin şəhərində İtaliyanın “İnter” Futbol Klubunun akademiyasında olublar. Akademiyada gedən məşqləri izləyən federasiya rəsmiləri klubun Türkiyə nümayəndə heyətinin rəhbəri Hüseyn Kılavuzla da görüşüblər. Görüş zamanı gələcək işlər barədə fikir mübadiləsi aparılıb və dünyanın məşhur klubunun akademiyasının muxtar respublikamızda da nümayəndəliyinin açılması məsələsi müzakirə edilib. Bununla yanaşı, Mersin şəhərinin klubları ilə görüşlər keçirilib, gələcəkdə Naxçıvan və Mersin şəhərlərinin komandaları arasında təşkil olunacaq futbol görüşləri, eləcə də uşaq futbolu ilə bağlı məsələlər təhlil edilib. Səfər çərçivəsində muxtar respublikamızda futbol hakimlərinin inkişafı məsələləri də diqqətdə saxlanılıb. Belə ki, federasiya nümayəndələri uzun illər Türkiyənin FİFA referisi olmuş, hazırda Toroslar (Mersin) Bələdiyyəsi idman şöbəsinin müdiri vəzifəsində çalışan Vedat Yüksəllə görüşüb. Görüş zamanı hakimlərin hazırkı vəziyyəti müzakirə edilib və türkiyəli hakimin muxtar respublikamızda gənc hakimlər üçün seminarlarda iştirakı təsdiqlənib.
Muxtar respublikamızın mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Federasiya tərəfindən təşkil olunan futbol üzrə 13-14 yaşlılar arasında beynəlxalq turnirin keçirilməsi təsadüfi xarakter daşımır. Heç şübhəsiz, Naxçıvanın ümumi inkişafı, yüksək səviyyəli infrastruktura sahib olması, etibarlı sabitlik, təhlükəsizlik mühiti, qonaqpərvərliyi və digər amillər bu qərarların verilməsində mühüm rol oynayıb. Digər tərəfdən diyarımız ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir.
Son illər diyarımızda idmanın müxtəlif növlərinin inkişafı, maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdırılır. Muxtar respublika rayonlarında yeni stadionların yaradılması və təmiri də diqqətdə saxlanılıb.
Muxtar respublikada idman infrastrukturunun modernləşdirilməsi də mühüm məsələlərdən biri hesab edilir. Naxçıvan Futbol Federasiyasının bu istiqamətdə həyata keçirdiyi növbəti layihə təlim-məşq kompleksinin yaradılmasıdır. Uzunoba gölünün ətrafında inşa edilən bu idman kompleksi müasir standartlara cavab verməklə yanaşı, həm də futbolun muxtar respublikada kütləviliyinə birə-beş təkan verəcək. Ərazisinə iki tribunadan ibarət süniörtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış minifutbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxil olan təlim-məşq idman kompleksində tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur.

Nəticə...

Qəbul edilən Dövlət proqramı cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi, bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların sayının artırılması, muxtar respublikanın ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində, uşaq-yeniyetmə idman məktəblərində idmanla məşğul olan uşaq, yeniyetmə və gənclərin sayının artması, istedadlı uşaqlar üçün idmanın müxtəlif növləri üzrə məktəblərin yaradılması, maddi-texniki bazanın inkişafı nəticəsində yeniyetmə və gənclərin idmana cəlb edilməsi, idmançıların sosial problemlərinin həllinə, yönəlmiş mühüm dövlət sənədidir. Futbol Federasiyası da muxtar respublikada idmanın inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, yaradılan şəraitdən səmərəli istifadə etmək vəzifəsini layiqincə yerinə yetirməyə çalışır. Yeni yaradılan təlim-məşq idman kompleksi bunun daha bir əyani sübutudur...

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR