21 aprel tarixindəAkademik Yusif Məmmədəliyevin Ev Muzeyində Zərdab Rayon Heydər Əliyev Mərkəzi ilə onlayn tədbir keçirilmişdir.
ZOOM mobil tətbiqi vasitəsilə keçirilən tədbiri Akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin direktoru Elvira İbrahimova açaraq akademik Y.Məmmədəliyevin elmi fəaliyyəti haqqında məlumat vermişdir.
Qeyd edilmişdir ki, 1933-cü ildə V.V.Kuybışev adına Elmi-Tədqiqat İnstitutuna kiçik elmi işçi kimi işə başlaması Akademik Yusif Məmmədəliyevin elmi fəaliyyətində dönüş ili olmuşdur.Bu ildən etibarən Y.Məmmədəliyev kimyaya aid intensiv axtarışlar aparmağa başladı.İlk məqalələri belə,bir qayda olaraq,nəzəri əhəmiyyəti ilə bərabər,dövrün praktiki tələbatına uyğun idi.1933-cü ilin sonunda onun ilk elmi əsəri - “Etil spirtinin neft qazlarından alınması” məqaləsi çap olundu.
1934-cü ildə kauçukla əlaqədar onun ikinci məqaləsi - “Azərbaycanda süni kauçuk problemləri” - nəşr olundu.1936-ci ildə Yusif Məmmədəliyev “Azərbaycanın təbii və süni qazları və onların kimyəvi emalı” monoqrafiyasını çap etdirdi.
Vurğulanmışdır ki, 1935-ci ildən başlayaraq Yusif Məmmədəliyev müntəzəm olaraq neft qazlarının xlorlaşması, bromlaşması və onlardan sənayedə, təbabətdə istifadə etmək kimi vacib məsələlərlə məşğul olmuşdur. Y.Məmmədəliyev 1942-ci ildə “Aromatik karbohidrogenlerin alkilləşməsi ve dialkilləşməsi yolu ilə toluolun sintezi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru elmi dərəcəsini almışdır.
1941-1945-ci illərdə müharibənin ən qızğın vaxtında yüksək oktanlı benzini kəşf etmişdir ki, bu da yanacağın keyfiyyətini artıraraq, təyyarələrin daha yuksəyə, daha uzağa uçmasına şərait yaratmışdır.Y.Məmmədəliyevin əldə etdiyi yüksək oktanlı benzindən müharibə vaxtı 10 milyon 42 min ton istifadə olunmuşdur.
Akademikin digər əsas elmi kəşfi “Molotov kokteyli” olmuşdur ki, bu da muharibə zamanı tankların partladılmasında istifadə olunmuşdur.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir.
Sonra tədbir iştirakçılarına Akademik Yusif Məmmədəliyevin Ev Muzeyindən və Zərdab Rayon Heydər Əliyev Mərkəzindən onlayn ekskursiya keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti