22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda elmi konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar” 2021-ci il 2 mart tarixdə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq keçirilən konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Çıxışda Naxçıvan rəssamlıq məktəbinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tarixi inkişaf yoluna nəzər salınıb. Qeyd edilib ki, fəaliyyətinin bütün dövrlərində elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Naxçıvan rəssamlığına da əsl hamilik etmişdir. Bölmə sədri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin zövqlə dizayn edilmiş yeni inzibati bina və emalatxana ilə təmin edilməsi, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, Rəssamlar Parkının salınması muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Hazırda birliyin 40-dan artıq üzvünün səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı çağdaş Naxçıvan rəssamlığına verilən ən böyük töhfədir. Akademik göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranması və dövlət qayğısı” mövzusunda məruzə edib. Naxçıvan rəssamlıq sənətinin zəngin tarixi haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələrilə zənginləşdirmişdir. Sovet hakimiyyəti dövründə diqqətdən kənarda qalan Naxçıvan rəssamlığı yalnız dahi lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Məhz ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilat əsasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır.
Məruzədə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti, muxtar respublika rəssamları qarşısında açılan geniş üfüqlərdən, dövlət qayğısından bəhs olunmuşdur.
Konfransda Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalovanın məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, yaradılan hərtərəfli şərait muxtar respublika rəssamlarına daha böyük şövqlə yaratmağa stimul verir.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR