Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bu sahədə muxtar respublikada kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
2015-2016-cı tədris ilindən fəaliyyətə başlayan liseydə yaradılan əlverişli şəraitin və tədrisin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, artıq 5 ildir, liseyin məzunları qəbul səviyyəsinə görə 100 faiz nəticə göstərir. Həmçinin liseyin şagirdləri istər muxtar respublika, istərsə də ölkə səviyyəli olimpiada, şahmat, idman və digər müxtəlif yarışlarda yüksək nəticələr əldə edib ön sıraları tutmalarına görə seçilirlər.
Liseyin direktoru Çingiz Rzayev deyir ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə istifadəyə verilən 19 sinif otağı, 3 laboratoriya otağı, 3 elektron lövhəli sinif, 2 kompüter otağı, STEAM, Robotexnika, Mental-Aritmetika, şahmat otaqları, bununla yanaşı, akt zalı, kitabxana, hərbi kabinə, idman zalı, tennis otaqları və minimeydança şagirdlərin bilik və bacarıqlarını artırmaları ilə yanaşı, asudə vaxtlarının da səmərəli təşkilinə geniş şərait yaradır.
Liseyin geniş və zəngin kitabxanası 4 min 110 dərslik və 2 min 524 bədii ədəbiyyat olmaqla, 6 min 634 kitab və eyni zamanda elektron dərsliklərlə zənginləşdirilərək şagirdlərin istifadəsinə verilib. Burada şagirdlər öz biliklərini artırmaq, mütaliə etməklə elmlərə daha dərindən yiyələnmək və nitq mədəniyyətlərinin inkişafı üçün kitabxananın imkanlarından lazımınca istifadə edirlər. Hazırda liseydə 255 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim və 11 tərbiyəçi məşğul olur. Liseyin dəqiq elmlər üzrə təmayüllü olması burada dərs deyən riyaziyyat və fizika müəllimlərinin məsuliyyətini daha da artırır.
Liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar oxuyurlar. Burada şagirdlər dövlət hesabına təhsil almaqla yanaşı, yataqxana və yüksəkkeyfiyyətli yeməklə təmin edilirlər.
Liseyin lazımi avadanlıqlarla təmin edilən 273 yerlik yataqxana binasında da şagirdlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Belə ki, yataqxananın hər mərtəbəsinin foyesində yerli televiziya kanallarına çıxışı olan televizorlar və maraqlı bədii kitablarla təchiz olunmuş kitab rəfləri də şagirdlərin istirahət vaxtı məşğuliyyətləri üçün nəzərdə tutulmuşdur. Yataqxana binasında 3 və 5 yerlik olmaqla, 87 otaq, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, camaşırxana və hər mərtəbədə istirahət otaqları var.
Liseydə təhsil iki pillədə – ümumi orta və tam orta təhsil pillələrində aparılır. Həmçinin burada təhsil alan istedadlı şagirdlər fizika və riyaziyyat fənləri üzrə yüksək səviyyədə hazırlıqla təmin edilirlər.
Liseyi son 5 ildə 102 məzun bitirmişdir. Məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır. 36 məzunun göstəricisi isə 500-700 bal intervalında olmuşdur. Məzunlardan 4-ü “Qızıl”, 1-i “Gümüş” nişanla, 15-i isə fərqlənmə attestatı ilə məktəbi bitirmişdir. Cari tədris ilində liseydən 33 şagird məzun olacaqdır.
Liseyin X sinif şagirdi Nicat Əlizadə təhsil aldığı lisey haqqında təəssüratlarını belə ifadə edir: “Burada bizim həm təhsil almağımız, həm də qalmağımız üçün hər cür şərait yaradılıb. Eyni zamanda müəllimlərimiz bizə yüksək səviyyədə dərs keçirlər. Axırıncı sınaq imtahanında 627 bal toplamışam. Bununla yanaşı, Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə I yerə layiq görülərək “Qızıl” medalla təltif edilmişəm. Bu nailiyyətləri əldə etməyimin əsas səbəbi liseydəki bizə yaradılan şərait və verilən yüksək səviyyəli təhsildir. İnanıram ki, müəllimlərimin köməyi ilə qəbul imtahanlarına daha yaxşı hazırlaşaraq yüksək balla ali məktəbə qəbul olacağam.
Liseyin Uşaq Birliyi Təşkilatının rəhbəri və eyni zamanda biologiya müəllimi Xanım Fərəcova deyir ki, burada istər dərs zamanı, istərsə də məşğələ saatlarında həm şagirdlərin təhsilinə, həm də asudə vaxtlarının düzgün təşkilinə xüsusi diqqət yetirilir. Tərbiyəçi müəllimlərin nəzarəti altında futbol, tennis, şahmat, voleybol, basketbol və digər idman növləri üzrə yarışlar təşkil olunur. Eyni zamanda liseydə müxtəlif bilik yarışları və viktorinalar keçirilir. Qabaqcıl şagirdlər diplom və hədiyyələrlə təltif edilir. Bununla yanaşı, quraşdırılan elektron lövhələr, laboratoriya otaqları bizə imkan verir ki, fənləri şagirdlərə əyani şəkildə izah edək və bütün imtahan və yarışlarda yüksək nəticələrə nail olaq.
Liseydə təhsil almaq üçün hər keçən il müraciət edən şagirdlərin sayı artmaqdadır. Liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Qeyd edək ki, hazırda liseyə 2021-2022-ci tədris ili üzrə şagird qəbuluna başlanılıb. Sənəd qəbulu 2021-ci il aprelin 1-dən mayın 25-dək davam edəcəkdir. 10 iyun 2021-ci il tarixdə test formatında keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Ümid edirik ki, yeni tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil almaq istəyən istedadlı şagirdlər müsabiqədə fəal iştirak edəcəklər.
Ülviyyə HACIYEVA