22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qarşıya bir çox sahələrlə yanaşı, muxtar respublikamızda qızılgül sahələrinin genişlənməsi, sahələrdən keyfiyyətli məhsul istehsalı, emalı və ixrac olunması barədə mühüm vəzifələr qoyulub. Artıq həmin vəzifələrin icrasına başlanılıb. Belə ki, əvvəlki illərdə əkilən sahələrə aqrotexniki qulluq işləri aparılır, yeni əkinlər həyata keçirilir.

 

Qızılgül gül-çiçəklilər fəsiləsinə aiddir. Çox qədim zamanlardan başlayaraq insanlar yabanı halda bitən qızılgülləri toplayaraq rənglərinə, ətrinə görə seçərək hazırda gördüyümüz mədəni qızılgüllərin növ, sort və formalarını əldə ediblər. Başqa bitkilər kimi, hazırkı qızılgüllər də xalq seleksiyasının məhsullarıdır.
Ədəbiyyat məlumatlarına əsasən qızılgül mədəni halda ilk dəfə Yaxın Şərqdə becərilib. Kiçik Asiyadan Yunanıstana, oradan da Misirə və Romaya yayılıb. Romalılar qızılgülə olan tələbatı görərək onu sənaye istiqamətində becərmişlər. XVI əsrdə isə Hollandiyada sənaye üsulu tətbiq edilib. Sonradan seleksiya və toxumçuluq elm sahəsi kimi inkişaf etdikcə qızılgülün müxtəlif növ və formaları da yaradılmağa başlanılıb. Damas qızılgülü ilə Cənubi Asiya qızılgüllərinin tozlandırılması nəticəsində remontant damas qızılgülü alınıb. Remontant qızılgül növü ilin bütün fəsillərində gülaçma xüsusiyyəti ilə seçilir.

Qızılgüldən ətriyyatda, konserv sənayesində, ətirli çayların hazırlanmasında, təbabətdə geniş istifadə edilir. 1250-1300 kiloqram qızılgüldən 1 kiloqram qızılgül yağı alınır və ətriyyat sənayesində geniş istifadə olunur. Bundan başqa, qızılgüldən gül mürəbbəsi, gülqənd, gül suyu, gülab hazırlanaraq kulinariyada istifadə edilir.
Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır. Bu gülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı təsirə malikdir və ürəyi, sinirləri qoruyan bitkidir. Bundan başqa, qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış yağlardan, dəmləmələrdən çox geniş istifadə edilib. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır. Ürək-damar sisteminə çox müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır. Kosmetologiyada çox geniş istifadə olunur – dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir.
Qızılgüllər toxum və vegetativ üsullarla artırılır. Toxumla artırma effektli nəticə vermir. Bu üsuldan yeni hibridlərin alınmasında və calaqaltı materialın yetişdirilməsində istifadə olunur. Vegetativ üsulla artırma daha əlverişlidir. Bu üsulla artırmada kolların bölünməsindən istifadə edilir. Kolların bölünməsi ən sadə üsuldur. Erkən yazda qızılgül kolları qazılıb çıxarılır, sonra iti bağ qayçısı ilə gövdələr köklərlə birlikdə kəsilib ayrılır və yerüstü hissəsi 3-4 tumurcuğa kəsilərək əkilir. Kökdən çıxan pöhrələr ana koldan iti bel ilə ayrılır, yerüstü hissəsi 3-4 tumurcuğa kəsilərək əkilir. Qızılgül kollarının 0,5 santimetrdən artıq diametri olan zədələnməmiş kökləri 3-5 santimetr uzunluqda kəsilir. 4-5 santimetr dərinlikdə şırım açılaraq üfüqi vəziyyətdə şırımın dibinə düzülüb üstü torpaqla örtülür. Növbəti il köklərdən çıxmış bitkilər qazılıb çıxarılaraq daimi yerinə əkilir.
Yadda saxlamaq lazımdır ki, yuxarıda qeyd olunan çoxaltma üsullarını calaq edilmiş qızılgüllərə tətbiq etmək düz deyil. Çünki calaqaltılar müxtəlif olur.
Odunlaşmış çubuqlarla çoxaltma üsulu çox geniş yayılıb. Bu məqsədlə 0,3-0,8 millimetr diametrdə, 12-15 santimetr uzunluqda sağlam çubuqlar kəsilərək bir-birindən 12-15 santimetr aralı 1-2 göz torpaq səthində qalmaqla əkilir. Normal aqrotexniki qulluq şəraitində yazda əkilmiş çubuqlar payızın sonuna kök əmələ gətirir. Çox qiymətli qızılgüllərin çubuqları bu qayda ilə, demək olar ki, heç kök vermir. Belə güllər calaq üsulu ilə çoxaldılır.
Yaşıl çubuqlarla çoxaltmada yeni əmələ gəlmiş, oduncağı kövrək bərkimiş çubuqlardan istifadə olunur. Bu üsuldan əkin materialına çox ehtiyac olduqda istixanalarda istifadə etmək məqsədəuyğundur.
Calaq üsulu ilə artırma da çox geniş yayılıb. Əsasən, həmərsin toxumlarından yetişdirilmiş toxmacarlara istənilən qızılgüldən calaq vurulur. Yuxarıda qeyd edilən artırma üsulları ilə əldə olunmuş güllərə də bu üsulla calaq vurmaq olar. Göz calağı vurmağın ən yaxşı müddəti iyun ayının üçüncü ongünlüyündən sentyabr ayının 15-nə qədərdir.
Qızılgülün budanması çox diqqət tələb edən aqrotexniki tədbirdir. Hər sortun bioloji xüsusiyyətlərinə və təsərrüfat məqsədinə, istiqamətinə görə budama qaydaları mövcuddur. Erkən yazda qızılgül kollarında, əsasən, dərin budama aparılır. Bu qayda ilə kolda qüvvətli düzgövdəli, sağlam və iri gül açan zoğlar əmələ gətirmək olar.
Muxtar respublikamızda bu bitkinin əkilib-becərilməsi üçün bütün imkanlar mövcuddur. İllərdir ki, bu sahədə təcrübə qazanmış insanlar qızılgülün əkilməsi, becərilməsi, ondan istifadə etmək üsullarını yaxşı bilirlər. Adıçəkilən sərəncam isə muxtar respublikada qızılgülün daha geniş coğrafiyada əkilib-becərilməsinə təkan verir.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR