Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı univеrsitеtin rektoru Elbrus İsayev açıb.
“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli qeyd edib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem olduğunuvə bütün proseslərlə əlaqəli olduğunu deyir. Bildirilib ki, dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.
“Covid 19: Azərbaycanın antiviral bitkiləri” adlı çıxışında - AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva ölkəmizin zəngin bitki örtüyünə malik olduğunu bildirib. Müasir dövrdə 1500-ə qədər dərman bitkisinin olduğunu diqqətə çatdıran professor vurğulayıb ki, bu dərman bitkilərinin 60 növü antiviral xüsusiyyətə malikdir.
AMEA Genetik Ehtiyatlar İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Qurbanov “Kəskin respirator virus infeksiyalarının fitoterapiyası”, universitetin Ümumi təbabət və kliniki fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “Hirudoterapiya və onun effektivliyi” mözularında məruzə ediblər.
Konfrans “Fitoterapiya ilə müalicə metodları”, “Ümumi təbabət” adlı iki bölmədə davam edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi