23 Dekabr 2024, Bazar ertəsi

Axşam düşüb qaranlıq çöksə də onlara getməmiş, onun həyat hekayəsini dinləməmiş ezamiyyətdə olduğum Şərur rayonundan ayrılmaq fikrində deyiləm. Xanlıqlar kəndi böyük kənddir amma kimdən soraq alsaq, şəhid Lətifin ocağını bizə nişan verəcək deyər kəndin işıqlı küçələri ilə irəliləyirik. Yolu keçən bir gənc diqqətimizi çəkir, avtomobili saxlayır, ondan şəhid ocağının yerini soruşur, bizimlə birlikdə getməsini rica edirik. Öyrənirik ki, bu gənc Lətifin yaxın dostu imiş. Osman Həsənov uşaqlıqdan Lətiflə qardaş kimi olduğunu deyir:

 – Onunla birgə olub həmişə hər işimiz, eyni məktəbdə təhsil alıb həmişə bir yerdə olmuşuq. Orduya yazılmamışdan əvvəl birgə işləyirdik. O, heç vaxt heç kimin xətrinə dəyməzdi. Həmişə harda köməyə ehtiyac duyan birini görsə, əl tutardı. Ailəsinə çox bağlı idi. Hərbçi olmaq arzusu çoxdan var idi, imkan düşən kimi orduya yazılacağam deyirdi. Müddətdən artıq hərbi xidmətçi olmaq üçün müraciət etmişdi. “Hə” cavabı gələndə sevincinin həddi yox idi. Bir neçə ay idi ki, Vətənə xidmət kimi şərəfli bir peşənin sahibi olmuşdu... Vətən müharibəsinə gedəndə kənddə görüşdük gülə-güllə getdi döyüşə. Füzulinin azad edildiyi döyüşlərdə şəhid olduğu xəbərini eşidəndə bütün dostları onun qisasını almağa can atırdı. Elə bir oğul idi Lətif min oğula bərabər. O, elə bir zirvəyə yüksəldi ki, daim yaşayacaq. Hər birimiz onun çatdığı zirvəyə can atırıq.

Osmanın bələdçiliyi ilə üçrəngli bayrağın dalğalandığı daha bir ocağa – igid Vətən oğlu Lətif Əliyevin evinə çatırıq. Yollara dikilən gözlərinə əbədi həsrət çökən Nigar ana qarşılayır bizi. Qəhrəmanın anası. İgid, aslan böyüdən bir qadın. Qəhrəman Azərbaycan qadınları var olduqca daha neçə Lətiflər gələcək dünyaya deyirəm, ay ana. Nigar ana qürurlu, səbirli, əsl azərbaycanlı anasıdı. Deyir ki, dərdim dünyadan böyükdür, amma bu dərd ellə gəlib. Elimizin illərdir qanayan yarasına dərman oldu övladlarımız. Hərəmiz bir tərəfə çəkilib oğlumuzu gizlətsə idik kim gedib alacaqdı o yurdu-yuvanı. İllərdir bir qolumuz yox idi sanki. Balalarımızı Uca Tanrı öz süfrəsinə layiq bildi. Onlar xalqımızı böyük bir bəladan qurtardı. Oğlumun ayaq basdığı o torpağa can qurbandı.

O elə bil hiss edirdi geri dönə bilməyəcəyini. Gedən günü mənim ad günüm idi. Tort hazırladıb mənim üçün. Gətirib gizlincə gəlinə verib, bərk-bərk də tapşırıb ki, anamı qoyma sıxılsın. Bu gün onun ad günüdür, mən getməliyəm siz ananın ad gününü qeyd edin. Həmin gün ad günümü qeyd etsək də könlüm heç açılmadı. O, Bakıya çatan kimi zəng vurdu, “yaxşıyam” dedi. O qədər düşüncəli idi mənim balam döyüşə getdiyini bilməyim deyə, hər dəfə danışanda şux səslə: “Anam yaxşıyam sən nigaran olma”, – deyirdi. Həmişə hamını düşünərdi, heç kim narahat olsun istəməzdi, bir ilə yaxın idi ki, hərbçi olmuşdu, səhər tezdən qalxıb işə gedəndə qıymazdı ki, mən oyanım. Sakitcə gedərdi heç kim bilməzdi. Elə döyüşə də sakit, səssizcə getdi. Qayıdanda bütün Naxçıvan qalxdı ayağa. Balalarımıza təkcə ailəsi yox, bütün Naxçıvan ağladı, bütün Naxçıvan qürur duydu onlarla. Analarının südü halal olsun igid balalarımıza ki, onlar bütün xəyallarını bir zəfərə qurban verdilər.

Qəhrəmanın atası Oruc əmi:

– Tez-tez gedirəm Şəhidlər xiyabanına baxıram orada əbədiyyətə qovuşan oğulların yan-yana duran məzarlarına. Öz-özümə deyirəm ki, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün yenidən dirilə bilməz. Vətən üçün, torpaq millət üçün şəhid olanlar bir ölüb min dirilər. Otuz il bundan əvvəl ermənilər” Sədərəyə hücum edəndə heç kim” mən orada doğulmamışam niyə orada döyüşüm, demədi, harada yaşamasından, kim olduğundan asılı olmayaraq, hamımız döyüşün ən qaynar nöqtələrinə getdik. Vətən torpağının kəndi, şəhəri yoxdur. Bu torpaq hamımızındır. Bu gün oğullarımız gedib o yurd-yuvanı geri almasalardı nəvələrimiz getməli idilər. Bu bəla nəsildən-nəslə ötürüldükcə daha da böyüyəcəkdi. Lətiflə bərabər çox oğullar qələbə ümidi ilə üz tutdu Qarabağa. Elin-obanın üzünü öz canları bahasına güldürdülər, Qələbə sevinci yaşatdılar xalqımıza. Şükür ki, o canlar hədər yerə qurban getmədi. Oğullarımız düşmənə elə bir zərbə vurdu ki, çətin ki, onlar bir də dirçələ bilə. Onların igidliyi dünyaya səs saldı. Qəhrəmanlıqları dövlət başçısı tərəfindən qiymətləndirildi. Ali Baş Komandanın sərəncamı ilə oğlum da “Vətən uğrunda” medalına layiq görülüb. Mən bir şəhid atası kimi dövlət başçısına minnətdarlığımı bildirirəm.

Bir neçə dəqiqədir, bu ocaqda olmağımıza baxmayaraq özümü bu ailəyə o qədər yaxın hiss edirəm ki, sanki illərdir Lətif və ailəsi ilə doğma olmuşam. Deyirlər, axı şəhidin yadı olmur. Oğul bir evdə dünyaya gəlir bir ailənin övladı olur. Şəhid isə el üçün öz canından keçir, Vətənin oğlu olur. Vətən ancaq uğrunda canını, xəyallarını fəda edən oğullara oğul deyir. Vətən üçün min canı olsa, verə biləcək oğullara. Çünki Vətən həmişə şəhidləri ilə var olub. Çünki bu gün başımızın üzərində şərəflə dalğalanan bayraq Vətənin oğul dediyi igidlərin canı bahasına ucalır. Neçə ki, bu Vətən var necə ki, Azərbaycan xalqı var, Lətif kimi oğullar da ürəyimizin başında yaşayacaq.

 Ramiyyə ƏKBƏROVA

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR