23 Dekabr 2024, Bazar ertəsi

Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Çünki bütün bunlar insanda ən ali keyfiyyət olan vətənpərvərlik hisslərinin formalaşdırılmasında, gücləndirilməsində başlıca amildir. Vətənpərvərlik isə insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

 

Tarix bizə belə deməyə əsas verir ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır. Və istənilən siyasi şəraitdə bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Onların yetişdirilməsi bu gün muxtar respublikamızın orta ümumtəhsil məktəblərində aparılan hərbi-vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir. Diyarımızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən muzeylərimizlə məktəblər arasında yaradılan interaktiv əlaqələr, distant dərslərin keçilməsi dediklərimizə sübutdur. Bu dərslər vasitəsilə şagirdlərə bir daha aşılanır ki, yaxın keçmişin acı təcrübəsi müstəmləkə siyasətinə xidmət edən, əslində, Azərbaycan xalqına müsibətlər gətirən “beynəlmiləlçilik tərbiyəsi” antitürk siyasətinin tərkib hissəsi olub. Buna görə də interaktiv dərslərdə o da qeyd edilir ki, rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.
Onu da qeyd etmək yerinə düşər ki, keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar.

Məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Hərbi-vətənpərvərlik tərbiyəsini, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki Vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motivi və ideyasıdır.
Bu baxımdan orta məktəblərdə tədris olunan Gənclərin çağırışaqədərki hazırlığı fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisinin əsas məqsədi, birinci növbədə, gəncləri ölkənin müdafiəsinə psixoloji cəhətdən hazırlamaqdır. Bu isə gənc­lərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır. Ötən tədris ilində keçirilən ali məktəblərə qəbul imtahanlarında muxtar respublikanın ayrı-ayrı məktəblərinin məzunları xüsusi təyinatlı ali məktəblərin tələbəsi adını qazanıb, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunanların da sayı artıb. Bu da onunla bağlıdır ki, məktəblərdə həmin fənnin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət yetirilir, hərbi rəhbərlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyi əsasında məktəblərdə dərs demək hüququ qazanırlar.
Məktəblilər arasında hərbi idman oyunlarının keçirilməsi də yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. Bu oyunlarda qazanılan təcrübə isə ölkə miqyasındakı yarışlarda öz sözünü deyir. Buna misal kimi deyə bilərik ki, ölkə miqyasında keçirilən hərbi-idman oyunlarında Naxçıvan məktəbliləri də fəal iştirak edir, ön yerlərə sahib çıxır, muxtar respublikaya mükafatlarla qayıdırlar. Sevindirici haldır ki, bu yarışlarda fəal iştirak edən şagirdlərdə cəsarətlilik, cəldlik, mübarizlik, qələbə qazanmaq uğrunda iradə möhkəmliyi təmin olunur. Ona görə də belə oyunların məktəblərdə mütəmadi olaraq təşkilinə xüsusi diqqət yetirilir. Bu işdə Gənclər və İdman, Təhsil nazirliklərinin, idman federasiyalarının fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması da diqqətəlayiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı, qızların da iştirakı təmin edilir ki, bu da təqdirolunasıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Gənclərin çağırışaqədərki hazırlığı dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi bu işdə əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər.
Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması da yeniyetmələrin formalaşmasında, onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan məktəblərin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Bu vəzifələrin yerinə yetirilməsi ilə son dövrlərdə məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi xeyli yüksəlib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.
Bu gün Gənclərin çağırışaqədərki hazırlığı dərslərinə cəlb edilən hər bir yuxarı sinif şagirdi yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin yüzlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən yumruqdur. Ona görə də xalqımız öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir.
Ötən il sentyabr ayının 27-də başlanan Vətən müharibəsində ordumuzun qazandığı Böyük Qələbədə başlıca səbəblərdən biri məhz onun sıralarında belə qəhrəman və vətənpərvər övladların olması idi. Bu gün qürur hissi duyuruq ki, azadlıq mücadiləsində naxçıvanlı gənclər də az deyildi. Onların yüzdən çoxu şəhidlik zirvəsinə ucaldı, bir qismi isə qazi ömrü yaşayır. Belə igidlərimizin keçdiyi şərəfli ömür və döyüş yolları bugünkü məktəblilər üçün bir örnək, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində nümunədir.

Cavanşir ZEYNALLI
Naxçıvan Dövlət Universitetinin baş müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR