22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsini şərtləndirir. Bu strategiyanın əsas hədəfi olan vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişaf etdirilməsi, müasir müəssisələrin açılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və digər istiqamətlər üzrə sistemli tədbirlər həyata keçirilmişdir. 

Bunun nəticəsində hazırda ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 66,5 dəfə, hər nəfərə düşən ümumi daxili məhsulun həcmi 47,8 dəfə, sənaye məhsulunun həcmi 113,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 341,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 13,9, nəqliyyat sektorunda yük daşınması 26,5, informasiya və rabitə xidmətlərinin həcmi 132, pərakəndə əmtəə dövriyyəsi 47,6, əhaliyə göstərilən pullu xidmətlər 63,4, xarici ticarət dövriyyəsinin həcmi 26,8, əhalinin gəlirləri 60,7, hər bir nəfərə düşən gəlirlər 44,1, ortaaylıq əməkhaqqı isə 33,7 dəfə artmışdır.

Muxtar respublikanın sosial-iqtisadi inkişafında məqsədli Dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Diyarımızın sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində zəruri infra­struktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Muxtar respublika rəhbərinin rayonlarda müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar tarazlı inkişafın təmin edilməsində müstəsna rol oynamışdır. Belə ki, 1995-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 3 milyon 49 min manat idisə, bu göstərici ötən müddət ərzində 341,4 dəfə artaraq 2020-ci ildə 1 milyard 41 milyon 17 min manatdan artıq təşkil etmişdir. Ümumilikdə, son illər ərzində muxtar respublika iqtisadiyyatına 11,7 milyard manatdan artıq investisiya yönəldilmişdir. Bu investisiyanın sərfi nəticəsində 418 elm və təhsil, 306 səhiyyə, 543 mədəniyyət, 622 inzibati bina, 187 körpü, 173 nasos stansiyası, 435 subartezian quyusu tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bununla yanaşı, min kilometrlərlə müasir səviyyəli yollar və yol qovşaqları tikilmiş, elektrik stansiyaları, su anbarları və digər infrastruktur obyektləri istifadəyə verilmişdir ki, bütün bunlar muxtar respublikanın iqtisadi qüdrətinin artmasına öz töhfəsini verir.

Muxtar respublikanın hərtərəfli iqtisadi inkişafında sənaye sahələrinin genişləndirilməsinin mühüm rolu vardır. Sənaye məhsulunun həcminə görə ölkəmizin iqtisadi rayonları arasında öncül yerlərdən birini tutan Naxçıvanda bu sahə yüksək gəlirliliyi ilə seçilir. Məhz buna görə də diyarımızın gələcək inkişafı üçün sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması dövlət siyasətinin əsas məqsədlərindəndir. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərmiş, 2020-ci ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min 900 manat olmuş, sənayedə özəl sektorun payı isə 93,4 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir. 2020-ci ildə 138 layihə üzrə istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 42 layihənin icrası davam etdirilmişdir.
Görülən işlər nəticəsində muxtar respublikada yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılmış, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlamışdır. Belə ki, fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Avtomobil Zavodu” MMC, yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu və “Naxçıvan Duz İstehsalı” MMC üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın tikintisi, qaynaq çubuğu, su əsaslı boya sahəsinin yaradılması sənaye sektorunda ixracın artırılması istiqаmətində həyata keçirilən tədbirlərdəndir.
2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyaların tətbiqi ilə Naxçıvan şəhərində avtomobil istehsalı sahəsinin genişləndirilməsinə, enerji içkisi istehsalı sahəsinə, su taralarının, kapsul və qapaq sahəsinə, plastik məmulatların istehsalına və digər sənaye sahələrinə, ümumilikdə, 11 milyon 798 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da 2019-cu illə müqayisədə 29 faiz çoxdur.

Bu gün muxtar respublika əhalisinin ərzaqla təminatı, əsasən, yerli məhsullar, daxili bazar hesabına ödənilir. Muxtar respublikada 127 növdə 608 çeşiddə ərzaq, 257 növdə 925 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün əlverişli şərait yaradılmışdır.
Muxtar respublikada kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə atılan mühüm addımlardan biri muxtar respublikanın ən böyük rayonlarından olan Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Bu da gələcəkdə həmin rayonda innovativ və yüksək texnologiyalar əsasında müasir sənayenin inkişafına təkan verəcək, özəl sektorun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunun artmasına imkan yaradacaqdır.
Muxtar respublikada qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin inkişafına da böyük diqqət göstərilir. Bu məqsədlə Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin qurulması, həmçinin yaradılması davam etdirilən Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməklə idxaldan asılılığı aradan qaldıracaqdır. Muxtar respublikanın sosial-iqtisadi strategiyasının əsasını təşkil edən sənayenin inkişaf dinamikası diyarımızın tərəqqisinə bundan sonra da öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR