1995-ci il noyabrın 15-də YUNESKO Parisdə keçirilən 28-ci sessiyasında aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Ölkəmizdə 1997-ci ildən etibarən hər il aprel ayının 23-ü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Bu günün ölkəmizdə qeyd olunmasında əsas məqsəd kitabların insan həyatındakı önəmini, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, eləcə də davamlı iqtisadi inkişaf və informasiya cəmiyyətinin formalaşması üçün zəngin mütaliə ilə bilik əldə etməyin əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan ehtiramı nümayiş etdirmək, həmçinin diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü insanları, xüsusən gənc nəsli kitab oxumağa, bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əvəzedilməz əməyinə hörmət edilməsinə çağırış kimi də dəyərləndirilir.
“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, o cümlədən kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görmüşdür. Ulu öndərin qayğısı ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara qayğı və diqqət artırılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ümummilli liderin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi bu sahənin inkişafına öz təsirini göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olmuşdur. Bu gün xalqımızın tarixi, mədəniyyəti, folkloru, ədəbiyyatı, musiqisi, muğamları, yallıları, memarlığı, milli mətbəxi, geyimləri, mədəni irsi haqqında bir-birindən maraqlı kitablar nəşr olunur, məqsədyönlü tədbirlər həyata keçirilir. Xalqımızın minillərboyu yaratdığı zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Ötən il YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə şərait yaratmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir.
Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunun göstəricisidir. Muxtar respublikanın paytaxtında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Ötən il muxtar respublikanın mədəniyyət ocaqlarına 2 minə yaxın kitab və çap məhsulu daxil olmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağının artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan muzeyləri”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Pedaqoji fikir tarixindən”, “Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri”, “Yallılar dünəndən bu günə”, “Ərtoğrol Cavid – 100. Natamam ömrün 100 illik təntənəsi”, “Məmməd Məmmədov – 100” və başqa kitablar tariximizin və milli dəyərlərimizin, eləcə də ədəbi şəxsiyyətlərimizin həyat və yaradıcılığının öyrənilməsində əvəzsiz rola malik dəyərli mənbələrdir.
Uşaq və gənclərdə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
Nəsillərin, sanki bir-birinə vəsiyyəti olan kitablar bəşəriyyətin mənəvi qidası kimi bütün zamanlarda gərəkli olacaq, tərəqqi və intibaha xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti