23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Belə ki, “Tələbə yataqxanalarından istifadə Qaydaları”, “Tələbə yataqxanalarında yaşayış sahəsinin kirayə müqaviləsinin Nümunəvi Forması” və “Tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği” təsdiq edilmişdir. Müvafiq qaydalara əsasən tələbələr yataqxanaya tələbə ilə yataqxana müdiriyyəti arasında bağlanan kirayə müqaviləsi əsasında yerləşdirilirlər və bu məqsədlə növbəti dərs ili başlayanadək yataqxanada yaşamaq istəyən tələbələrin qeydiyyatı aparılmalıdır.

Eyni zamanda Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilmişdir. Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda edilmiş dəyişikliyə görə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün zəruri olan sənədlər müəyyən olunmuşdur.
Nazirlər Kabinetinin 2021-ci il 1 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nda və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda, 5 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı bəzi qərarlarda dəyişikliklər edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 2 aprel tarixli Qərarı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”, 5 aprel tarixli Qərarı ilə “Məhkum edilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı”, “Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları” təsdiq edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 7 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”, “Naxçıvan Muxtar Respublikasında əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” və “Naxçıvan Muxtar Respublikasında əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilmişdir. Müvafiq qaydalara əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri qanunvericiliyə əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir.
Nazirlər Kabinetinin 9 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə və “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.
Həmçinin “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə, məhsul istehsalına, toxum və ting satışına görə verilən subsidiya əmsallarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 dekabr tarixli 176 nömrəli Qərarında dəyişiklik edilmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalına əkin sahəsinə görə verilən subsidiyalarda müvafiq dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən təkrar əkinlər üçün də əkin subsidiyası müəyyən olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel tarixli 96 nömrəli Qərarı ilə koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin ödənilməsi iyun ayının 1-dək müəyyən edilmişdir.
Həmin tarixdə “Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən texniki-təmir obyektləri hərəkətə maneə olmadan avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət zonalarından, təhsil və səhiyyə müəssisələrindən mövcud normalara uyğun məsafədə olmalıdır. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız qapalı, qeyri-yaşayış sahələrində göstərilə bilər. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir obyektlərinin işçiləri texnoloji prosesin tələblərinə müvafiq ixtisaslaşmaya malik olmalı, onların ixtisası təlim və ya təhsil haqqında sertifikatla təsdiqlənməlidir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR