29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “İlkin tibbi yardım” mövzusunda elmi-praktik seminar keçirilib.
Muxtar respublika səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sisteminə göstərilən dövlət qayğısı nəticəsində bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirildiyini, infrastrukturun yenidən qurulduğunu, bunun da təxirəsalınmaz tibbi yardım sahəsində mühüm irəliləyişlərə şərait yaratdığını bildirib. Qeyd edib ki, ilkin tibbi yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər insan həyatının xilas olunması və ya onun vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması məqsədilə hadisə yerində mövcud imkanlarla edilən ilk müdaxilədir. Hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatının xilas edilməsində və sağlamlığının bərpa olunmasında xəstəyə göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili göstərilməlidir. Bu yardımın məqsədi həyati təhlükəni ortadan qaldırmaq, həyati funksiyaların davam etdirilməsini təmin etmək, xəstənin vəziyyətinin pisləşməsinə imkan verməmək, yaxşılaşmanı asanlaşdırmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-anestezioloq-reanimotoloqu Fəxriyyə Məmmədova terminal vəziyyət, onun dəyərləndirilməsi, ilkin intensiv reanimasiya tədbirləri, ürək masajı, süni tənəffüsvermə, defibrilyasiyaya göstərişlər və onların aparılması qaydaları barədə məlumat verib.
Sonra xəstəxananın həkim-travmatoloqu Adil Məmmədov “Yaralanmalar zamanı ilkin tibbi yardım və sarğının qoyulma qaydaları”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-anestezioloq-reanimotoloqu Habil Vəliyev “Qanaxmalar, onların differensasiyası, qanaxmalar zamanı ilkin tibbi yardım” mövzularında məruzələr ediblər.
İlkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub. Sonra dinləyiciləri maraqlandıran suallar ­cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov seminara yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR