29 Aprel 2024, Bazar ertəsi

Son günlər havalar həddindən artıq isti keçir. İqlimin birdən-birə belə istiləşməsi insanların sağlamlığına mənfi təsir göstərir. Bəzən istinin təsirindən qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların yaranmasına səbəb ola bilər. Bəs günvurmadan necə qorunmaq olar? Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili təxirəsalınmaz şöbəsinin müdiri Pəri Əliyeva ilə söhbətimiz bu mövzudadır.

– Pəri həkim, muxtar respublikamızda yay mövsümündə qızmar hava şəraiti ilə rastlaşırıq. Hər il günvurma halları ilə bağlı şöbənizə müraciət edənlər olur. Bəs bu il vəziyyət necədir?
– Bu yay artıq Naxçıvan Muxtar Respublika Xəstəxanasına 8 nəfər günvurma ilə əlaqədar müraciət edib. Ambulator müalicədən sonra onlar sağalaraq evə buraxılıblar. Bu, əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, yeni parkların salınması, gündən qorunma üçün avtobus dayanacaqlarının sərnişinlərin istifadəsinə verilməsi və digər amillərlə yanaşı, əhali arasında aparılan səhiyyə maarifi işi də günvurmanın azalmasında mühüm rol oynayır.

– İnsanların çoxu aktiv həyat tərzi yaşayır – işləyir, hardasa oxuyur və sair. Qısaca, yol gedib-gəlir, müəyyən zamanlarda Günəş şüasının təsirində olur. Təbii ki, bu da onlardan kiminsə həmin xəstəliklə üzləşməsinə gətirib çıxarır. Onu da bilmək istərdik ki, günvurma hallarına daha çox kimlər məruz qalır?
– Günvurma havanın hərarətinin insanın bədən temperaturundan yüksək olduğu hallarda, 15 dəqiqədən artıq birbaşa Günəş şüalarının təsiri altında qaldıqda baş verir. İnsan orqanizminin müəyyən özünümüdafiə funksiyaları var ki, bu funksiya uşaqlarda tam formalaşmadığı üçün onlar daha tez günvurmaya məruz qalırlar. Bundan əlavə, yaşlı insanlar, ürək-damar sistemi, şəkərli diabet xəstələri, artıq çəkisi olanlar, inşaatçılar, kənd təsərrüfatı işçiləri günvurmaya daha çox məruz qala­ bilərlər.
– İnsanlarda günvurma ilə əlaqədar hansı əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır?

– Günvurmanın əsas əlamətləri qızarmış sifət, dəhşətli başağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürəkbulanması, müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qan axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşayiət olunur.
Ümumiyyətlə, günvurmanın yüngül, orta və ağır olmaqla, 3 forması var. Yüngül formada xəstənin vəziyyəti kafi olur, onda başağrıları, başgicəllən­məsi, ürəkbulanma, təngnəfəslik, göz bəbəyinin genişlənməsi müşahidə edilir. Yüngül günvurmada xəstəyə ilkin yardım göstərildikdən, sərin yerə aparılaraq su verildikdən sonra o, özünə gəlir. Orta dərəcəli günvurma zamanı kəskin başağrıları, başgicəllənmə, huşun müvəqqəti itməsi, qusma, təzyiqin yüksəlməsi, temperaturun 39-40 dərəcəyə çatması, qulaq batması baş verir. Ağır formalı günvurma zamanı isə təzyiq aşağı düşür, bədənin hərarəti 40 dərəcədən yuxarı qalxır, tənəffüs sistemi, mərkəzi sinir sisteminin fəaliyyəti pozulur. Nəticədə, xəstə komaya düşə, dünyasını dəyişə bilər.
Orta və ağır dərəcəli günvurma zamanı mütləq, ilk növbədə, təcili tibbi yardıma müraciət etmək lazımdır. Təcili tibbi yardım briqadası gələnə qədər isə zərərçəkənə ilkin yardım göstərilməlidir. Bunun üçün günvurmaya məruz qalan şəxsi sərin, kölgəli yerə aparmaq, arxası üstə uzatmaq, paltarının yaxasını açmaq, bədənə soyuq kompres qoymaq, sərin su içirtmək lazımdır. Təcili yardım gəldikdə isə xəstəyə ixtisaslaşmış yardım göstərilməli, lazım gələrsə, xəstəxanaya aparılmalıdır.
– Bəs günvurmadan necə qorunmaq olar? Bununla bağlı insanlara hansı tövsiyələri verə bilərsiniz?
– Havanın hərarətinin yüksək olduğu günlərdə insanlar səhər saat 11-dən 17-dək açıq havada gəzməməlidirlər. Çünki bu zaman ultrabənövşəyi, infraqırmızı şüalarla təmasda oluruq. Günəş şüaları insan bədənində suyun buxarlanmasına gətirib çıxarır, maddələr mübadiləsi pozulur. Bu hal yarandıqda hətta zəif Günəş şüasının təsirindən də günvurma baş verə bilər. İnsanlar bol maye qəbul etməli, evdən çıxarkən mütləq baş örtüyü örtməli, eynək taxmalı, yüngül, əsasən, pambıq və kətan parçadan tikilmiş, açıqrəngli geyimlərə üstünlük verməlidirlər. Çünki açıqrəngli paltarlar Günəş şüalarını əks etdirir, tündrəngli geyimlər isə Günəş şüalarını udaraq bədənin hərarətinin artmasına səbəb olur. Kip paltarlardan, sintetik parçadan tikilmiş geyimlərdən qaçmaq lazımdır.
Günəşin ultrabənövşəyi şüalarının mənfi təsirindən qorunmaq üçün yay aylarında çimərliklərə səhər saat 11-ə qədər və axşam saat 17-dən sonra getmək olar.
– Bu fəsildə düzgün qidalanma insanların sağlamlığı üçün nə dərəcədə mühümdür?
– Bütün mövsümlərdə, xüsusən də isti yay günlərində düzgün qidalanmanın sağlamlığa təsiri önəmlidir. Belə ki, həmin dövrdə yüngül qidalar qəbul edilməli, göyərti və meyvə-tərəvəzə, quş ətindən hazırlanmış yeməklərə, müxtəlif növ salatlara üstünlük verilməlidir. Vitamin mənbəyi sayılan çiyələk, qarpız, gilas, ərik, şaftalı kimi meyvələr də çox yeyilməlidir. Qazlı içkilərlə müqayisədə təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək, süd, ayran, bitki və meyvə çayları içmək məqsədəuyğundur. Açıq satılan qidalardan və sulardan uzaq durmaq məsləhətdir. Yayda artan temperatur uşaqların maddələr mübadiləsinə birbaşa təsir göstərdiyindən onların da qidalanmasında köklü dəyişikliklər baş verir. Bu vaxt qidalanma zamanı alınan kalorilər bədənin temperaturunu isti saxlamaq üçün deyil, onu soyutmaq üçün sərf olunur. Uşaqların hərəkətliliyi vücudun maddələr mübadiləsini sürətləndirir.
Suyun əhəmiyyətli miqdarı bədəndən tərlə xaric olur. Onunla birlikdə duz da xaric olur. Uşağın kompot, su ilə həll edilmiş şirələrdən və nəhayət, adi sulardan (onların tərkibində mineral və duzlar var) istifadə edilməsi maye balansını düzgün saxlamağa kömək edər.
– Müsahibə üçün sağ olun!

 Fatma BABAYEVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR