29 Aprel 2024, Bazar ertəsi

Havaların isti keçməsi insanları bəzi çətinliklərlə qarşı-qarşıya qoyur. Belə vaxtlarda insanlar bəzən günvurma, bəzən də zəhərlənmədən xəstəxanalara müraciət edirlər. Ötən günlərdə qəzetimizin səhifələrində günvurma, ondan necə qorunmaq barədə oxucularımızı məlumatlandırmışdıq. Bu dəfə isə, xüsusilə də belə isti günlərdə təsadüf edilən qida zəhərlənmələri haqqında danışacağıq.

Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri hansılardır? Bundan necə qorunmaq olar? Və ən əsası nə üçün yay mövsümündə qida zəhərlənmələrinin sayı artır? İnsanları narahat edən bu və digər suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə üz tutduq. Mərkəzin Bakterioloji laboratoriyasının həkim-­laborantı Solmaz Təhməzova bu barədə danışaraq dedi ki, havalar isti keçdikdə müəyyən patogen mikroblar sürətlə çoxalır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda yayda bəzi mövsümi xarakterli yeməklər də zəhərlənmələrə səbəb ola bilər.
Həkim-laborantın sözlərinə görə, insanlar hər zaman eyni səbəbdən zəhərlənmir. Onlar müxtəlif bakteriyalara yoluxaraq zəhərlənirlər. Məsələn, bunlardan biri olan botulizm bakteriyaları qapalı mühitdə olan qidalarda artmağa başlayır ki, buna yoluxan insan vaxtında həkimə müraciət etməsə, zəhərlənmə hadisəsi ölümlə nəticələnə bilər. Bu halda xəstə qusma, çəpgörmə, mədə-bağırsaq sisteminin pozulması halları ilə rastlaşır. Adıçəkilən bakteriyalardan zəhərlənmə ən çox yayda müxtəlif tərəvəzlərdən, qışda isə turşulardan olur. Tərəvəzlər yaxşı yuyulmadan turşuya qoyularsa, bu, ciddi fəsadlar yaradır. Bunun üçün tərəvəzlər turşuya qoyulmamışdan əvvəl axar suda yaxşıca yuyulmalıdır. Qeyd edək ki, salmonellyoz bakteriyalarından da zəhərlənmə halları baş verir. Bu zaman xəstədə istilik qalxır, qusma, ishal halları müşahidə olunur. Bu cür zəhərlənmə insanın sinir sisteminə də mənfi təsir göstərir.

Solmaz həkim qeyd etdi ki, qida zəhərlənmələri baş verdiyi zaman xəstəxanalara müraciət edən xəstələrin bəziləri bu laboratoriyaya müraciət edir və onların hansı qidadan, hansı bakteriyalarla zəhərləndiyi müəyyənləşdirilir. Bundan sonra xəstə müalicə olunur.
Əlbəttə ki, sağlamlığımızın qeydinə qalmaq da bizim öz əlimizdədir. Bəzi qaydalara riayət edərək belə xoşagəlməz halların qarşısını ala bilərik. Qida zəhərlənmələrinə məruz qalmamaq üçün, ilk növbədə, tez xarab olan ərzaq məhsullarını soyuducuda saxlamalıyıq. Çiy ət, balıq və yumurta kimi qidalardan istifadədə son dərəcə ehtiyatlı olmaq, həmin məhsulları soyuducuda saxlamaq lazımdır. 2 saat ərzində soyuducudan kənarda qalan süd məhsullarından istifadə etmək olmaz.
Təmizlik sağlamlığın rəmzidir. Bütün mətbəx masalarını tez-tez silib təmizləməliyik. Meyvə və tərəvəzlərin istifadədən əvvəl yaxşıca yuyulması məsləhətdir. Yay dövründə tərkibində soda olan hazır məmulatlardan imtina edin, çünki onlar zərərli mikroorqanizmlərin bağırsaqlarda çoxalmasına imkan yaradır. İsti havada turş içkilərdən – limon suyu, kompot və sairdən istifadə etmək lazımdır. Turş mühit, bütovlükdə, bağırsaq infeksiyalarının yaranma riskini azaldır.
Mərkəzin baş həkim əvəzi Zakir Cəfərov isə qida zəhərlənmələrinin profilaktikası barədə danışaraq dedi ki, qida toksiki infeksiyaları kəskin kliniki gedişə malik infeksion xəstə­likdir. Törədicisi, adətən, insan orqanizmindən kənarda yaşayan şərti patogen bakteriyalarıdır. Toksiki infeksiyaların yaranma səbəbi, adətən, bəlli olmur, lakin streptokok və stafilokokk tərəfindən törədilən toksiki infeksiyalar aşkarlanır. Bu cür toksiki infeksiyalar əldə, bədənin müxtəlif sahələrində olan piodermiyalardan, stomatitlərdən və kəskin xroniki anginalardan sonra müşahidə olunur. Orqanizmdə mikroorqanizmlərin və onların eksotoksinlərinin həddindən artıq çoxalması xəstəliyin baş verməsinə səbəb olur. Qida toksiki infeksiyaları tək-tək və ya kütləvi xarakterli olur. Tək-tək toksiki infeksiyalar ilin bütün aylarında müşahidə oluna bilər. Kütləvi toksiki infeksiyalar isə, xüsusilə yay aylarında havaların isti keçdiyi günlərdə daha çox müşahidə olunur. Bu cür toksiki infeksiya halları ərzaq məhsulları düzgün saxlanılmadıqda, temperatur rejiminə əməl olunmadıqda yarana bilər.
Muxtar respublikamızda bu cür xəstəliklərin qarşısını almaq məqsədilə pərakəndə və topdansatış mərkəzlərində ərzaq məhsullarının satılmasına ciddi sanitar nəzarət edilir. Həmçinin bazarlarda ət kəsim məntəqələrində kəsilən heyvanların sağlam olmasına, ətin düzgün saxlanılmasına sanitar-gigiyenik nəzarət günbəgün artırılır.
İstənilən halda hər kəs özü-özünün həkimi olmalıdır. Buna görə də, qəbul etdiyimiz qidanın tərkibinə diqqət yetirməliyik ki, sonradan xoşagəlməz hallarla qarşılaşmayaq. Eyni zamanda hansı qidanı nə qədər yediyimizə də diqqət etməliyik. Həkimlər də qeyd edirlər ki, bəzən çox yemək də mədə-bağırsaq sisteminin pozulmasına, zəhərlənmələrə gətirib çıxara bilər. Dahi Nizaminin dediyi kimi: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Deyilənlərdən nəticə çıxararaq, isti yay günlərini sağlam başa vurmaq üçün hər birimiz düzgün qidalanmalıyıq.

 Fatma BABAYEVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR