29 Aprel 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadası iyunun 15-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya­ya start verib.
Bu tədbir ölkəmizin müxtəlif region­larında skrininq proqramı üzrə həyata keçirilir. Proqramın mahiyyəti xərçənglə mübarizə istiqamətində mərkəzin həm ölkə paytaxtında, həm də regionlarda qlobal miqyasda öz fəal iştirakını davam etdirməkdən ibarətdir. Ölkə rəhbərliyinin daim diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının davamlı inkişafı, yüksək texnologiyalara əsaslanan texniki bazasının təkmilləşdirilməsi, cərrahiyyə blokunda yaradılmış şərait, burada müasir tibbi avadanlıq, cihaz və aparatların qurulması ən mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Milli Onkologiya Mərkəzi əhaliyə tibbi xidmət göstərmək üçün artıq ikinci dəfədir ki, bu səhiyyə müəssisəsinin imkanlarından yararlanaraq onkoloji xəstələrin müayinə və müalicəsini təşkil edir.

Yüksəkixtisaslı həkim briqadası xəstəxanada ilk gün qalxanabənzər vəzi, invaziv diaqnostika, mammoloji, onko-ginekoloji, uşaq onkoloji, baş-boyun şişləri, ultrasəs, abdominal onkoloji müayinələr aparıb. İyunun 16-da isə müayinələrlə yanaşı, cərrahi əməliyyatlar da icra olunub. Mərkəzin professoru Əziz Əliyev tərəfindən uğurla icra olunan əməliyyatlardan sonra xəstələr palatalara yerləşdirilib.
Şərur rayonunun Düdəngə kənd sakini Səkinə Əliyeva bildirib ki, üzərində total strumektomiya əməliyyatı aparılıb. İndi özünü yaxşı hiss edir. O, başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
İyunun 17-də isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında yüksək­ixtisaslı həkim briqadasının iştirakı ilə “Onkoloji xəstəliklərin müayinə və müalicəsində müasir yanaşma” mövzusunda konfrans keçiriləcək.

Hüseyn ƏSGƏROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR