29 Aprel 2024, Bazar ertəsi

Sığorta zəmanəti müasir cəmiyyətdə mühüm tələbatlar sırasında yer alır. Belə ki, sosial-iqtisadi inkişaf sürətləndikcə, ümumi sığorta münasibətləri dərinləşdikcə insanların rifahı yüksəlir, hər yerdə və hər zaman rast gəlinə biləcək gözlənilməz hadisələrə qarşı sığortalanmaq ehtiyacı daha da qabarıq şəkildə özünü göstərir. Müasir dünyada geniş yayılmış sığorta növlərindən biri olan icbari tibbi sığorta bu baxımdan hər bir insanın sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır.

Ölkəmizdə və muxtar respublikamızda mütərəqqi yenilik kimi icbari tibbi sığortanın tətbiqi insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş mühüm bir addımdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli Fərmanı ilə bu il iyul ayının 1-dən Sədərək rayonunda həyata keçiriləcək icbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikamızda bu vacib sahədə də işlərin genişləndirilməsinə start verilib. Fərmanda qeyd olunduğu kimi, burada məqsəd icbari tibbi sığorta sisteminin tətbiqini təmin etməklə səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdir. Bu məqsədlə həmin vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aidiyyəti dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.
Sığorta hər bir insanın qarşılaşa biləcəyi riskli hallarda ona maddi dəstək verir. Sağlamlığın bərpa olunması üçün zəruri olan tibbi xidmətlər bəzi hallarda insanların ailə gəlirlərinin həcmini dəfələrlə aşan məbləğdə xərclər tələb etdiyindən, yaranan belə çətin vəziyyət həmin şəxslərin özünün və ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olur. Bu mühüm cəhəti nəzərə alaraq bazar iqtisadiyyatı şəraitində hər bir ailə büdcəsinin qorunması, eyni zamanda səhiyyənin maliyyələşdirilməsi məqsədilə tətbiq olunan icbari tibbi sığorta sistemi, bu mənada, hər bir kəsin qarşılaşa biləcəyi maddi problemlərin həllinə kömək edən mütərəqqi təcrübədir.

İcbari tibbi sığortanın faydaları çoxdur. Belə ki, elmin inkişafı ilə səhiyyə xidmətlərində də bahalı müalicə və dərman vasitələrinin tətbiq olunması bəzi hallarda bir çox vətəndaşların bu xidmətlərdən istifadə imkanlarını məhdudlaşdırır. Bununla da, sağlamlığını bərpa etmək istəyən həmin insanlara zərər dəymiş olur. Digər tərəfdən maddi səbəblərdən göstərilməyən tibbi xidmətlər səhiyyə işçisinin itirilmiş qazancı sayılır ki, bu da səhiyyəyə investisiya qoyuluşu və tibbi kadrların marağının artırılması baxımından arzuedilən hal deyil. Ona görə də tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dolayısı ilə, vətəndaşların sağlamlığının qorunması baxımından icbari tibbi sığorta sisteminin tətbiqi ölkəmizdə və muxtar respublikamızda insan amilinə göstərilən diqqət kimi çox əhəmiyyətli bir yenilikdir. Qeyd edək ki, bu yeniliyin tətbiqi üçün Naxçıvan Muxtar Respublikasında geniş imkanlar vardır. Muxtar respublikamızda səhiyyə infrastrukturunun tamamilə yenidən qurulması, müasir tələblərə cavab verən tibbi avadanlıqlardan istifadə, ixtisaslı tibbi kadrların mövcudluğu icbari tibbi sığortanın tətbiqi üçün əlverişli zəmin yaradır.
İcbari tibbi sığorta ümumi sığorta işinin tərkib hissəsidir. Həmrəylik prinsiplərinə əsaslanan mühüm bir layihə kimi icbari tibbi sığorta əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət vermək və eyni zamanda səhiyyənin də maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır. Dayanıqlı bir sistem sayəsində yaradılmış ümumi sığorta fondu hesabına müraciət edən pasiyentlərin müayinəsi və müalicəsi aparılır. Tibbi sığortanın tətbiqi ilə aparılan müalicə işinin keyfiyyəti də dünya təcrübəsi ilə artıq özünü sübut edib. Belə ki, inkişaf etmiş ölkələrdəki səhiyyə xidmətlərinin bugünkü səviyyəsində burada tətbiq olunan icbari tibbi sığortanın da payı az deyil. Sığorta münasibətlərinə qoşulmuş tərəflər sığorta hadisəsinin baş verməməsi üçün maraqlı olduğu qədər, sığortalı şəxslər də daha keyfiyyətli xidmət tələb edərək səhiyyə sistemində əsl sağlam rəqabətə zəmin yaradır. Nəticədə, bu rəqabət həkim və digər tibbi personalın ixtisasının təkmilləşdirilməsinə zərurət yaradır. Yaradılmış sığorta fondu hesabına yüksək əməkhaqqı alan ixtisaslı həkim kadrlar yalnız öz işini keyfiyyətlə yerinə yetirməyə çalışdığından burada göstərilən tibbi xidmətlərin səviyyəsi də yüksəlir.
Pasiyentlərə gəldikdə isə onlar üçün icbari tibbi sığortanın faydaları daha çoxdur. Belə ki, bəzən maddi səbəblərdən insanlar tibbi xidmətlərdən imtina edirlər ki, bu da həyatda ən qiymətli nemət olan cansağlığının itirilməsi ilə nəticələnə bilir. Ancaq tibbi sığorta zəmanəti almış hər bir kəs ehtiyac yarandıqda heç bir maddi çətinlik çəkmədən müəyyənləşdirilmiş səhiyyə ocağına müraciət edə bilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizin vətəndaşları, habelə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, ultrasəs müayinəsi, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya kimi funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidmətləri, quduzluq, tetanus, ilan sancmaları zamanı təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya, həyativacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya kimi yüksək dəyərli əməliyyatlar da daxil olmaqla cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə xidmətləri ala bilərlər.
İcbari tibbi sığorta mexanizminə gəldikdə, qeyd etmək lazımdır ki, bu sığorta növü səhiyyənin maliyyələşməsinin fərdi forması kimi səhiyyə müəssisəsi və müalicə almaq istəyən pasiyent arasındakı iqtisadi münasibətləri zəmanət altına almış olur. Bu mənada, icbari tibbi sığorta sistemi səhiyyə müəssisələrinin təklif etdiyi səhiyyə xidmətlərinin alıcısı kimi bu xidmətləri sığortalı pasiyentlərə pulsuz təklifetmə mexanizmidir. Bu olmadıqda, yəni sığortasız vətəndaşlar tibbi xidmətlər üçün müraciət etdikdə, aldıqları xidmətlərin və dərmanların dəyərinin hamısını öz hesablarından ödəməli olurlar. İcbari tibbi sığortanın tətbiqi isə səhiyyə müəssisəsinin maliyyələşməsini, xəstəxanalara ödənilən sığorta məbləğləri hesabına formalaşdırılmasını nəzərdə tutur. Buna görə də icbari tibbi sığortası olan vətəndaş öz ölkəsi daxilində istənilən vaxt müəyyənləşdirilmiş tibbi xidmətlərdən pulsuz istifadə edə biləcək.
Göründüyü kimi, icbari tibbi sığorta əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sağlamlığının qorunması istiqamətində həyata keçirilən çox mühüm bir layihədir. Bu sığorta sisteminin gələcəkdə kütləviləşməsi ilə insanların əziyyət çəkdikləri xəstəliklərin erkən mərhələdə aşkar edilməsi onların daha ağır mərhələyə keçidinin qarşısını alacaq, ən ucqar kəndlərdə belə, əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunacaq, infeksion və digər xəstəliklərin səmərəli profilaktikası təşkil ediləcəkdir. Bu sığorta növünün tətbiqi ilə muxtar respublikamızda tibb xidmətləri sistemi daha da inkişaf edəcək və səhiyyəmiz, bu mənada, yeni inkişaf mərhələsinə keçəcək.

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR