29 Aprel 2024, Bazar ertəsi

Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.

Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin Zərifə xanım bilirdi ki, oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı təhsil kifayət etmir. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da, onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışaraq, vətənə, xalqa, həqiqi mənada, xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail olmuşdur.

İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin çox yerində olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyi yenidən baş qaldırmışdı və ona qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. Çünki traxoma xəstəliyinin müalicəsinə güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi vəziyyəti də belə preparatların əldə olunmasına nikbin yanaşmağa əsas vermirdi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər hazırlamış və həyata keçirməyə başlamışdır. Onun başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstəliyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.
Gənc oftalmoloq traxoma ilə əlaqədar real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarif­ləndirici söhbətlər aparırdı. Yalnız bundan sonra dissertasiya müdafiə etməyi qərara alan alim 1959-cu ildə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə xanım 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Mos­kvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə “Böyük elmi işçi” elmi adını təsdiq etmişdir.
Alim ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirirdi. Belə ki, o, 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlamış, əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifələrini yerinə yetirərək, həkimlərin hazırlıqlarının tədris-metodik göstərişlərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmış, müxtəlif mövzulu mono­qrafiyaların, tədris-metodik göstərişlərin, dərs vəsaitlərinin yazılmasına böyük əmək sərf etmişdir. Onun Sovet İttifaqında hələ o dövrdə böyük nüfuz qazanmış Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə SSRİ-nin müxtəlif guşələrindən gəlmiş və təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi kimi mühüm elmi istiqamətlər təşkil edirdi.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi istiqamətlərinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq etmişdir. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.R.Nesterov akademik Zərifə Əliyevanın doktorluq dissertasiyasının müdafiəsi gününü xatırlayaraq yazırdı: “Həmişə olduğu kimi, Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu yanındakı İxtisaslaşdırılmış Şuranın iclası adət etdiyimiz rəsmi qaydada başladı. Kürsüyə qarasaçlı, irigözlü, qaynar baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və aydın tələffüzü ilə, ən çətin məsələləri belə, sadə dildə ifadə etmək bacarığı ilə seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə aydınlıq gətirirdi. Zərifə Əziz qızının məruzəsi şurada diqqətlə dinlənildi. Rəsmi və qeyri-rəsmi opponent­lərin rəyləri yekdil idi. Gizli səsvermə yolu ilə şura yekdilliklə Zərifə Əziz qızı Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi vermək barədə qərar çıxardı”.
Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir. Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Zərifə xanım Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.
Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Ömrün mənasını xalqına xidmətdə görən Zərifə xanım Əliyeva həm də böyük ana, vəfalı ömür-gün yoldaşı idi. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və müstəqil Azərbaycanı yeni inki­şaf mərhələsinə çıxaran ölkə Prezidenti cənab İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən dahi rəhbər deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik Zərifə Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR