29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

Yeni quruculuq ünvanlarından olan Culfa Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 63 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.

Həkim cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, İlhamə Əsgərova, Zeynəb Məmmədova, anestezioloqlar Ənvər Şıxəliyev, Aidə Məmmədova, Aidə Nəcəfova və orta tibb işçiləri ambulator müayinələr zamanı 107 xəstəyə tövsiyələrini veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı aparılıb. Culfa rayonundakı Yaycı kənd sakini Sadıq Cəfərov üzərində aparılan bu əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evə buraxılıb. Ləkətağ kəndindən birinci qrup əlil Məmmədəli Məmmədov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib. O, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə dövlət qayğısı kimi dəyərləndirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqlarla işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin aparılması, infeksiyaların təyini, aparatların işləmə prinsipi yerli həkim və tibb işçilərinə izah edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR