29 Aprel 2024, Bazar ertəsi

Son zamanlar Azərbaycanla həmsərhəd ölkələrdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyətin gərginləşməsi respublikamızın digər bölgələrində olduğu kimi, muxtar respublika ərazisində də zəruri qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsini labüd edib. Ötən ay Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclasında bu məsələ müzakirə edilərək müvafiq tapşırıqlar verilib.
Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı mübarizə tədbirləri üçün Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, şəhər və rayon GEM-ləri lazımi dezinfeksiya materialları ilə təmin olunublar. Naxçıvan Beynəlxalq Hava Limanında və Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilməklə muxtar respublikaya xarici ölkələrdən daxil olan sərnişinlər üzərində vizual müşahidə təmin edilib, xəstəliyə yoluxma şübhəsi olan şəxslərin aşkar edilməsi üçün uzaq məsafədən hərarətölçən termometr sistemləri quraşdırılıb.

Məlumat üçün bildirək ki, virus gənə vasitəsilə yoluxur. Xəstəlik ilk dəfə 1944-1945-ci illərdə Krımda əsgərlər arasında qanamalı qızdırma şəklində yayılıb. Həmin xəstəlik hər il may-sentyabr aylarında özünü daha çox biruzə verir və iyul ayında pik həddinə çatır. Bu virus illər ərzində mutasiya olunaraq, pandemik halda bir formadan digər formaya keçir. Bu günədək ölkəmizdə həmin virusa yoluxma hallarına rast gəlinməyib. Amma muxtar respublikamıza gələn və bu virus daşıyıcısı olan şəxslər onu digərlərinə yoluxdura bilərlər. Odur ki, Naxçıvanda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlər, bütövlükdə, yoluxucu xəstəliklərə qarşı aparılan işlər çərçivəsində həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR