Bu mövzuda dördgünlük təlimlər keçirilir
Ötən şənbədən başlayaraq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya Ofisi tərəfindən Naxçıvan Doğum Mərkəzində “Xoş gəldin, körpə” ana-uşaq sağlamlığını dəstəkləmə layihəsi çərçivəsində 4 günlük təlimlərə start verilib.
Layihə Azərbaycan Tibb Universiteti, Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Beynəlxalq Həkimlər İttifaqının dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova TİKA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, bu gün muxtar respublikanın səhiyyə sisteminin inkişafi, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması dövlətimizin diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin bilikli kadrlarla təmin olunması bu gün qarşıda duran başlıca vəzifələrdən biridir. Bu sahədə qardaş Türkiyə Respublikasının universitet və səhiyyə müəssisələri, o cümlədən TİKA ilə təcrübə mübadilələri mühüm əhəmiyyət kəsb edir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Erşen ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılmasının dəstəklənməsi məqsədilə 2014-cü ildən etibarən başlanan “Xoş gəldin, körpə” ana-uşaq sağlamlığını dəstəkləmə layihəsinin Naxçıvanda uğurla icra olunacağına əminliyini ifadə edib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıdakı kordinatorunun müavini İsmayıl Gurlek bildirib ki, dünyada körpə ölümü göstəricisinin azaldılması inkişafın göstəricisi hesab edilir. Bütün dünyada hər min doğulan uşağın ölüm göstəricisinin 7 faiz olması bir standart olaraq qəbul edilib. İnkişaf etmiş ölkələrdə bundan yuxarı körpə ölümü olmamalıdır. Layihə çərçivəsində həm həkimlərə, həm də digər tibb işçilərinə təlimlər keçirilir. Uğurlu iştirakçılardan bəziləri fəaliyyətini hətta təlimçi olaraq davam etdirir.
Türkiyəli təlimçi-mütəxəssislərdən professor-doktor Murad Elevlinin, Merih Çetinkayanın, Dilek Burbutun çıxışlarında vurğulanıb ki, perinatal ve neonatal ölüm körpə ölümünün əsas strukturunu təşkil edir. Layihənin məqsədi onların aradan qaldırılmasına yardımçı olmaqdan ibarətdir.
Sonra “Xoş gəldin, körpə” ana-uşaq sağlamlığını dəstəkləmə layihəsinin ilk məşğələsi keçirilib. Məşğələ “Uşaqların ana südü ilə qidalandırılması” mövzusuna həsr olunub. Tibb bacısı və mamaların iştirakı ilə keçirilən məşğələdə elektron lövhə, mulyaj və digər əyani vasitələrdən istifadə edilib.
Mayın 24 və 25-də Doğum Mərkəzi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim neonatoloqları və tibb bacıları üçün “Neonatal reanimasiya” mövzusunda paralel iki ayrı təlim proqramı təşkil edilib. Təlim proqramlarının sonunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçirilən “Xoş gəldin, körpə” ana və uşaq sağlamlığına dəstək layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti