Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, təhsil müəssisələrində çalışan qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-onkoloqları tərəfindən son iki ildə Naxçıvan şəhəri, Şərur, Sədərək, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 2000-dən çox qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı 85 qadının süd vəzində fibroadenoma, mastopatiya və digər patologiyalar aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək diaqnozları dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.
Yaz mövsümünün profilaktik tibbi müayinələrinə isə Ordubad rayonundan start verilib. Dəstə kənd tam orta məktəbində keçirilən tədbirdə Onkoloji Mərkəzin baş həkimi Vladi Cabbarov bildirib ki, süd vəzi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, yaş, irsiyyət faktorları, müxtəlif hormonal pozuntuları, piylənmə, zərərli alışqanlıqlar və digər amilləri səbəb kimi qəbul etmək olar. Lakin bu faktorlar xəstəliyin yaranması və inkişafı üçün təhlükəli hesab edilsə də, insanlarda təşviş yaratmamalıdır. Mühüm olan xəstəliyin vaxtında aşkarlanmasıdır. 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçsə, problem erkən mərhələdə müəyyənləşdirilsə, xəstəliklə mübarizə asanlaşar və o, müvəffəqiyyətlə müalicə olunar.
Onkoloji Mərkəzin həkimi Sevda Rüstəmova süd vəzi xərçəngi və onu aşkarlamaq üçün qadının özü özünün müayinə texnikasından danışıb. Bildirilib ki, ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsi nəticəsində xəstəliyin əlamətləri daha erkən aşkarlanır və uğurlu müalicə üsullarından istifadə edilir.
Sonra məktəbdə çalışan qadınlar keçirilən müayinə aksiyasında iştirak ediblər. Belə müayinələr digər ümumtəhsil müəssisələrində də aparılıb. Ordubad şəhərində 151 qadın təhsil işçisi müayinədən keçib, 8 nəfərdə mastopatiya və digər patologiyalar aşkar edilərək Onkoloji Mərkəzə dəvət olunub. Dəstə, Kotam, Əndəmic, Əylis, Nüsnüs kənd tam orta məktəblərində 278 qadın təhsil işçisi müayinələrlə əhatə olunub. 14 nəfər dispanser qeydiyyatına alınıb.
Rayonun qəsəbə və kənd məktəblərində qadın təhsil heyətinin profilaktik tibbi müayinələrini ilin sonuna qədər başa çatdırmaq nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti