Yanvar ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yenidoğulmuş uşaqların 96,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 14616 kvadratmetr dezinfeksiya, 92 obyektdə isə 1510 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, 33 məhsul sertifikatlaşdırılmışdır.
Ay ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 21 su, 162 yuyuntu nümunələrinin, 354 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 121, təhsil üzrə 144, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 93, kommunal sahələr üzrə 41, sürücülük üzrə 186 nəfər olmaqla, bütövlükdə, 648 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 11 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 72 nümunədə 288 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 3 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 42 nümunədə 336, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 65 nümunədə 240 müayinə aparılmışdır. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 35 mühazirə oxunmuş, 2 seminar keçirilmiş, tibbi şurada 6 məsələ müzakirə edilmişdir.
“İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti