Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması məqsədilə bu il fevralın 1-dən başlayaraq onların hepatit B vaksini ilə immunlaşdırılması işi həyata keçirilib. Hepatit B vaksininin vurulması üçün rayon mərkəzi xəstəxanalarında üç, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılıb. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edib.
Dünən başa çatan birinci turda 1165 tibb işçisinə hepatit B vaksini vurulub. Bu aksiya Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Diaqnostika-Müalicə Mərkəzində, Psixi Xəstəliklər Dispanserində, Kardioloji Mərkəzdə yüksək səviyyədə təşkil olunub. Naxçıvan şəhərində yerləşən tibb müəssisələrində hepatit B vaksininin vurulması üçün şəhər poliklinikasının orta tibb işçilərindən ibarət yaradılmış briqada üzərinə düşən işi qüsursuz yerinə yetirib.
Üç turdan ibarət olan vaksin kursunun ikinci turu mart ayında, üçüncu tur isə ikincidən 6 ay sonrakı müddətdə aparılacaqdır.
Muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilib. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit B vaksini ilə peyvəndə cəlb olunmuşdur. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti