Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir. Bu sahədə Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb.
Heyət əvvəllər Naxçıvana müəyyən vaxt ərzində gəlirdi, indi isə açıq ürək əməliyyatına zərurət yarandıqda dəvət olunur. Artıq bu il Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə yanvar ayında 15 nəfərdə müayinə, 7 nəfərdə açıq ürək, fevral ayında 19 nəfərdə müayinə, 10 nəfərdə açıq ürək və mart ayında 20 nəfərdə müayinə, 8 nəfərdə açıq ürək əməliyyatı aparıb.
Kardiocərrah Seymur Musayevin rəhbərliyi ilə aprel ayında dördüncü dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olan heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilib. 10 nəfər kardioloji xəstə üzərində isə açıq ürək-aortakoronar şuntlama, fallotetradasının korreksiyası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparıb. Xəstələr bir neçə günlük həkim nəzarətindən sonra tam sağalma ilə evə buraxılıblar. Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırıb, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayıb.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti