22 Dekabr 2024, Bazar

Koronarangioqrafiya ürəyin tac damarlarını müayinə etmək üçün ən informativ bir üsuldur. Bu üsul ürəyin tac damarlarının vəziyyəti haqqında geniş məlumat verir. Müayinə prosesində sağ və ya sol bud arteriyasından nazik tel (kateter) salınaraq ürəyin tac damarına qədər yeridilir. Kontrast maddə vurularaq ürəyin tac damarlarının şüa müayinəsi aparılır. Ürəyin damarları haqqında dəqiq məlumat toplandıqdan sonra müəyyən nəticəyə gəlinir. Xəstəyə stent qoyulmasına, yaxud kardiocərrahi əməliyyata, dərman müalicəsinə qərar verilir. Bu prosesin həyata keçirilməsi üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində angioqrafiya bölməsi fəaliyyət göstərir.
Son illər bölmənin maddi-texniki bazası möhkəmlənmiş, yeni tibbi avadanlıq və cihazlar qurulmuşdur. Proseslərin aparılmasında əsas vasitə olan koronarangioqrafiya aparatı monitordan və müayinənin nəticəsini elektron daşıyıcıya yazan qurğudan ibarətdir. Rentgen şüasından qorunmaq üçün tibb işçiləri xüsusi geyimdən istifadə edirlər.

Bölmədə fəaliyyət göstərən həkim və orta tibb işçiləri Bakı şəhərində, Türkiyə Respublikasının tanınmış səhiyyə müəssisələrində təkmilləşdirmə kurslarında olmuş, müasir müayinə metodlarına yiyələnmişlər. Yerli mütəxəssislərin peşə və bacarıqlarının artırılması üçün Mərkəzi Neftçilər Xəstəxanasının angioqraf həkimləri vaxtaşırı olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunurlar.Yerli həkimlərin bilik və təcrübəsinin artırılmasına xidmət edən belə tədbirlər ilbəil öz bəhrəsini verir. Belə ki, son illər ərzində yüzlərlə angio­qrafiya müayinəsi aparılmışdır ki, onların həyata keçirilməsində yerli həkimlərin xüsusi rolu olmuşdur. 2011-ci ilin avqust ayından isə belə müayinələr sərbəst şəkildə yerli həkimlər tərəfindən həyata keçirilir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardioloq-angioqrafı Nail Mehbalıyev artıq son beş ay ərzində 120-yə yaxın xəstə üzərində koronar­angio­qrafiya əməliyyatını uğurla icra etmişdir. O, uzun müddət dərman müalicəsi qəbul etmələrinə baxmayaraq, infarktönü mərhələyə çatan 16 xəstəyə heç bir ağırlaşma olmadan balon və stent implantasiyası həyata keçirmiş, istənilən nəticəyə nail olmuşdur. Son günlərdə isə mərkəzdə bir xəstə kəskin miokard infarktı keçirərkən ürəkdayanma müşahidə olunmuş, vaxtında antiaritmik müdaxilə və təcili koronar­angioqrafiya, ardınca stent implantasiyası ilə xəstənin miokard infarktı keçirməsinə səbəb olan sağ koronar arteriyanın yüz faizli tutulması tamamilə açılmış, xəstə üçgünlük müşahidədən sonra tam sağal­ma ilə evə buraxılmışdır. Həmçinin dəfələrlə müxtəlif səbəblərdən ürək vurğularının sayı aşağı düşən, xəstə üçün 90 faiz ölüm halları ilə nəticələnən ürəyin elektrik sistemi blokadalarında ürəkdaxili kardiostimulyator yerləşdirərək xəstələrin həyatı xilas edilmişdir.
Bölmədə anadangəlmə ürək qüsurlarının invaziv üsulla aradan qaldırılması əməliyyatı da uğurla həyata keçirilmişdir. Müayinə zamanı invaziv üsulla, diaqnostik məqsədlə ürək boşluqlarının və damarların görüntülənməsi, ürək boşluqları və damarlarda təzyiqin ölçülməsi, ürəyin atım gücü, qapaq xəstəliklərinin dəyərləndirilməsi, aortakoronar şuntların fəaliyyəti, digər göstəricilərin təyini həyata keçirilir. Bu işlər, bütövlükdə, Naxçıvan səhiyyəsində invaziv kardiologiyanın inkişafında yeni mərhələdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR