Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Şərur rayonunun Danyeri kəndindəki yeni quruculuq ünvanlarından olan ikimərtəbəli həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən – terapevt, pediatr, cərrahlardan ibarət briqada ultrasəs və müayinə aparatları ilə təchiz edilib. Kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 18 terapevtik, 24 pediatrik, 22 kardioloji, 14 cərrahi müayinə aparılıb. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. İki nəfərdə hipertoniya, 1 nəfərdə stenokardiya, 1 nəfərdə xroniki beyin qan dövranı çatışmazlığı, 2 uşaqda anemiya, 1 uşaqda revmatizm müşahidə edildiyindən onlar dispanser qeydiyyatına götürülüb, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, vərəm, göz, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti