22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan hə­kim ambulatoriyasında həyata keçirilmişdir.
Gün ərzində 12 LOR, 22 terapevtik, 27 pediatrik, 12 cərrahi, 14 ginekoloji, 20 stomatoloji, 15 kardioloji müayinə aparılmışdır. Kütləvi profilaktik tibbi müayinələrdə kənd həkim ambulatoriyasının orta tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Bir uşaqda anemiya, 1 uşaqda revmatizm, 1 xəstədə xroniki beyin-qan dövranı çatışmazlığı, 3 xəstədə hipertoniya müşahidə edildiyindən onlar dispanser qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Əhali arasında qrip, hipertoniya, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji, allergik, yuxarı tənəffüs yollarının xəstəlikləri barədə söhbətlər aparılmış, onların profilaktikasına dair məlumatlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin çoxprofilli həkim briqadası hər il cəzaçəkmə müəssisələrində olaraq məhkumları profilaktik tibbi müayinədən keçirir. Çoxprofilli həkim briqadası ənənəni davam etdirərək dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Məhkumların kütləvi profilaktik müayinələri lazımi şərait yaradılmış tibbi sanitar hissədə aparılmışdır.
Gün ərzində 156 rentgen-flüoroqrafik, 24 psixiatrik, 6 dəri-zöhrəvi, 20 göz, 28 kardioloji, 52 ultrasəs və digər müayinələr aparılmış, eyni zamanda müəssisənin işçi heyəti profilaktik tibbi müayinələrdən keçmişdir. Kütləvi profilaktik tibbi müayinələrdə səyyar rəqəmsal flüoro­qrafik-rentgen maşınından, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatlarından, laboratoriya avadanlıqlarından istifadə olunmuşdur. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, qrip, hipertoniya, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji, allergik, yuxarı tənəffüs yollarının xəstəlikləri barədə söhbətlər aparılmış, onların profilaktikası haqqında məlumatlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Qeyri-ənənəvi tibbi fəaliyyəti və təbii yollarla apardığı müalicələrlə dünyada məşhur olan professor-doktor Əhməd Marankinin Naxçıvana budəfəki səfərinin əsas məqsədi “Duzdağ” otelində dünyanın və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar üçün sağlamlıq kurslarının təşkil olunmasıdır.
May ayının 26-na qədər davam edəcək kurslarda bədən sağlamlığı və insan orqanizmindəki zəhərli (toksikoloji) maddələrin zərərsizləşdirilməsi prosedurları həyata keçirilir. Tamamilə təbii yollarla, otlar və düzgün qidalanma vasitəsilə aparılan müalicə proseduru daha əvvəl dünyanın müxtəlif yerlərində 33 dəfə türkiyəli mütəxəssis və onun rəhbərlik etdiyi heyət tərəfindən həyata keçirilib. 7 günlük müalicə prosesini həyata keçirməklə türkiyəli mütəxəssislər qaraciyərin, öd kisəsinin təbii yollarla təmizlənməsinə və insan orqanizmindəki ödemlərin aradan qaldırılmasına nail ola bilirlər.

Xəbərlər şöbəsi

Uşaqların sağlamlığının qorunmasında düzgün qidalanmanın əhəmiyyəti böyükdür. Ümumiyyətlə, qidalanma orqanizmin ən mühüm fizioloji tələbatıdır. Bildiyimiz kimi, insanın fəaliyyəti zamanı enerji və üzvi maddələr sərf olunur. Qidalanmada məqsəd itirilən enerji və üzvi maddələrin yerini doldurmaqdır.
Qidalanma haqqında min illər boyu dəyərli məsləhətlər verilmişdir. Məsələn, eramızdan 500 il əvvəl yaşamış Pifaqor ət və ət məhsullarından az istifadə etməyi məsləhət görmüşdür. Qədim yunan həkimi Hippokrat düzgün qidalanmanı insanın səhhəti ilə əlaqələndirmişdir. Yəni insan düzgün qidalanmasa, bədənə ağırlıq edən piylənmə, ürək və mədə xəstəlikləri əmələ gələ bilər.
Uşaqların inkişafına səbəb olan əsas qida maddələri zülallardan, yağlardan, karbohidratlardan, amin turşularından, vitaminlərdən, mineral duzlardan ibarətdir. Tərkibində amin turşuları, vitaminlər olan yüksək keyfiyyətli qidalarda – süd və süd məhsulları, balıq, ət, quş əti və yumurtada olan zülallar istilik enerjisi yaratmaqda böyük rol oynayırlar ki, bunlar uşaqların qida rasionunda böyük əhəmiyyətə malikdir.

Ardını oxu...

O zaman Audiometriya kabinəsinə müraciət edin

Hər bir körpənin fiziki sağlamlığı onun dünyaya normal gəlişindən tutmuş görmə, eşitmə, ünsiyyət orqanları ilə də bağlıdır. Uşaqlarda eşitmənin qismən və ya tam itirilməsi əqli inkişafın zəifləməsinə səbəb olur, onlarda nitq pozğunluğu yaranır. Bu problemə muxtar respublikamızda da rast gəlinir. Odur ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi istifadəyə veriləndən orada Audiometriya kabinəsi fəaliyyət göstərir. Yenidoğulmuşların digər tibbi müayinələri ilə yanaşı, eşitmə qabiliyyəti də yoxlanılıb müvafiq təyinatlar verilir. Həmin sahə üzrə Türkiyə Respublikasının Ankara və Ərzurum şəhərlərinin tanınmış klinikalarında kurs keçmiş ixtisaslı tibb bacısı Zəminə Əliyeva tərəfindən yenidoğulmuşlara tibbi xidmət göstərilir.
Gənc mütəxəssisin sözlərinə görə, qulağın bir çox xəstəlikləri eşitmə zəifliyinə səbəb ola bilər. Bu xəstəliklər isə bir sıra faktorlardan qaynaqlanır. Ailədə irsi karlıq və ağır eşitmə, qohum nikahlar, ananın keçirdiyi məxmərək, suçiçəyi, kəmərləyici dəmrov və digər infeksion xəstəliklər eşitmə zəifliyinin yaranmasına gətirib çıxarır. Xəstəliyin əmələ gəlməsi və ağırlaşmasının qarşısını almaq məqsədilə ildə iki dəfə eşitmə müayinəsi məsləhət görülür. Hazırda kabinədə eşitmə qabiliyyətinin qiymətləndirilməsi, diaqnostika və müalicəsi müasir avadanlıq və metodlarla həyata keçirilir. Onlardan ən mühümü audiometriya müayinəsidir. “Audio” latın sözü olub, eşitmə, “metriya” isə ölçmə deməkdir. Audiometriya-elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.

Audiometriya kabinəsində müayinə metodları otoakustik emisiya (OAE) və BERA aparatı ilə həyata keçirilir. Aparat səs qıcığına qarşı daxili qulağın (OAE) və beyin kötüyünün (BERA) cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçikyaşlı uşaqlarda eşitmə patologiyasını aşkara çıxarır. Bu müayinələrin uşaq anadan olduqdan dərhal sonra aparılması mümkündür. BERA eşitmə zəifliyinin təyini üçün əvəz­olunmaz müayinədir. Müayinə qısa vaxt ərzində və ağrısız aparılır. Mikroskop müayinəsi ilə qulağın təbii pərdəsi, eşitmə sümüklərinin vəziyyəti haqqında dolğun məlumat almaq olar.
Bir sözlə, uşaqların eşitmə qabiliyyətinin yoxlanılması üçün valideynlərin başqa ünvanlara üz tutub uzaq məsafə qət etmələrinə ehtiyac yoxdur. O ünvan yaxındadır. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin Audiometriya kabinəsi uşaqlarınızın sağlamlığı keşiyindədir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda kiçikyaşlı uşaqlar və məktəblilər arasında aprelin 1-dən 15-dək həyata keçirilən kütləvi Mantu sınağı uğurla başa çatdırıldıqdan sonra hazırda əsas diqqət sınağa reaksiyası şübhəli olan şagirdlərin rentgen-flüoroqrafik müayinələrinə yönəldilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim və tibb bacılarından ibarət briqadası zonalar üzrə müayinələri davam etdirirlər.
Növbəti rentgen-flüoroqrafik müayinələr Sədərək Rayon Mərkəzi Xəstəxanasında aparılmış, səyyar flüoroqrafik maşınla 16 şagird müayinədən keçirilmişdir. Müayinələr zamanı aktiv vərəm xəstəliyi aşkar olunmamışdır. 5 şagirdə profilaktik müalicə təyin edilmiş, tibbi məsləhətlər verilmişdir.
Müayinələrdə sərhəd qoşunlarının bölgədə yerləşən şəxsi heyəti də iştirak etmişdir. Onlardan 50 nəfəri rentgen-flüoroqrafik, digərləri isə elektrokardioqrafiya, oftalmoloq, endokrinoloq, laboratoriya və digər müayinələrindən keçmişlər. Rayonda 20-25 yaşlı əhalinin kütləvi dispanserizasiyasına da diqqət yetirilmiş, terapevt, cərrah, ginekoloqdan ibarət həkim briqadası tərəfindən 10 nəfər çağırışçı, 20 nəfər kənd sakini müayinə edilmişdir. Rayonun obliqat qrupuna daxil olan tibb işçiləri də profilaktik müayinələrdən keçmişlər.
Müayinə iştirakçıları, o cümlədən şagirdlərin valideynləri ilə səhiyyə maarifi işi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış, ağciyər xəstəliklərinə dair buklet və kitabçalar paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda əhalinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsi, ümumtəhsil müəssisələrində məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə olmaqla oftalmoloq, stomatoloq, burun-boğaz-qulaq və onurğa patologiyalarına görə profilaktik müayinələrin aparılması ənənə halını alıb. Profilaktik müayinələrin keçirilməsini daim diqqət mərkəzində saxlayan tibb müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzidir. Mərkəzin həkim-onkoloqları tərəfindən mart ayından başlayaraq muxtar respublikamızın ümumtəhsil məktəblərində çalışan qadınların süd vəzinin profilaktik müayinəsi aparılır. Artıq Babək rayonu üzrə 889 qadın təhsil işçisinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı 24 qadının süd vəzində müxtəlif patologiyalar aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək müvafiq müalicələr təyin edilib.
Dünən Kəngərli rayonunun qadın təhsil işçilərinin süd vəzinin profilaktik müayinələri başa çatdırılıb. May ayı ərzində rayonun ümumtəhsil məktəblərində 289 qadın təhsil işçisi müayinədən keçirilib, 19 qadın təhsil işçisi Onkoloji Mərkəzdə dərin tibbi müayinələrə cəlb edilib.
Növbəti müayinələr iyun ayının 1-dən Culfa rayonunda aparılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər ölkəmizin paytaxtından yüksək ixtisaslı həkim briqadalarının muxtar respublikamıza gətirilməsi və xüsusilə aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən müayinə və cərrahi əməliyyatlarının aparılması artıq ənənə halını almışdır. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı şəhərindəki Respublika Klinik Xəstəxanasının yüksək ixtisaslı həkim briqadası mayın 9-dan 11-dək Ordubad Rayon Mərkəzi Xəstəxanasında olmuş, əhaliyə çox­profilli tibbi xidmət göstərmişdir.
Klinikanın baş həkimi Telman İbadovun rəhbərlik etdiyi 24 nəfərdən ibarət heyəti cərrah, mama-ginekoloq, proktoloq, oftalmoloq, otolarinqoloq, nevropatoloq, terapevt, pediatr, anestezioloq-reanimatoloq, uroloq, nefroloq, pulmanoloq və digər mütəxəssislər təmsil etmişlər.
Briqadanın fəaliyyət göstərdiyi üç gün ərzində 2128 xəstə müayinədən keçirilmiş, cərrahi müalicə və əməliyyatlara ehtiyacı olan xəstələrdən 47-si əməliyyat edilmiş, digərlərinə ambulator müalicələr yazılaraq tibbi məsləhətlər verilmişdir. Üzərində cərrahiyyə əməliyyatları aparılmış xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılmışlar.
Klinikanın yüksək ixtisaslı cərrahları – tibb elmləri doktorları, professorlar Fariz Camalov, Akif Bağırov, Fuad Sərdarov, Cəbrayıl Ələkbərov, həkimlərdən Azadə Hüseynova, Kənara Abdullayeva, Qabil Bayramov və başqaları ilə birlikdə yerli həkimlər də aksiyada fəal iştirak etmişlər. Yüksək ixtisaslı tibbi xidmətlə əhatə olunan xəstələr belə aksiyaların keçirilməsini əhalinin sağlamlığına göstərilən dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirmiş və minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, hamilə qadınlara və uşaqlara patronaj xidmətin gücləndirilməsi, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların qidalanmasının düzgün təşkil edilməsi, onların xüsusən ana südü ilə qidalandırılması muxtar respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Bununla yanaşı, uşaqların idarəolunan yoluxucu xəstəliklərə qarşı aldığı peyvəndlərin ardıcıl icra olunması gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır. Müasir texnologiya səviyyəsində uşaqlara elektron sağlamlıq kartlarının verilməsinin əhəmiyyətinin izah edilməsində, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən, xüsusən siqaretə, spirtli içkilərə meyillilikdən uzaq böyümələri üçün valideynlərin maariflənməsində “Ailə sağlamlıq məktəbi”nin böyük əhəmiyyəti vardır.
Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən belə məktəblərdə məşğələlər ardıcıl şəkildə davam etdirilir.
Babək Rayon Mərkəzi Xəstəxanasında yaradılmış “Ailə sağlamlıq məktəbi”nin növbəti məşğələsi Nehrəm Kənd Sahə Xəstəxanasında keçirilmişdir. Məşğələni Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayev açaraq muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından, onlara idarəolunan yoluxucu xəstəliklərə qarşı vurulan peyvəndlərin, verilən elektron sağlamlıq kartlarının əhəmiyyətindən danışmışdır.
Babək Rayon Mərkəzi Xəstəxanasının pediatrı Leylan Əliyeva və Nehrəm Kənd Sahə Xəstəxanasının neonatoloqu Şəmil Əliyev uşaqlara verilən ana südünün əvəzolunmaz qida kimi üstünlükləri və yenidoğulmuşlara düzgün qulluq göstərilməsi qaydaları barədə tibbi məsləhətlər vermişlər. Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev bölgələrdə keçirilən belə məşğələlərin əhalinin tibbi maariflənməsində böyük rolu olduğunu qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda səhiyyə ocaqları üçün yeni binaların inşa olunması, belə müəssisələrin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, muxtar respublikaya ixtisaslı tibbi kadrların dəvət edilərək onların burada müayinə və müalicə aparmaları və digər tədbirlər öz bəhrələrini verməkdədir. Bir neçə ildir ki, ölkəmizin paytaxtından muxtar diyarımıza müxtəlif ixtisaslar üzrə həkimlərin dəvət olunması artıq davamlı xarakter alıb. Bu istiqamətdə son illər həyata keçirilən tədbirlər region sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Bu günlərdə “Xəzər qayğıkeşlik layihəsi” humanitar təşkilatının 7 nəfərlik həkim briqadası aztəminatlı insanlarda okuloplastik oftalmoloji müayinə və əməliyyatlar aparılması məqsədilə Naxçıvan Muxtar Respublikasına gəlib. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində layihənin rəhbəri Polad Məmmədli ilə görüşüb həmsöhbət olduq. Bildirdi ki, həkim briqadası 4 gün Naxçıvanda olacaq. Burada ptoz, dcr, entropion, chalazion və digər bu kimi göz xəstəliklərindən əziyyət çəkən insanların müayinə və müalicəsini aparmaq nəzərdə tutulub. Artıq müayinələr başa çatıb. 70 nəfər bu prosesdə qeydə alınıb. Onlardan 18-nin üzərində əməliyyat aparılacaq.

Ardını oxu...

Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası və Stomatoloji Mərkəzin təşkilatçılığı ilə “Uşaq stomatologiyasının aktual problemləri” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açmışdır.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova rəhbərlik etdiyi tibb müəssisəsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası ilə eyni binada yerləşən Stomatoloji Mərkəz ötən ilin iyun ayından fəaliyyət göstərir. Həmin dövrdən indiyədək 4981 nəfərin müalicəsi aparılmışdır ki, bunların da 419-u 17 yaşa qədər olan uşaq və yeniyetmələrdir. Müalicə prosesində istifadə olunan lazer aparatı ilə diş ətinin iltihabı, şəkərli diabet xəstələrində sağalmayan ağız yaraları müalicə edilir, diş ətlərinin estetik bərpasında tam ağrısız və qansız üsullardan istifadə olunur.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin həkim-stomatoloqları Zaur Hüseynov “Qeyri-kariyes xəstəlikləri”, Vasif İmanov “Kariyes xəstəlikləri”, Elşən Hüseyn­ov “Uşaqlarda süd dişlərinin erkən itirilməsi zamanı yaranan ortodontik problemlər” mövzularında çıxışlar etmişlər.
Konfransda muxtar respublika səhiyyəsində çalışan stomatoloqlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri də iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda kiçikyaşlı uşaqlar və məktəblilər arasında aprelin 1-dən 15-dək həyata keçirilən kütləvi Mantu sınağı uğurla başa çatdırıldıqdan sonra hazırda əsas diqqət sınağa reaksiyası şübhəli olan şagirdlərin rentgen-flüoroqrafik müayinələrinə yönəldilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim və tibb bacılarından ibarət briqadası ümumtəhsil məktəblərində zonalar üzrə müayinələrə başlamışdır.
Rentgen-flüoroqrafik müayinələrə Culfa rayonundan start verilmiş, ərazi üzrə Kırna, Qızılca, Ərəzin, Bənəniyar, Qazançı, Göydərə, Əbrəqunus kənd məktəblərində səyyar flüoroqrafik maşınla 70 nəfər müayinədən keçirilmişdir. Müayinələr zamanı aktiv vərəm xəstəliyi aşkar olunmamışdır. 21 şagirdə profilaktik müalicə təyin edilmiş, tibbi məsləhətlər verilmişdir.
Müayinələr zamanı valideynlərlə səhiyyə maarifi işi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış, ağciyər xəstəliklərinə dair buklet və kitabçalar paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi həm irsi qan xəstəliyindən əziyyət çəkən insanların, həm də qan köçürülməsinə ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qan tədarükünün təşkilini davam etdirir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin iştirakı  ilə Ümumdünya Hemofiliya Gününün Şərur rayonunda qanvermə aksiyası ilə qeyd olunması belə tədbirlərin məntiqi davamıdır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Məmmədli, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin hemotoloq-transfizioloqu Gülnar Məmmədova tədbirdə çıxış edərək hemofiliya xəstəliyinin Naxçıvanda da müşahidə edilən xəstəliklərdən olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, hemofiliya insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan, əsasən, oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir. Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlar və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur. Belə xəstələr donorların verdiyi qan hesabına öz həyatlarını davam etdirirlər. Odur ki, belə xəstələrə qan verilməsində iştirak etmək xeyirxah əməl, savab işdir.
Bildirilmişdir ki, bu gün Azərbaycanda təqribən 1300 hemofiliyalı xəstə qeydiyyatdadır. Xəstələr müxtəlif yaş qruplarındandır. Onların 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənclər təşkil edir. Hemofiliyalı xəstələrə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Şərur Rayon Mərkəzi Xəstəxanasında “Qan donorları, insan həyatını birgə xilas edək” devizi altında keçirilən aksiyada bu səhiyyə müəssisəsinin həkim və orta tibb işçiləri könüllü donor olublar. Qanvermə aksiyasında ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Bütövlükdə, 21 nəfərdən 9 litr qan götürülüb.
Axşam saatlarınadək davam edən aksiyada tədarük edilmiş qan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində analizdən keçirilərək qan bankına toplanıb və ehtiyacı olan xəstələrin müalicəsinə sərf olunacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il muxtar respublikada yaşayan bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə oftalmoloq, stomatoloq, burun-qulaq-boğaz və onurğa patologiyalarına görə kompleks profilaktik müayinələr aparılır. Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası tərəfindən Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin şagirdləri arasında aparılan yaz mövsümünün dərin tibbi yoxlamaları ötən həftə başa çatmışdır.
Mart ayının 4-dən start götürmüş yaz müayinələri Naxçıvan şəhərinin 21 tam orta məktəbində 10 min 18 şagirdi əhatə etmişdir. Profilaktik müayinələr müxtəlif ixtisaslı həkimlərdən ibarət xüsusi briqada tərəfindən həyata keçirilmişdir. Briqadanın tərkibində pediatr, nevropatoloq, burun-qulaq-boğaz həkimi, cərrah, stomatoloq, psixonevroloq, ortoped və dəri-zöhrəvi həkimləri, uşaq müəssisələri üzrə təşkil olunmuş pediatrik kabinənin həkim-pediatrları fəaliyyət göstərmişlər.
Dərin tibbi müayinələrin aparılmasında məqsəd aşkar olunan yeni xəstəliklərin dispanser qeydiyyatını aparmaq, zəruri hallarda müalicə və reabilitasiyaya cəlb etmək, dispanser qeydiyyatında olan xroniki xəstələrin müayinə-müalicə və reabilitasiyasını təşkil etməkdən ibarət idi.
Briqadanın fəaliyyəti dövründə səhiyyə maarifi işləri də aparılmış, məktəblərin tibb məntəqələrində sənədlərin təlimata uyğun olaraq hazırlanması üçün metodik köməkliklər göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq ürək mərkəzində fəaliyyət göstərən uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov ötən ilin mart ayından etibarən mütəmadi olaraq muxtar respublikamıza dəvət edilərək yerli həkimlərlə bərabər anadangəlmə ürək qüsurlu uşaqların müayinə və müalicəsini aparır.
Təcrübəli mütəxəssis tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində indiyədək muxtar respublikanın şəhər və rayonlarından gətirilmiş onlarla mürəkkəb ürək qüsurlu xəstə müayinə və müalicə edilmişdir. Bu müddətdə xəstələr üzərində exokardioqrafiya müayinələri, invaziv üsulla anadangəlmə ürək qüsurlarının müalicəsi, ağciyər arteriyası və aorta stenozunun əməliyyatsız yollarla açılması, Botal axacağın, qulaqcıq və mədəciklərarası çəpər qüsurlarının əməliyyatsız yollarla bağlanması, Fetal exokardioqrafiya və digər tibbi proseslər həyata keçirilmişdir.
Ötən həftənin şənbə və bazar günləri isə Diaqnostika-Müalicə Mərkəzində 6 xəstənin EXO və elektrokardioqrafiya müayinəsi və invaziv yolla müalicəsi aparılmışdır. Xəstələrdən Şəlalə Mehdiyevanın və İnci Baxşısoyun pulmonar balon-valvuloplastika əməliyyatı ilə tam sağalmasına nail olunmuşdur. Mərkəzin kardioloq-həkimi Nail Mehbalıyevin də yaxından iştirak etdiyi əməliyyatların birində yaş və çəki cəhətdən çox kiçik – ağciyər arteriyasının qapaq səviyyəsində darlığı olan bir xəstənin döş qəfəsi yarılmadan müalicəsi həyata keçirilmişdir. Əməliyyatlar uğurlu alınmış və xəstələr 24 saatlıq müşahidədən sonra evlərinə göndərilmişlər.
Elnur İmanov növbəti aylarda da Naxçıvanda xəstə qəbulu və müalicəsini davam etdirəcəkdir.

Xəbərlər şöbəsi

Muxtar respublikada əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərilir

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. Azərbaycan 1992-ci ildən Ümumdünya Səhiyyə Təşkilatına üzv qəbul edilmiş, 1994-cü ildə isə ölkəmizdə həmin təşkilatın Əlaqələndirmə Ofisi yaradılmışdır.

Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti həm də insan sağlamlığının təminatçısı olan milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi yüksək qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi prosesi səhiyyə sistemində də özünü qabarıq şəkildə göstərməkdədir. İnsanların sağlamlığının yüksək səviyyədə təmin olunması, milli genefondun qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, insanların yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, habelə səhiyyə infrastrukturunun keyfiyyətcə yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Hər hansı ölkədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, ilk növbədə, tibb işçilərinin bilik səviyyəsi ilə müəyyənləşir.Tibbi biliklər isə daim yenilənməli, dünyada bu sahədə əldə edilən yeni məlumatlarla, tətbiq olunan təcrübi bacarıqlarla zənginləşdirilməlidir. Bu mənada müxtəlif ölkələrin tibb mütəxəssislərinin təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
Səhiyyə işçilərinin ixtisas səviyyələrinin artırılması muxtar respublikamızda da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə respublikaları arasında əməkdaşlıq əlaqələrinin davamı olaraq, Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrində çalışan 4 həkim və 4 tibb bacısı ixtisas kursu keçmək üçün aprel ayının 3-də Ankara şəhərinə yola düşmüşlər. Onlar Ankara Eyitim Araşdırmalar Xəstəxanasında bir ay müddətində reanimasiya-anesteziologiya üzrə ixtisaslarını artıracaqlar.
Bütövlükdə isə cari ilin ilk rübündə 14 həkim, 4 tibb bacısı Türkiyənin universitet və klinikalarına, 2 həkim Bakı şəhərinə ixtisasartırma kurslarına göndərilmiş, 1 həkim və 5 tibb bacısı isə müxtəlif ixtisaslar üzrə iş yerində təcrübə keçmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini davam etdirir.
Şüa diaqnostikası və urologiya ixtisasları üzrə fəaliyyət göstərən səhiyyə mütəxəssisləri keçirilən növbəti mərhələdə müsahibə yolu ilə nəzəri və praktik biliklərini sınamalı olmuşlar. Sertifikasiyanın müsahibə turuna cəlb edilən 27 səhiyyə mütəxəssisinə ixtisaslarına aid nəzəri, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibə açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul qiymətləndiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Şəkərli diabet endokrin sisteminin ən çox yayılmış xəstəliyidir. Hazırda dünyada 250 milyondan çox şəkərli diabet xəstəsi var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 2-4 faizi bu xəstəlikdən əziyyət çəkir və hər 10-15 ildən bir xəstəliyin sayı 2 dəfə artır. Xəstəliyin yaranmasının əsas səbəbi mədəaltı vəzin hüceyrələri tərəfindən ifraz olunan insulin hormonunun tam və ya nisbi çatışmazlığıdır. Şəkərli diabetin müalicəsində insulindən istifadə edilməsi müasir təbabətin ən mühüm nailiyyətlərindən biri olub, xəstələrin uzun illər normal həyat tərzi keçirmələrinə, əmək qabiliyyətlərinin qorunub saxlanmasına imkan yaratmışdır.
Şəkər xəstəliyinin yaranmasında irsiyyət, çox yemək, oturaq həyat tərzi, piylənmə, kəskin və xroniki stress halları, pankreatit, qaraciyər xəstəlikləri və sair amillər mühüm rol oynayır.
İnsulin çatışmazlığı nəticəsində qlükozanın qandan hüceyrəyə, əzələ və piy toxumasına daxil olması çətinləşir, qlükogenin sintezi zəifləyir. Toxumalarda qlükoza aclığı yarandığından zülal və yağlardan qlükozanın yaranma mexanizmi işə düşür. Nəticədə, qanda qlükozanın miqdarı və keton cismlərinin miqdarı xeyli artır. Bu isə ateroskleroz prosesinə rəvac verir. Beyin, ürək, böyrək damarlarında, periferik arteriyalarda ateroskleroz prosesi sürətlənir.

Ardını oxu...

Naxçıvan şəhərində, eləcə də muxtar respublikamızın digər bölgələrində bir aptekdə satılan dərmanın digər aptekdə daha ucuz qiymətə təklif edildiyinə bu ünvanlara üz tutanlar tez-tez şahid olurlar. Belə hadisələrlə qarşılaşanlar gələn dəfə reseptlə bütün aptekləri gəzir, ən ucuz qiymətə dərman almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Elə redaksiyamıza edilən müraciətlərdə də müştərilərin əksəriyyəti bu sahədə vahid qiymət sisteminin tətbiq olunmasının zəruriliyini bildirirlər.

Mövzu ilə bağlı Naxçıvan şəhərində fəaliyyət göstərən əczaxanalarda kiçik bir araşdırma apardıq. Müşahidələr zamanı eyni dərmanların müxtəlif apteklərdə fərqli qiymətlərlə satıldığının şahidi olduq. Məsələn, Naxçıvan şəhərindəki 156 nömrəli əczaxanada “spazmalqon” adlı dərman 1 manata, “Əlincə” məhəlləsindəki fiziki şəxs Raidə Məhərrəmovaya aid aptekdə isə 1 manat 20 qəpiyə satılır. Həmin aptekdə “tetrasklin” 20 qəpiyə, şəhərimizin “57-ci” məhəlləsindəki “Səhhət” adlı əczaxanada 30 qəpiyə müştərilərə verilir. “İstiqlal” küçəsində fəaliyyət göstərən “Şəfalı” adlı əczaxanada “çikloferon”u 9 manat 60 qəpiyə, həmin küçədəki “Nicat” adlı aptekdə 9 manata, “Aptek-77”-də isə 10 manata satırlar. “İstiqlal” 77 ünvanındakı əczaxanada “çikloferon”un qiyməti 9 manat 50 qəpik, “Təbriz” 1 ünvanındakı əczaxanada 9 manat 20 qəpikdir. “İstiqlal” 115-də fəaliyyət göstərən fiziki şəxs Eylaz Kazımova aid əczaxanada “tilol” adlı dərman 50 qəpik, həmin küçədə yerləşən “Loğman-2” əczaxanasında 1 manat 60 qəpik, “Təbriz” 1 ünvanındakı əczaxanada isə 60 qəpikdir. Bu qiymət fərqi qiyməti daha yüksək olan dərmanların satışında da müşahidə olunur.

Ardını oxu...

Aprel ayının 1-dən 15-dək muxtar respublikanın bütün məktəblərində I-XI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə tuberkulin diaqnostikasının bir metodu olan mantu sınağının tətbiqinə başlanmışdır. Mantu sınağının uşaqlar arasında aparılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, vərəm çox böyük yoluxuculuğu olan infeksion xəstə­likdir. Bu xəstəliyin ayrıca klinik forması olan ilkin vərəm intoksikasiyası naməlum lokalizasiyalı vərəm infeksiyası ilə xarakterizə olunur. İlkin vərəm intoksikasiyasının rentgenoloji və instrumental müayinələrlə üzə çıxarılması mümkün deyil. Uşaq və yeniyetmələrdə ilkin vərəm intoksikasiyasının diaqnozu kütləvi şəkildə aparılan mantu sınağının nəticəsinə və ondan sonrakı şikayətlərin müqayisəli öyrənilməsinə əsaslanır. Belə uşaqların davranışında aşağıdakı dəyişiklik özünü göstərir: tezyorulma, əsəbilik, subfebril hərarət, iştahanın, bəzən həzmin pozulması, başağrıları, periferik limfa düyünlərinin böyüməsi və sair.

Ardını oxu...

Bu suala yalnız perinatal diaqnostika ilə cavab verilə bilər

Hər bir ata-ananın ən böyük arzusu dünyaya sağlam övlad gətirib onu cəmiyyət üçün yararlı vətəndaş kimi böyütməkdən ibarətdir. Lakin tale heç də hamının üzünə gülmür. Bəzən körpə müalicə olunmayan genetik xəstəliklərlə doğulur ki, bu da gələcəkdə əlilliklə nəticələnir.
Tibb elminin inkişafı, bu sahədə görülən işlər uşaqlarda əlilliyi erkən, hələ ana bətnində ikən müəyyənləşdirməyə imkan verən perinatal diaqnostikanın yaranmasına imkan verib. Perinatal diaqnostikanın məqsədi müalicə olunmayan genetik xəstəlikləri, anomaliyaları erkən hamiləlik həftələrində müəyyən etmək və ailənin seçiminə uyğun olaraq, tez bir zaman içərisində başa çatdırmaqdan ibarətdir. Onun metodları hesabına genetik xəstə­liklərin və əlilliyin qarşısını almaq mümkündür.
Muxtar respublikamızda perinatal diaqnostika səhiyyədə ilk addımlarını atan müayinə üsullarından biridir. Hazırda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Perinatal diaqnostika şöbəsi fəaliyyət göstərir.
Cari ilin ötən dövründə şöbə tərəfindən 170 fetal exokardio­qrafiya, 556 laborator, 170 terapiya, stomatologiya, mama-ginekoloji müayinələr aparılmış, müxtəlif qan nümunələri götürülmüş, risk qrupuna aid olan hamilələr nəzarətdə saxlanılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək martın 16-da Şərur rayonunun Danyeri kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan və lazımi tibbi avadanlıqlarla təchiz edilmiş həkim ambulatoriyasında həyata keçirilmişdir.
Gün ərzində 19 terapevt, 13 pediatrik, 16 cərrahi, 20 ginekoloji müayinə aparılmışdır. Kütləvi profilaktik tibbi müayinələrdə kənd ambulatoriyasının həkim və orta tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. İki uşaqda anemiya, 1 uşaqda revmatizm, 1 xəstədə xroniki beyin-qan dövranı çatışmazlığı müşahidə edildiyindən onlar dispanser qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Əhali arasında qrip, hipertoniya, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, ginekoloji, allergik, yuxarı tənəffüs yollarının xəstəlikləri barədə söhbətlər aparılmış, onların profilaktikası haqqında məlumatlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, indiyə kimi 350-dən yuxarı həkim şəffaf şəraitdə test imtahanları vermişdir.
Mart ayının 16-da şüa diaqnostikası və urologiya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamalı olmuşlar. Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Kəmalə Qurbanova test imtahanının qaydaları haqqında məlumat vermişdir.
Sonra Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir, irəliləyişə nail olunur. Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.

Ardını oxu...

Martın 15-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tuberkulin diaqnostikaya həsr olunmuş elmi-praktik seminar keçirilmişdir. Seminarda vərəmlə mübarizənin aktual problemləri ilə yanaşı, muxtar respublikanın məktəbliləri arasında vərəmin erkən aşkar olunması məqsədilə bu il aprelin 1-dən 15-dək aparılacaq kütləvi tuberkulin diaqnostikanın bir növü olan mantu sınağı ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsən­ova uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı erkən vərəmin aşkar edilib vaxtında müalicəyə cəlb edilməsi üçün şagirdlər arasında aparılan kütləvi mantu sınağının hər il ardıcıl şəkildə həyata keçirildiyini bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rzayev “Uşaq və yeniyetmələrdə vərəmin erkən aşkar edilməsi”, dispanserin Təşkilati-metodik kabinəsinin müdiri Məmmədəli Ələkbərov “Vərəm xəstəliyinin diaqnostikası və tuberkulin diaqnostika”, Dispanser şöbəsinin müdiri Taliyyə Xəlilova “Vərəm xəstəliyinin profilaktikası” mövzularında məruzələr etmişlər.
Seminarda şagirdlər arasında vərəmlə mübarizə aylığının səmərəli təşkili məqsədilə rayon mərkəzi xəstəxanalarında xüsusi briqadaların yaradılacağı, onların tərkibinə ərazi üzrə 1 həkim və 2 tibb bacısının daxil ediləcəyi bildirilmişdir. Vurğulanmışdır ki, bu aksiya iki mərhələdə həyata keçiriləcəkdir.
Tədbirdə işin səmərəli təşkili üçün ərazi səhiyyə müəssisələrinin həkim və orta tibb işçiləri qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər yüksək ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır. Təkcə ötən il ərzində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş oftalmoloqlar, kardiocərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 104 göz, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50 açıq ürək, 71 angioqrafiya, 32 stend qoyulması, 58 göz, 5 TUR, 3 plastik, 3 invaziv, 14 laporoskopik əməliyyatlar, 68 EXO, 37 ultrasəs, 27 qastroskopiya, 3 kolonoskopiya əməliyyatı aparılmışdır. 

Ardını oxu...

İnsanın yaşaması və fəaliyyət göstərməsi üçün hər gün müəyyən miqdarda enerji lazımdır. Orqanizm bu enerjini qəbul etdiyimiz qida vasitəsi ilə alır. Heç bir iş görmədikdə belə, bütün orqanizmin fəaliyyəti üçün enerji lazımdır. Bu enerji kilokalori adlanır. Hər bir insanın həyat fəaliyyəti üçün lazım olan kilokalori onun çəkisindən, skeletin quruluşundan, maddələr mübadiləsinin xüsusiyyətlərindən, ümumi fiziki aktivlikdən asılıdır. Əgər orqanizmə onun sərf etdiyi qədər enerji daxil olursa, bədən çəkisi bir səviyyədə qalır.
İnsan normadan az qidalanarsa, tələb olunan enerjini ödəmək üçün orqanizm artıq ehtiyatlarından istifadə edir. Orqanizmə daxil olmuş enerji normadan artıq olduqda bu enerji piy şəklində toplanır. Bizim istifadə etdiyimiz qida maddələri – yağlar, zülallar, karbohidratlar normadan artıq qəbul edildikdə, qida rasionu düzgün tərtib olunmadıqda, kalorili içkilərdən (şərab, kola və sair) çox istifadə edildikdə çəki artır.
Çəkinin artması müxtəlif səbəblərdən ola bilər. Təcrübə göstərir ki, uşaqlıqda kök olan insanlar əksər hallarda böyüdükdə də kök olurlar. Çünki kiçik yaşlardan əmələ gələn piy hüceyrələri ömür boyu qalır. Yaşlı insanlarda kökəlmə vaxtilə əmələ gəlmiş piy toxumasının artması hesabına baş verir. Yaxın qohumlar, dostlar tez-tez ənənəvi yeyib-içmək məclisləri qururlar, şənliklər, ziyafətlər keçirirlər. Müxtəlif kalorili yeməklər və şirniyyatlarla zəngin olan belə məclislər çox vaxt gecədən xeyli keçənədək davam edir. İştirakçılar isə birdəfəyə çoxlu kalori qəbul etmiş olurlar. Bu kalori sərf olunmadan birbaşa orqanizmdə piy şəklində toplanır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası tərəfindən mart ayının 4-dən Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin şagirdləri arasında tibbi yoxlamalara start verilib. Belə müayinələr ildə iki dəfə – yaz və payız mövsümlərində aparılır. Növbəti tədbirin reallaşdırılması üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət həkim briqadası yaradılmış, onun tərkibinə uşaq müəssisələri üzrə təşkil olunmuş pediatrik kabinənin həkim-pediatrları da daxil edilmişlər. Pediatr, nevropatoloq, burun-qulaq-boğaz, cərrah, stomatoloq, psixonevroloq və ortoped həkimlərindən ibarət briqada aprelin 10-dək hər bir şagirdin tibbi yoxlamaya cəlb edilməsi üçün ardıcıl iş aparacaqdır. Məqsəd aşkar olunan xəstəliklərin dispanser qeydiyyatını aparmaq, şagirdləri müalicə və reabilitasiyaya cəlb etmək, dispanser qeydiyyatında olan xroniki xəstələrin müayinə-müalicə və reabilitasiyasını təşkil etməkdən ibarətdir.
Briqadanın fəaliyyəti dövründə səhiyyə maarifi işinin aparılması da nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası ənənəvi hal alan növbəti xeyriyyə aksiyasına cari ilin fevral ayının 23-dən başlayıb. Aksiya martın 5-dək davam edəcək. 30-a yaxın xəstədə açıq ürək əməliyyatları nəzərdə tutulub. Bu məqsədlə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyəti tərəfindən açıq ürək əməliyyatlarına start verilib. İndiyədək 16 nəfər üzərində bu əməliyyatlar icra olunub. Martın 1-də isə 2 nəfər anadangəlmə ürək qüsuru olan azyaşlı uşaq və 2 ahıl üzərində mürəkkəb cərrahi əməliyyat uğurla başa çatdırılıb.
Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi” mövzusunda VI regional elmi-praktik konfrans keçirilib. Konfransı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq Mərkəzi Neftçilər Xəstəxanası ilə birgə əməkdaşlığın yerli həkimlərin və eləcə də tələbələrin praktik və təcrübi biliklərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir Ürək-Damar Xəstəlikləri Mərkəzi ilə birgə əməkdaşlığın başladığı 2007-ci ildən bəri 400-ə yaxın xəstə üzərində açıq ürək əməliyyatının aparıldığını, 200 nəfərə stend qoyulduğunu, minə yaxın xəstəyə isə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsullarının tətbiq olunduğunu bildirib.
Konfransda Türkiyə Respublikasının İzmir şəhərindəki Ege Universitetinin ürək və damar cərrahı professor-doktor Suat Buket, Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Xəstəlikləri Mərkəzinin müdiri Rəşad Mahmudov məruzə ediblər. Məruzələrdə dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər barədə məlumatlar verilib. Tədbirdə yeni müayinə və müalicə üsullarının tətbiqinə dair videomaterial göstərilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, dermatoloq, LOR həkimləri və laboratlardan ibarət həkim briqadası Şərur rayonunun Aşağı Yaycı kəndində olmuş, uşaqlara tibbi xidmət göstərmişdir. Həmin gün ixtisas həkimləri tərəfindən 83 uşaq tibbi müayinə ilə əhatə olunmuş, 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, dispanserizasiya işinin təşkili ilə əlaqədar ambulatoriyanın həkim və tibb bacılarına məsləhətlər verilmişdir. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri tövsiyə edilmiş, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar. Həkim ambulatoriyasının işçilərinə peyvəndlərin təqvim üzrə aparılması və tibbi sənədləşmənin həyata keçirilməsi üçün metodik köməkliklər göstərilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqu Abbasəli Abbasəliyev fevralın 22-24-də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuşdur. Mərkəzin həkimləri tərəfindən əvvəlcədən angioqrafiya əməliyyatına və stend qoyulmasına ehtiyacı olan xəstələr müəyyən edilərək növbəyə alınmışlar. Təcrübəli həkim iki gün ərzində 32 xəstə üzərində koronarangioqrafiya əməliyyatı aparmışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Kardiocərrahiyyə şöbəsinin fəaliyyəti dövründə yüzlərlə xəstə üzərində koronarangioqrafiya əməliyyatı aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Mamalıq klinik praktikasında anesteziya və intensiv terapiya” mövzusunda tibbi təlimlərə start verilmişdir.
Təlimin təqdimatında çıxış edən Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov tədbirin yerli kadrların peşə hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, onun səmərəliliyi üçün lazımi şəraitin yaradıl­dığını bildirmişdir.
İlk gün Litva Tibb Elmləri Universitetinin Kaunas klinikalarında mamalıq üzrə anesteziya və reanimasiya xidmətinin təşkili və respublikanın perinatal mərkəzində mamalıq üzrə xidmətin təqdimatı, anestezioloq-reanimatoloqun bilməli olduğu fizioloji və anatomik dəyişik­liklər, doğuşlar zamanı ağrı və ağrısızlaşdırmanın müasir mövzularında təlimlər keçirilmişdir.
Litva Sağlamlıq Elmləri Universiteti Xəstəxanasının Anesteziologiya və intensiv terapiya şöbəsinin müdiri, tibb elmləri doktoru, master-trener Keştutis Rimaitis təlimin gedişində kompyuter texnikasından, əyani vasitələrdən istifadə etmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.
Beş gün davam edəcək kurslardan sonra tədbir iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Hazırda mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsinə şərait yarandığından müalicə və müayinə üçün başqa yerlərə üz tutan xəstələrin sayı xeyli azalmışdır. Hələlik belə əməliyyatlar, əsasən, Bakıdan dəvət olunmuş Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstə­likləri Mərkəzinin yüksək ixtisaslı briqadası tərəfindən həyata keçirilir. Bununla yanaşı, yerli həkimlər də bu sahədə müəyyən uğurlara nail olmuşlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə hazır­da Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksək ixtisaslı briqadası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti humanitar aksiya keçirir. Kardiocərrahların, kardioloqların, anestezioloqların, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu briqada son iki gün ərzində 6 açıq ürək əməliyyatı həyata keçirmişdir.
Əməliyyat və müayinələrdə yerli həkimlərdən Şahin Mazanov, İntiqam Fətullayev, Süleyman Cəfərov da yaxından iştirak edirlər. Onların iştirakı ilə ürək əməliyyatına ehtiyacı olan xəstələr əvvəlcədən müəyyən olunaraq növbəyə alınmışlar. Həftənin sonunadək davam edəcək aksiyada, bütövlükdə, 30 xəstə üzərində açıq ürək əməliyyatının aparılması nəzərdə tutulmuşdur.
Həkim briqadasının fəaliyyəti dövründə gizli ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilmişdir. İclasda 2013-cü il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Səhiyyə Nazirliyi qarşısında qoyulan vəzifələr müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov qeyd etmişdir ki, muxtar respublikada əhaliyə laborator tibbi xidmət dövlət və özəl tibb müəssisələri tərəfindən həyata keçirilir. Bu məqsədlə Naxçıvan şəhərindəki tibb müəssisələrində, rayon mərkəzi xəstəxanalarında, bir sıra kənd xəstəxanalarında, özəl tibb ocaqlarında laborator şöbələr və ya kabinələr yaradılmışdır. Tibb müəssisələrinin əksəriyyəti son illərdə istifadəyə verildiyindən laborator şöbə və kabinələrdəki tibbi avadanlıqların, demək olar ki, hamısı müasir və təzədir. Ancaq bəzi müəssisələrdəki laborator şöbə və kabinələrin tibbi kadrlarla təminatı, onların peşəkarlığı, avadanlıqdan istifadəsi, müayinələrin keyfiyyəti istənilən səviyyədə deyildir. Kadr çatışmazlığı, həkimlərin və tibb işçilərinin bilik səviyyələrinin aşağı olması ən müasir avadanlıqlardan istifadə əmsalını aşağı salır, diaqnoz qoyularkən və ya laborator müayinələr aparılarkən səhvlərə yol verilir. Tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət zəifdir.

Ardını oxu...

Doğum Mərkəzində növbəti süni mayalanma aparılmışdır

Statistik məlumatlara görə, hazırda bütün dünyada 7 evlilikdən birində sonsuzluq problemi mövcuddur. Muxtar respublikamızda da təxminən 6 minə yaxın adam sonsuzluqdan əziyyət çəkir. Ötən beş ilə nisbətən ölkəmizdə süni mayalanmaya üz tutan ailələrin sayı 2 dəfə artıb. İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 8 ildir ki, Azərbaycanda da tətbiq edilir və bu müddətdə sözügedən üsulla dünyaya gələn uşaqların sayı 3 mini keçib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yaradılan, lakin mütəxəssis olmadığından fəaliyyət göstərə bilməyən Süni mayalanma şöbəsinin fəaliyyəti üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Jinemet” klinikası ilə qarşılıqlı əlaqələr yaradılıb. Bu klinika Türkiyədə yaradılan ilk süni mayalandırma müəssisələrindən biridir. Klinikanın hazır­da dünyanın ayrı-ayrı 6 ölkəsində filialı fəaliyyət göstərir. Onun fəaliyyəti dövründə minlərlə ata-anaya övlad sevinci nəsib olub, ailələrin təməli möhkəmlənib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsi çərçivəsində “Perinatal qulluğun keyfiyyətinin davamlılığının təmin edilməsi” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov ötən il Doğum Mərkəzində perinatal qulluq, ailə planlaması, doğuş zamanı yardım və yenidoğulanlara göstərilən tibbi yardımla əlaqədar təlimlərin keçirildiyini xatırlatmış, növbəti tədbirin bu sahədə qazanılan nəzəri biliklərin monitorinq alətləri ilə davamlılığının təmin edilməsinə xidmət etdiyini bildirmişdir.

Ardını oxu...

Cəvizin müalicəvi əhəmiyyəti insanlara hələ qədim zamanlardan məlum olmuşdur. 17-ci əsrdə hərbi həkimlər cəviz ağacının yarpaqlarından yara sağaldan vasitə kimi istifadə etmişlər. Cəviz ağacının altının və ətrafının havası ağciyər xəstəliklərinin – bronxial-astmanın, vərəmin, xroniki sətəlcəmin (ağciyər iltihabı) müalicəsində əhəmiyyətli təsirə malikdir.
Cəvizin ləpəsindən başqa, oduncağından, qabığından və yarpağından da istifadə edilir. İnsan beyninin kiçik formasını xatırladan cəviz vitamin və proteinlərlə zəngindir.
Gündə 3-5 ədəd cəviz yemək məsləhətdir. Cəviz qandakı xolesterinin səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr insan orqanizmini süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini stabilləşdirir, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki omega-3 və omega-6 yağ turşuları beynin inkişafına müsbət təsir göstərir, bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini davam etdirir.
Gigiyena və epidemiologiya ixtisasları üzrə fəaliyyət göstərən səhiyyə mütəxəssisləri yanvarın 25-də keçirilən növbəti mərhələdə müsahibə yolu ilə nəzəri və praktik biliklərini sınayıblar.
Sertifikasiyanın müsahibə turuna cəlb olunan 30 səhiyyə mütəxəssisinə ixtisaslarına aid nəzəri, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibə açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında məqbul qiymətləndiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə müəssisələrinin baş həkimləri və mülki müdafiə mütəxəssisləri üçün “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mülki müdafiə tibb xidmətinin rolu” mövzususnda kurs təşkil olunmuşdur.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən məşğələdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat vermişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Emin Qasımovun, Şərif Əsədovun, Azər Qasımovun, Rəcəb Səfərovun mühazirələri dinlənilmişdir.
Mühazirələrdə sülh və müharibə dövrlərində mülki müdafiənin məqsədi, təşkiledilmə prinsipləri və vəzifələri, əhalinin kimyəvi, güclü təsirli zəhərli və radioaktiv maddələrdən, bakterioloji vasitələrdən mühafizəsinin təşkili, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təşkili və hazır vəziyyətə gətirilməsi qaydalarından bəhs olunmuşdur.
Fövqəladə hallarda mülki müdafiə tibb xidmətinin əsas vəzifələri müəyyən olunmuş, zədələnmələr zamanı hospitalaqədərki mərhələdə tibbi yardımın göstərilməsi, əks-epidemik və sanitar-gigiyenik tədbirlərin aparılması, əhaliyə müalicə-profilaktika yardımının göstərilməsi qaydaları kompyuter texnikası ilə izah olunmuş, bununla əlaqədar videoçarx nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Göz insana təkcə görmək üçün deyil, həm də bu vaxtadək görünməyənləri aşkar etmək üçün verilib.
Elektrik lampası, televizor, kompyuter və sair insanların məişətinə daxil olmazdan əvvəl milyon illər ərzində insanların (əcdadlarımızın) görmə üzvlərinin dincəlmək üçün kifayət qədər vaxtı olub və gözlər bu rejimə, bu cədvələ uyğunlaşıb. Qeyd olunanlar insanların məişətinə daxil olduqca görmə üzvlərinin dincəlmək üçün vaxtı azalıb, onların üzərinə düşən yük dəfələrlə artıb.
Görmə üzvlərinin üzərinə düşən bu qədər ağır yükdən sonra əgər onlar hələ də bizi idarə edirlərsə, bu, onların həddən artıq mükəmməl bir kibernetik cihaz olduğuna dəlalət edir. Etiraf etməliyik ki, bu qədər mükəmməl kibernetik cihazın funksiyalarına müdaxilə etmək o qədər də asan deyil. Bunun üçün ehtiyatlılıq, mükəmməl bilik, dərin düşüncə, məntiq tələb olunur. Müdrik kəlamların birində ehtiyatlılıq barədə deyilir: “Ehtiyatlılıq müdrikliyin anasıdır”. Məntiq barədə Həzrəti Peyğəmbərimiz buyurub: “Allah-Taala məntiqdən dəyərli heç nə yaratmayıb”.

Ardını oxu...

Ötən ilin yekunlarına həsr olunan kollegiya iclasında nazir Niyazi Novruzov məruzə etmişdir. Bildirilmişdir ki, muxtar respublikada həyata keçirilən çoxşaxəli quruculuq işlərindən nazirlik və onun strukturları da bəhrələnmiş, ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, səhiyyə sisteminin maddi-texniki bazası daha da gücləndirilmişdir.
Qeyd olunmuşdur ki, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkar­lığının artırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ötən il Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kənd­lərində 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binaların tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət qayğısının parlaq ifadəsidir.
Bildirilmişdir ki, ötən illərdə olduğu kimi, yola saldığımız 2012-ci ildə də əhalinin sağlamlığının qorunması məqsədilə bir çox işlər görülmüşdür. Belə ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər, Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya və dezinseksiya tədbirləri ardıcıl olaraq yüksək intensivliklə davam etdirilmişdir. İdarəolunan yoluxucu xəstəliklərə görə planlı peyvəndə cəlbedilmə 96,4 faiz təşkil etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini davam etdirir.
Nevropatoloq və psixiatriya ixtisasları üzrə fəaliyyət göstərən səhiyyə mütəxəssisləri yanvarın 22-də keçirilən növbəti müsahibə mərhələsində nəzəri və praktik biliklərini sınayıblar.
Sertifikasiyanın müsahibə turuna cəlb edilən 12 səhiyyə mütəxəssisinə ixtisaslarına aid nəzəri, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibə açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul qiymətləndiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanda Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi əhalinin sağlamlığının mühafizəçisinə çevrilmişdir.
Muxtar respublikada səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra səhiyyənin inkişafını təmin etmək məqsədilə tarixi qərarlar qəbul etmişdir. Bu dövrdə şəhər və rayon mərkəzlərində, kənd­lərdə xəstəxanalar, poliklinikalar, tibb məntəqələri tikilir, yüksək səviyyəli tibbi kadrların hazırlığına böyük önəm verilirdi.
“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”, – deyən ulu öndərin qayğısı ilə muxtar respublikamızda da tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili üçün uğurlu addımlar atılmış, yeni səhiyyə müəssisələrinin tikintisinə, yenidən qurulmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə başlanılmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində 500 çarpayılıq respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir.

Ardını oxu...

Muxtar respublikamızın səhiyyə müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Burada yüksək ixtisaslı həkimlər tərəfindən dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıq, aparat və cihazlarla müayinə və müalicə işlərinin aparılması öz səmərəliliyini gündən-günə artırır. Bu səhiyyə müəssisəsində yaradılan, lakin mütəxəssis olmadığından fəaliyyət göstərə bilməyən Süni mayalanma şöbəsinin işə düşməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən, professor-doktor Teksen Çamlıbelin rəhbərlik etdiyi “Jinemed” klinikası ilə qarşılıqlı əlaqələr yaradılmışdır. Muxtar respublikamızda səfərdə olan klinikanın yüksək ixtisaslı heyəti dünən Doğum Mərkəzinin Süni mayalanma şöbəsində embrion transferinə başlamışdır.

Ardını oxu...

Göz cərrahiyyəsi muxtar respublika səhiyyəsində son illər yaradılmış tibbi xidmət sahələrindən biridir. Belə əməliyyatların aparılması üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Oftalmologiya kabinəsi fəaliyyət göstərir.
Kabinədə kompyuter-tonometr, biomikroskop, oftalmoskop, fakometr, vertikal-horizontal prizmalar, eləcə də digər müasir tibbi avadanlıq, aparat və cihazlar qurulmuş, həmin avadanlıqlardan səmərəli istifadə olunması üçün ixtisaslı tibbi kadrların hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika ixtisasını bitirmiş gənc həkimlər Gülşən Dikmen və Məhəmməd Vəliyev 2007-2009-cu illərdə, tibb bacısı Samirə Abbasova isə 2007-ci ildə Türkiyə Respublikasının Kocaeli Universitetində təkmilləşdirmə kurslarında olmuşlar.
Müasir dünya səhiyyəsində tətbiq olunan cərrahi əməliyyatların mənimsənilməsi, eyni zamanda ayrı-ayrı sahələr üzrə cərrahi avadanlıqlardan səmərəli istifadə edilməsi üçün kabinədə müəyyən tədbirlər həyata keçirilir. Türkiyə Respublikası və Bakı şəhərindən vaxtaşırı dəvət olunan yüksək ixtisaslı həkimlər burada yaradılmış şərait müqabilində mürəkkəb göz əməliyyatlarını icra edirlər. Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Rasim Həsənov və Mərkəzi Neftçilər Xəstəxanasının həkim-oftalmoloqu İmran Cərullazadənin rəhbərliyi ilə göz əməliyyatlarının yerli həkimlərlə birgə aparılması onların praktik peşə bacarıqlarının artmasına imkan yaratmışdır.

Ardını oxu...

Muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də gigiyena və epidemiologiya tədbirlərinin vaxtlı-vaxtında aparılmasıdır. Yola saldığımız 2012-ci ildə də belə tədbirlər davam etdirilib, içməli və açıq su mənbələrinə bakterioloji nəzarət aparılıb. Uşaq və yeniyetmə müəssisələrində fiziki inkişaf göstəriciləri nəzarətə götürülüb, yaşından asılı olaraq, uşaq orqanizminin vitamin və qida maddələrinə olan tələbatı menyu cədvəllərinin statistik işlənmə üsulu vasitəsi ilə təhlil edilib, metodik tövsiyələr verilib. Epidemik cəhətdən təhlükəli xəstəliklərin başvermə ehtimalı olan ərazilərdə profilaktik tədbirlərin sistemli olaraq həyata keçirilməsi təmin edilib. Su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, ümumilikdə, 31 min 746 obyektdə 472 min 247 kvadratmetr sahədə dezinfeksiya, 6891 obyektdə 259 min 911 kvadratmetr sahədə dezinseksiya və deratizasiya tədbirləri aparılıb.
Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayında mərkəzə yeni aparatlar verilib. Bu aparatlar vasitəsilə ərzaq məhsulları, inşaat materialları, uşaq oyuncaqları, tədris ləvazimatları üzərində gigiyenik, bakterioloji və radioloji müayinələr aparılacaqdır.

Xəbərlər şöbəsi

“Elektron sağlamlıq kartı” nədir?

Adından göründüyü kimi, bu yazıda “Elektron sağlamlıq kartı”nın paylanılmasının vəziyyəti haqqında söhbət açacağıq. Əvvəlcə “Elektron sağlamlıq kartı” haqqında oxucularımıza qısaca məlumat vermək istəyirik. Qeyd edək ki, “Vətəndaşların elektron sağlamlıq kartı” sisteminin tətbiqi ilə əlaqədar 2007-ci il yanvar ayının 1-dən doğulan hər bir uşağa dövlət tərəfindən pulsuz “Elektron sağlamlıq kartı” verilməsi nəzərdə tutulub. Sistemin tətbiqində əsas məqsəd müvafiq elektron qeydiyyatın hazırlanması vasitəsilə vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və insanların sağlamlığı barədə operativ məlumat bankının yaradılmasıdır. Əvvəllər hər bir şəxs haqqında tibbi məlumatlar səhiyyə müəssisələrində kağız üzərində və pərakəndə şəkildə idi. Sağlamlıq kartları şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq kartı sistemi uşaq anadan olduğu gündən etibarən bütün tibbi məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər və sair) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu kartdakı informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanalarda, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarında, apteklərdə və sair kompyuterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna, dəyişdirilə bilər. Muxtar respublikamızda bu sistemin tətbiqinə 2009-cu ildən başlanılıb. Bunun üçün regionumuzda fəaliyyət göstərən tibb müəssisələri lazımi avadanlıqlarla və digər ləvazimatlarla təchiz olunub. Bəs muxtar respublikada “Elektron sağlamlıq kartı”nın paylanılması işi necə aparılır? Valideynlər bu haqda hansı məlumatlara malikdirlər? Bu məqsədlə Naxçıvan şəhərində, Kəngərli, Babək və Culfa rayonlarında bəzi müşahidələr apardıq.

Ardını oxu...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq-Ürək Mərkəzində fəaliyyət göstərən invaziv kardioloq Elnur İmanov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə bərabər anadangəlmə ürək qüsurları olan uşaqların müayinə və müalicəsini davam etdirir. Bu ilin mart ayından etibarən vaxtaşırı olaraq şənbə və bazar günləri muxtar respublikamıza gələn təcrübəli mütəxəssis tərəfindən indiyədək mürəkkəb ürək qüsurlu yüzdən çox xəstə müayinə və müalicə olunmuşdur.
Ötən şənbə və bazar günləri də bu tədbir davam etdirilmiş, 25 xəstə üzərində elektrokardioqrafiya müayinəsi aparılmış, onlardan 23 nəfərin müxtəlif müalicə üsulları ilə müalicəsinə, 2 nəfərin isə invaziv metodla əməliyyatına göstəriş verilmişdir.
Bakı şəhərindən gəlmiş yüksək ixtisaslı kardioloqun Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində fəaliyyət göstərən həkim Nail Mehbalıyev və orta tibb işçiləri ilə birgə əməyi sayəsində yaş və çəki cəhətdən çox kiçik – ağciyər arteriyasının qapaq səviyyəsində darlığı olan hər iki xəstənin döş qəfəsi yarılmadan əməliyyat olunması həyata keçirilmişdir. Əməliyyatlar uğurlu alınmış, hər iki xəstə birgünlük stasionar nəzarətdən sonra evə buraxılmışdır.
Xatırladaq ki, əvvəlki illərdə belə cərrahi müdaxilələr üçün valideynlər başqa ünvanlara üz tutaraq maddi və mənəvi çətinliklər bahasına uzaq məsafələr qət etməli olurdular. İnvaziv əməliyyatın Naxçıvanda təşkil edilməsi əhaliyə göstərilən tibbi xidmətin təşkilində növbəti uğurlardan biridir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, dermotoloq, LOR həkimləri və laborantlardan ibarət həkim briqadası Naxçıvan şəhərinin Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində olmuş, uşaqlara tibbi xidmət göstərmişdir. Həmin gün ixtisas həkimləri tərəfindən 115 uşaq tibbi müayinə ilə əhatə olunmuş, 100 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, dispanserizasiya işinin təşkili ilə əlaqədar ambulatoriyanın həkim və tibb bacılarına məsləhətlər verilmişdir. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri tövsiyə edilmiş, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar. Həkim ambulatoriyasının işçilərinə peyvəndlərin təqvim üzrə aparılması və tibbi sənədləşmənin həyata keçirilməsi üçün metodik köməkliklər göstərilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi Adil Məmmədovun Bakıda “Təknur” mətbəəsində yenicə çapdan çıxmış əsəri belə adlanır. Qeyd edək ki, 1970-ci ildən həkimlik fəaliyyətinə başlayan Adil Məmmədov bu illərdə tibbin müxtəlif sahələrini əhatə edən bir neçə dərsliyin, yüzlərlə elmi məqalənin, həmçinin “Cəlil Məmmədquluzadə və təbabət”, “Mənim yaralı mahnılarım” kitablarının müəllifidir.
Adil Məmmədovun 608 səhifədən ibarət olan bu yeni kitabı qeyri-tibbi, humanitar ixtisaslı ali məktəblərin tələbələri, magistrant və fənn müəllimləri üçün nəzərdə tutulub. Kitabın yazılma məqsədini açıqlayan müəllif əvvəldə yazır ki, bu kitab cəmiyyətimizin bütün bilikli, elmli, qabiliyyətli, ziyalı təbəqəsinə təbabətdən yığcam məlumat vermək üçün nəşr olunub. Bununla belə, bu qiymətli dərslikdən sağlamlığının qeydinə qalmaq, orqanizmini öyrənmək istəyənlər də istifadə edə bilərlər. Yeddi fəsildən ibarət olan dərslikdə müəllif ilkin olaraq “Tibbi biliklərin əsasları” fənninin mahiyyəti və məqsədi barədə məlumat verir, təbabətin tarixindən danışır.
Kitabın maraqlı və diqqətçəkən fəsillərindən olan ikinci fəsil “Sağlamlıq və xəstəlik” adlanır. Burada orqanizmdə gedən iki əsas və fərqli proses olan sağlamlıqla xəstəliyin nə olduğunu anlamaq üçün geniş izah verilib, xəstəliklərin yaranmasının ümumi səbəbləri şərh edilib.
“Müalicə üsulları”, “İnsan orqanizminin quruluşu, funksiyası və inkişaf mərhələləri”, “Funksional sistemlər və aparatlar”, “Zədələnmələr-travmalar” fəsillərində, adlarından da göründüyü kimi, qarşıya qoyulmuş məqsəd sistemli şəkildə qruplaşdırılaraq izah edilib. Bu fəsillərin hər birindəki mövzular oxucu tərəfindən maraqla oxunur. Kitabı vərəqləyərkən aydınca sezilir ki, müəllif tibb elminin ən son nailiyyətləri, müalicə metod və vasitələrində tətbiq olunan yeni üsullarla yaxından tanışdır. Mövzular da həmin yeniliklərdən, təbabətin son nailiyyətlərindən istifadə edilməklə qələmə alınıb. Müəllif oxucunu müasir tibbin nailiyyətləri ilə tanış etməklə onu müasir dünyada müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən son üsul və texnologiyalara uyğun formada dolğun məlumatlandırır.
Kitabın son fəsli “Mülki müdafiə tibb xidmətinin əsasları” adlanır. Bu fəsildə mülki müdafiə tibb xidməti qüvvələrinin tərkibi və vəzifələri, bu xidmətin təşkilinin əsas prinsipləri, yardım növləri, zərərçəkənlərin və xəstələrin daşınma qaydaları, ilk tibbi yardımın ümumi qaydaları, kütləvi qırğın silahlarının tətbiqi zamanı yaranan bütün labüd xəstəliklər barədə geniş məlumatlar yer alıb. Eyni zamanda vəziyyətdən çıxış yolları, yayıla biləcək kütləvi xəstə­liklərə qarşı mübarizə üsulları şərh olunub.
Çox yaxşı haldır ki, kitabda sözügedən mövzularla bağlı izahlı formada rəngli şəkillər verilib. Bu da bəhs olunan mövzuların izahını asanlaşdırır.
İnanırıq ki, 140-dan çox elmi ədəbiyyatdan istifadə edilərək yazılan və nəfis şəkildə nəşr edilən bu kitab geniş oxucu auditoriyasının tibbi biliklərinin dərinləşməsinə və zənginləşməsinə dəyərli töhfələr verəcəkdir.

 

Əzəmət HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR