22 Dekabr 2024, Bazar

“Elektron sağlamlıq kartı” nədir?

Adından göründüyü kimi, bu yazıda “Elektron sağlamlıq kartı”nın paylanılmasının vəziyyəti haqqında söhbət açacağıq. Əvvəlcə “Elektron sağlamlıq kartı” haqqında oxucularımıza qısaca məlumat vermək istəyirik. Qeyd edək ki, “Vətəndaşların elektron sağlamlıq kartı” sisteminin tətbiqi ilə əlaqədar 2007-ci il yanvar ayının 1-dən doğulan hər bir uşağa dövlət tərəfindən pulsuz “Elektron sağlamlıq kartı” verilməsi nəzərdə tutulub. Sistemin tətbiqində əsas məqsəd müvafiq elektron qeydiyyatın hazırlanması vasitəsilə vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və insanların sağlamlığı barədə operativ məlumat bankının yaradılmasıdır. Əvvəllər hər bir şəxs haqqında tibbi məlumatlar səhiyyə müəssisələrində kağız üzərində və pərakəndə şəkildə idi. Sağlamlıq kartları şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq kartı sistemi uşaq anadan olduğu gündən etibarən bütün tibbi məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər və sair) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu kartdakı informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanalarda, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarında, apteklərdə və sair kompyuterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna, dəyişdirilə bilər. Muxtar respublikamızda bu sistemin tətbiqinə 2009-cu ildən başlanılıb. Bunun üçün regionumuzda fəaliyyət göstərən tibb müəssisələri lazımi avadanlıqlarla və digər ləvazimatlarla təchiz olunub. Bəs muxtar respublikada “Elektron sağlamlıq kartı”nın paylanılması işi necə aparılır? Valideynlər bu haqda hansı məlumatlara malikdirlər? Bu məqsədlə Naxçıvan şəhərində, Kəngərli, Babək və Culfa rayonlarında bəzi müşahidələr apardıq.

 H.Rəhmanov küçəsinin nə həkimi var, nə də tibb bacısı

Naxçıvan şəhərinin H.Rəhmanov küçəsində 30-dan çox ünvanda olduq. Ailə başçıları ilə söhbətləşdik. Ancaq bu ünvandakı ailələrin heç birinin adıçəkilən kart barədə məlumatları yoxdur. Səfərli, Sadiqli, Vəliyevlər, Məmmədovlar, Piriyevlər, Mirzəzadə, Mirzəyevlər və başqa ailələrin adlarını çəkə bilərik. Düşündük ki, bu ailələrdə böyüyən uşaqlar hələ sistemə daxil edilməyən uşaqlardır. Maraqlıdır ki, bu ailələrdən kartların hazırlanması barədə sənəd də tələb olunmayıb.
Üz tutduğumuz N.Nərimanov və N.Naxçıvani küçələrində də eyni vəziyyətlə rastlaşdıq. Həmin ünvanlarda qeydiyyatda olan ailələrlə görüşdük. Cavadlı ailəsində 2 uşaq böyüyür. Uşaqların birinin sağlamlıq kartı var. Ancaq bu kartı Bakı şəhərindən aldıqlarını deyirlər. Ailə iki ilə yaxındır ki, N.Naxçıvani ünvanında yaşayır və bu ünvanda da qeydiyyatdadır. Ailə başçısı bildirdi ki, nə sahə həkimini, nə də tibb bacısını tanıyırlar. Əlavə etdi ki, kiçikyaşlı övladını peyvəndə belə çağırmırlar.
Ertəsi gün İ.Əbilov küçəsində olduq. Burada yaşayan Ələkbərovlar ailəsinin 2007-ci il təvəllüdlü qızlarına sağlamlıq kartı verilməyib və bu haqda ailənin məlumatı yoxdur. Deyirlər ki, heç bu haqda bizə sənəd hazırlamağı da bildirməyiblər. Sonra həmin evin yanındakı digər ünvanın qapısını döydük. Əliyevlər ailəsində isə əkiz uşaq böyüyür. Bu ailənin başçısı deyir ki, heç yoxlamağa gəlirlər, kart da verələr? Ə.Şərif küçəsində isə Qədimli ailəsində olduq. Burada da əkiz uşaq böyüyür. Bu ailədən də sağlamlıq kartının hazırlanması üçün sənəd tələb olunmayıb. Həmin küçədə daha bir neçə ailədə sorğu apardıq, heç bir ailə sağlamlıq kartı barədə söz deyə bilmədi. Üz tutduğumuz Xətai küçəsində yaşayan İbrahimli, Həsənovlar, Xətai məhəlləsindəki Hacıyevlər, Musayevlər, Məmmədovlar ailələrində müxtəlif təvəllüdlü uşaqların böyüdüklərini, onlara da sağlamlıq kartlarının verilmədiyini müəyyən etdik.
Şəhərimizin “Çənlibel”, “Atabəylər” məhəllələrində isə bir neçə ailədə sağlamlıq kartına rast gəldik.

Baş həkim kartların olmamasının günahını valideynlərdə görür

Araşdırmalarımız ərəfəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına üz tutduq. Baş həkim Rəhim Rəhimov bildirdi ki, şəhər üzrə indiyə kimi 3560 uşaq kartla təmin olunub. Sistemə daxil edilməyən uşaqların sayı isə 1957-dir. Əlavə etdi ki, siz olduğunuz ünvanlarda qeydiyyatda olan uşaqlar, yəqin ki, sistemə daxil olunmayanlardır. Sual oluna bilər: əgər bu qədər uşağa sağlamlıq kartı verilibsə, nə üçün araşdırma apardığımız əksər ünvanlarda “uşağın sağlamlıq kartı var” deyənə rast gəlmədik? Həm də bizim, necə deyərlər, adda-budda araşdırma apardığımız ünvanlarda... Digər bir tərəfdən, nədənsə baş həkim bunun günahını valideynlərdə görür. Bildirir ki, valideynlərin sənədləri yubatmaları ucbatından bəzi ailələrə “Elektron sağlamlıq kartı” verilməyib. Maraqlıdır ki, yuxarıda da dediyimiz kimi, sorğu apardığımız ailələrin heç birindən sənəd tələb olunmayıb. Tələb olunsa belə, bunun nə üçün lazım olduğu deyilməyib.
Onu da bildirək ki, xəstəxanada H.Rəhmanov küçəsinin nə tibb bacısının, nə də sahə həkiminin adını müəyyənləşdirmək mümkün oldu. Baş həkimdən tutmuş şöbə müdirinə qədər hərə bir ad dedi. Əziz oxucular, günah valideynlərdədirmi? Bu anda bir müqayisə aparmaq istəyirəm. Məsələn, “Çənlibel” və “Atabəylər” məhəllələrində apardığımız araşdırmalarda ailələrin əksəriyyətində “Elektron sağlamlıq kartı”na rast gəldik. Bu, o deməkdir ki, həmin ünvanlara təhkim olunmuş həkimlər vəzifə borclarını yerinə yetiriblər. Əlavə şərhə ehiyac yoxdur.

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasını müdafiə edir, ancaq rəhbərlik etdiyi xəstəxanadan xəbəri yoxdur

Sonra yolumuzu Kəngərli rayonundan saldıq. Gəlişimizin məqsədini öyrənmə­miş Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vaqif Məmmədov Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasını müdafiə etməyə başladı. Bir anlıq duruxduq – bəlkə, biz başqa ünvana gəlmişik, – deyə fikirləşdik. Baş həkimin dedikləri:
– Niyə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına getmisiniz? Orda ki hər şey qaydasındadır, yalan danışırsınız. Bu anda düşündük ki, yəqin, başçılıq etdiyi xəstəxanada bu sahədə hər şey qaydasındadır. İlk sualımızı ünvanlayanda baş həkim:
– Sizin ixtiyarınız yoxdur, mənə sual verəsiniz, – deyir.
Sonra isə bir qədər səs tonunu dəyişərək xəstəxananın həkim-pediatrı Nəcəf həkimdə bütün məlumatların olduğunu bildirir. Nəcəf həkimin dediklərindən:
– Xəstəxanada uşaqların sistemə daxil edilməsi vaxtlı-vaxtında aparılır. Kəndlərdəki səhiyyə müəssisələri kartları xəstəxanadan alaraq vətəndaşlara paylayır. Bəzən yerlərdəki həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin səhlənkarlığı ucbatından sağlamlıq kartlarının paylanması ləng aparılır. Maarifləndirici söhbətlər aparmağımıza baxmayaraq, hələ də elə tibb bacıları var ki, sağlamlıq kartının nə olduğunu bilmirlər. Onu da qeyd etməliyəm ki, uşaq hər hansı xəstəxanaya və ya həkimə müayinəyə aparılırsa, vətəndaşdan mütləq sağlamlıq kartı tələb edilməlidir.

Sən saydığını say...

Xəstəxanada bəzi məlumatları öyrəndikdən sonra bu yaxınlarda istifadəyə verilən Çalxanqala kənd həkim ambulatoriyasına üz tutduq. Düşündük ki, yeni istifadəyə verilən müəssisədir və yaradılan şərait müqabilində səhiyyə işçiləri öz işlərinin öhdəsindən layiqincə gələrlər. Ambulatoriyada gördüklərimiz isə yadımıza “sən saydığını say” misalını saldı. Belə ki, səhiyyə müəssisəsində bu sahəyə baxan tibb bacılarını tapa bilmədik. Həkim ambulatoriyasının baş həkiminə bildirdik ki, bizdə olan məlumata görə, rayon mərkəzi xəstəxanasından ambu­latoriyaya sağlamlıq kartları verilib. “Kənddə neçə uşağa sağlamlıq kartı paylanılıb?” sualına cavab olaraq Telman həkim dedi ki, xəstəxanadan sizə yalan deyiblər. Bizə “Elektron sağlamlıq kartı” verilməyib. Halbuki Kəngərli Rayon Mərkəzi Xəstəxanasında Çalxanqala kəndinə sağlamlıq kartının verilməsi barədə qeydiyyat aparılıb. Kənddə bir neçə ailə ilə söhbətləşdik. Ancaq heç bir ailədə bu karta rast gəlmədik. Yurdçu kəndində də vəziyyət belədir. Qarabağlar kəndində “Elektron sağlamlıq kartı”na rast gəldik. Ancaq ailələrdə deyil, həkim ambulatoriyasında. 

Sən demə, “Elektron sağlamlıq kartı” uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün verilir

Yolumuz Babək rayonunun Yarımca kənd həkim ambulatoriyasınadır. Burada kənddəki uşaqlara “Elektron sağlamlıq kartı”nın paylanıldığını bildirdilər. Biz də bir neçə ailədə olduq. Həqiqətən də, ailələrin əksəriyyətində “Elektron sağlamlıq kartı”na rast gəldik. Ancaq təəssüf ki, heç bir valideyn bu kartdan harada və nə üçün istifadə olunacağını bilmir. Səhiyyə maarifi işinin rayonda hansı səviyyədə olduğundan oxucu özü nəticə çıxarsın.
Kərimbəyli kənd həkim ambulatoriyasında “Elektron sağlamlıq kartı”nın paylanılması tibb bacıları Səfurə Bağırova və Gülnarə Nəcəfovaya tapşırılıb. Tibb bacılarından birinə sual verirəm: “Elektron sağlamlıq kartı” nədir? Tibb bacısı: “Bu kart uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün verilir”. Səhiyyə işçisi, özü də bilavasitə kənddə bu işə baxan tibb bacısının kart haqqında məlumatı belədir. Belə vəziyyətlə Zeynəddin kənd həkim ambu­latoriyasında da qarşılaşdıq. Səmayə Abdullayeva, Leylan Həsənova, Ülkər İsmayılova adlı tibb bacılarının heç biri bu kart haqqında bizə məlumat verə bilmədi. Ancaq onlardan biri, deyəsən, bir qədər məlumatlı idi. Dedi ki, bu kart uşaqlara gələcəkdə sənəd verilməsi üçün lazımdır. Tibb bacılarından biri isə bu kartın nə üçün verildiyini izah etməyi bizdən xahiş etdi.

Ərəzin kənd həkim ambulatoriyasından mərkəzi xəstəxanaya yalan məlumat verilir

Sonuncu araşdırmamızı Culfa rayonunda apardıq. İlk olaraq Ərəzin kəndinə üz tutduq. Həkim ambulatoriyasında həkimi yerində tapa bilməsək də, tibb bacısı canfəşanlıqla rayon mərkəzi xəstəxanasından gətirilən “Elektron sağlamlıq kartları”nı bizə göstərir. Fotoda gördüyünüz “Elektron sağlamlıq kartları” həmin ambulatoriyada çəkilib. Tibb bacıları kartların paylanmamasının səbəbini izah edə bilmədilər. Cavabı rayon mərkəzi xəstəxanasında axtarmağa başladıq. Məlum oldu ki, Ərəzin kənd həkim ambulatoriyasının həkimi avqust ayında kartları xəstəxanadan təhvil alıb. Sonra da xəstəxanaya məlumat verib ki, kartları paylamışıq. Lakin kartları həkim ambulatoriyasında toz basmaqdadır. Bu da onu göstərir ki, Ərəzin kənd həkim ambulatoriyasından mərkəzi xəstəxanaya yalan məlumat verilir.

Son söz yerinə və ya vicdanın səsi...

Hörmətli oxucular, uşaqların sağlamlıq kartları ilə təminatının nə səviyyədə olduğunu siz də gördünüz. Bu iş sahələrdə işləyən səhiyyə işçilərinin vicdanına qalıb. Onlar öz işlərinə biganə yanaşmamalıdırlar. Bəzi sahə həkimləri, sahə tibb bacıları var ki, heç ayda bir dəfə də olsun, təhkim edildikləri ünvanlarda uşaqların sağlamlığı ilə maraqlanmırlar. Bu, məsələnin bir tərəfidir. Bizim məqsədimiz isə “Elektron sağlamlıq kartı”nın verilməsi ilə bağlıdır. Bu kartların verilməsində heç bir çətinlik yoxdur. Çünki üz tutduğumuz ünvanların hamısı son illərdə müasir tələblər səviyyəsində tikilib istifadəyə verilən tibb müəssisələridir. Səhiyyə obyektləri lazımi avadanlıqlarla təchiz olunub, hərtərəfli şərait yaradılıb. Ancaq təəssüf ki, səhiyyə işçilərinin bəziləri öz işlərini yaradılan şərait müqabilində qurmayıblar. Nəticəsi də qeyd etdiyimiz nöqsanlara gətirib çıxarıb. Görəsən, belə səhiyyə işçiləri nə düşünürlər? Çox təəssüf ki, onların özləri belə, bu kartların mahiyyətini bilmirlər. Deməli, səhiyyə maarifi işi çox aşağı səviyyədədir. Bir məsələni də xüsusi vurğulamağa ehtiyac var. Nə üçün həmsöhbət olduğumuz baş həkimlər mövcud nöqsanları aradan qaldırmaq əvəzinə onları ört-basdır etməyə və bizi borclu çıxarmağa çalışırlar? Onu da nəzərə çatdıraq ki, müşahidələrimizlə bağlı hansısa şübhəli məqam düşünürsünüzsə, bizə müraciət edin. Olduğumuz ünvanlarda müşahidə etdiklərimizi və söhbətlərimizi tutarlı dəlillərlə sizə təqdim etməyə hazırıq.
Hörmətli oxucular, növbəti araşdırmalarımızı Şərur, Şahbuz, Sədərək və Ordubad rayonlarında davam etdirəcəyik.

 

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR