22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın səhiyyə müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Burada yüksək ixtisaslı həkimlər tərəfindən dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıq, aparat və cihazlarla müayinə və müalicə işlərinin aparılması öz səmərəliliyini gündən-günə artırır. Bu səhiyyə müəssisəsində yaradılan, lakin mütəxəssis olmadığından fəaliyyət göstərə bilməyən Süni mayalanma şöbəsinin işə düşməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən, professor-doktor Teksen Çamlıbelin rəhbərlik etdiyi “Jinemed” klinikası ilə qarşılıqlı əlaqələr yaradılmışdır. Muxtar respublikamızda səfərdə olan klinikanın yüksək ixtisaslı heyəti dünən Doğum Mərkəzinin Süni mayalanma şöbəsində embrion transferinə başlamışdır.

Bununla əlaqədar keçirilən tədbirdə baş həkim Yaşar Həsənov bildirmişdir ki, hazırda bütün dünyada 7 evlilikdən birində sonsuzluq problemi mövcuddur. Muxtar respublikamızda da təxminən 6 minə yaxın adam sonsuzluqdan əziyyət çəkir. Süni mayalanma şöbəsi fəaliyyət göstərmədiyindən sonsuzluqdan əziyyət çəkən ailələr müayinə və müalicə üçün başqa yerlərə üz tutmalı olurdular.
Son vaxtlar səhiyyə sistemində həyata keçirilən tədbirlər sonsuzluğun da aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Bu məqsədlə artıq 50 qadın növbəyə alınmış və müalicə üçün tibbi yoxlamadan keçirilmişdir.
Tədbirdə qeyd edilmişdir ki, “Jinemed” klinikası Türkiyədə yaradılan ilk süni mayalandırma müəssisələrindən biridir. Klinikanın hazırda dünyanın 6 ölkəsində filialı fəaliyyət göstərir. Onun fəaliyyəti dövründə minlərlə ailəyə uşaq sevinci nəsib olmuş, ailələrin təməli möhkəmlənmişdir.
Tədbirin ilk günü sonsuzluqdan əziyyət çəkən 6 qadın üzərində ekstrakorporal mayalanma aparılmışdır. Embrion transferi embrioloq Murad Uluq, süni mayalanma üzrə mütəxəssis Mövlana Cəlaləddin Örnək və “Jinemed” klinikasının Bakı şəhərindəki filialının ginekoloqu Elnurə Mustafayeva tərəfindən həyata keçirilmişdir.
Doğum Mərkəzində hazır embrionların transferi üç gün sonra davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR