22 Dekabr 2024, Bazar

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanda Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi əhalinin sağlamlığının mühafizəçisinə çevrilmişdir.
Muxtar respublikada səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra səhiyyənin inkişafını təmin etmək məqsədilə tarixi qərarlar qəbul etmişdir. Bu dövrdə şəhər və rayon mərkəzlərində, kənd­lərdə xəstəxanalar, poliklinikalar, tibb məntəqələri tikilir, yüksək səviyyəli tibbi kadrların hazırlığına böyük önəm verilirdi.
“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”, – deyən ulu öndərin qayğısı ilə muxtar respublikamızda da tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili üçün uğurlu addımlar atılmış, yeni səhiyyə müəssisələrinin tikintisinə, yenidən qurulmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə başlanılmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində 500 çarpayılıq respublika xəstəxanası, doğum evi kompleksi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı nəticəsində səhiyyə sistemində həyata keçirilən islahatlar özünün keyfiyyətcə yeni mərhələsinə yüksəlmişdir. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə müəssisələrində keyfiyyətli dərman və tibbi preparatlarla təchizat yaxşılaşdırılmış, ixtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların sağlamlıqlarının qorunması prioritet məsələyə çevrilmişdir.
Naxçıvan səhiyyəsinin intensiv inkişaf dövrü kimi xarakterizə olunan 1995-2012-ci illərdə istifadəyə verilən səhiyyə müəssisələri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ölkədə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar öz faydasını verməkdədir. Muxtar respublikanın ayrı-ayrı şəhər, qəsəbə və kəndlərində qeyd olunan dövr ərzində 200-ə yaxın səhiyyə obyekti istifadəyə verilmişdir.
Ötən müddətdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.
Son 10 ilin ən möhtəşəm qurucu­luq ünvanlarından olan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Onkoloji Mərkəz, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Körpələr Evi, Ağciyər və Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları muxtar respublikada həyata keçirilən məqsədyönlü səhiyyə islahatlarının bəhrəsidir. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatları barədə demişdir: “Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait vardır”.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binası istifadəyə verilmişdir. Həmçinin il ərzində muxtar respublikada Kardioloji Mərkəzin yeni binasının, kəndlərdə 5 xəstəxanatipli həkim ambulatoriyasının, 7 feldşer-mama məntəqəsinin və 1 feldşer məntəqəsinin açılışı olmuşdur. Kardioloji Mərkəzdəki elekrokardioqrafiya, exokardioqrafiya, mobil rentgen, kardiomonitorlar, böyüklər və uşaqlar üçün süni tənəffüs aparatları xəstələrə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Yaradılan şərait nəticəsində artıq Naxçıvanda mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatları həyata keçirilir. Yüksək ixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları ənənə halını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili onların həm maddi, həm də mənəvi problemlərinin həllində mühüm rol oynayır. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması və digər əməliyyatlar uğurla həyata keçirilir.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın qabaqcıl ölkələrinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Yüksək ixtisaslı həkimlər angioqrafiya, kom­pyuter tomoqrafiyası, rəqəmsal rentgen­oqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı aparatları ilə xəstələrə xidmət göstərirlər. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi artıq 7 ildir ki, əhalinin sağlamlığı keşiyində durur. Burada təcili yardım, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, müasir aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar fəaliyyət göstərir. Mərkəzi sinir sisteminin və sinir əzələlərinin fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə tətbiq edilən müayinə üsulları regionda ilk dəfə olaraq burada tətbiq edilir. Müasir tələblərə cavab verən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ötən il Süni mayalanma mərkəzi fəaliyyətə başlamışdır.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da böyük önəm verilir, səhiyyə maarifi işi həyata keçirilir. Gənc ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların patronaj xidməti, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi diqqət mərkəzində saxlanılır, istehsal müəssisələrində bədbəxt hadisələr zamanı ilk yardım mövzusunda seminar və praktik məşğələlər keçirilir. Bütövlükdə həyata keçirilən profilaktik və əks­epidemik tədbirlər nəticəsində muxtar respublikada ana və uşaq ölümü minimuma enmiş, əhali arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəlikləri qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu sahədə görülən işlər barədə demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir... Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Hazırda muxtar respublika əhalisinə 239 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 762 həkim, 2 mindən artıq orta tibb işçisi çalışır. Həkim və tibb işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 56 nəfəri Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüş, 8 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bu gün ağxalatlı peşə sahibləri muxtar respublikada səhiyyə xidmətinin genişlənməsi və keyfiyyətinin daha da artırılmasına səy göstərir, Naxçıvan səhiyyəsinin inkişaf və tərəqqisi yolunda əzmlə çalışırlar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR