22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda səhiyyə ocaqları üçün yeni binaların inşa olunması, belə müəssisələrin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, muxtar respublikaya ixtisaslı tibbi kadrların dəvət edilərək onların burada müayinə və müalicə aparmaları və digər tədbirlər öz bəhrələrini verməkdədir. Bir neçə ildir ki, ölkəmizin paytaxtından muxtar diyarımıza müxtəlif ixtisaslar üzrə həkimlərin dəvət olunması artıq davamlı xarakter alıb. Bu istiqamətdə son illər həyata keçirilən tədbirlər region sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Bu günlərdə “Xəzər qayğıkeşlik layihəsi” humanitar təşkilatının 7 nəfərlik həkim briqadası aztəminatlı insanlarda okuloplastik oftalmoloji müayinə və əməliyyatlar aparılması məqsədilə Naxçıvan Muxtar Respublikasına gəlib. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində layihənin rəhbəri Polad Məmmədli ilə görüşüb həmsöhbət olduq. Bildirdi ki, həkim briqadası 4 gün Naxçıvanda olacaq. Burada ptoz, dcr, entropion, chalazion və digər bu kimi göz xəstəliklərindən əziyyət çəkən insanların müayinə və müalicəsini aparmaq nəzərdə tutulub. Artıq müayinələr başa çatıb. 70 nəfər bu prosesdə qeydə alınıb. Onlardan 18-nin üzərində əməliyyat aparılacaq.

Qeyd edək ki, briqadanın tərkibində amerikalı həkim Bert Bauçin də var. 
Mərkəzə müayinə və müalicəyə gələn insanlarla da görüşdük. Onların bu xeyirxah tədbirə münasibətlərini bilmək istədik. Babək rayonunun Cəhri kəndindən gəlmiş Əfsanə Əhmədova dedi:
– Neçə illərdir ki, göz xəstəliyindən əziyyət çəkirəm. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bu xeyirxah tədbirin təşkil olunmasını eşidəndə inanmadım. Çünki maraqlanıb öyrənmişdim ki, belə xəstəliklərin xarici ölkələrdə çox baha qiymətə müalicəsi aparılır. Ümidimi qırmayıb buraya müraciət etdim. Budur, artıq müayinədən keçmişəm. Sabah müalicəm başlayacaq. Düşünürəm ki, belə tədbirlər muxtar respublikada yaşayan insanlara, xüsusilə də aztəminatlı şəxslərə ən böyük dövlət qayğısıdır.
Naxçıvan şəhərinin Qaraçuq kənd sakini Pakizə Həsənova da göz xəstəliyindən əziyyət çəkənlərdən biridir. Bu gün o da müalicə olunanlar arasındadır. Özünün də dediyi kimi, pulsuz-parasız. Onun söhbəti:
– Son illər Naxçıvanda mənim kimi yüzlərlə adamın müxtəlif xəstəliklərdən pulsuz olaraq müalicə edilməsini eşitmişəm. Bu gün isə bunun şahidi oldum. Həkim briqadası üzvlərinin xəstələri diqqətlə dinləmələri, onların xəstəliklərini dərindən öyrənmələri və müalicə təyin etmələri mənə də xoş təsir bağışladı. Düşünürəm ki, xəstələrlə səmimi davranan, onların müalicəsinə çalışan bu həkimlər həm də yüksək insani keyfiyyətlərə malikdirlər. Onların buraya gəlməsini təşkil edən, naxçıvanlıların sağlamlığı qayğısına qalan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.
Naxçıvan şəhər sakini Çimnaz Əsgərova da Pakizə Həsənova ilə söhbətimizə qoşuldu. Bugünkü aksiyadan xeyli razı qaldığını dilə gətirdi. Bunun üçün o da minnətdar olduğunu vurğuladı. Bildirdi ki, gözlərin işığını özünə qaytarmaq böyük savab, bu işi təşkil etmək isə ən böyük xeyirxahlıqdır.
Şərur rayonunun Düdəngə kəndindən iki yaşyarımlıq oğlu Adil Nağıyevi müalicəyə gətirən Habil Nağıyevin də hisslərini duymaq çətin deyildi. Onunla söhbətdə bildirdi ki, övladının gözlərində zondqoyma əməliyyatı aparılmalıdır. Bu barədə əvvəllər də eşidib, lakin prosesin ağır keçəcəyindən çəkinib. Burada gördükləri və layihənin rəhbəri Polad Məmmədli ilə söhbəti onu təşvişdən qurtarıb. Habil Nağıyev də belə tədbir üçün xeyli razılıq etdi. Bildirdi ki, bu müalicə üçün başqa yerlərə üz tutmaq imkanı yoxdur. Elə buraya müayinə və müalicəyə gələnlər də onun kimi. Buna görə də dövlətimizin son illər bu istiqamətdə həyata keçirdiyi tədbirləri ürəkdən dəstəklədiyini və minnətdarlığını bildirdi.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR