22 Dekabr 2024, Bazar

Tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi Adil Məmmədovun Bakıda “Təknur” mətbəəsində yenicə çapdan çıxmış əsəri belə adlanır. Qeyd edək ki, 1970-ci ildən həkimlik fəaliyyətinə başlayan Adil Məmmədov bu illərdə tibbin müxtəlif sahələrini əhatə edən bir neçə dərsliyin, yüzlərlə elmi məqalənin, həmçinin “Cəlil Məmmədquluzadə və təbabət”, “Mənim yaralı mahnılarım” kitablarının müəllifidir.
Adil Məmmədovun 608 səhifədən ibarət olan bu yeni kitabı qeyri-tibbi, humanitar ixtisaslı ali məktəblərin tələbələri, magistrant və fənn müəllimləri üçün nəzərdə tutulub. Kitabın yazılma məqsədini açıqlayan müəllif əvvəldə yazır ki, bu kitab cəmiyyətimizin bütün bilikli, elmli, qabiliyyətli, ziyalı təbəqəsinə təbabətdən yığcam məlumat vermək üçün nəşr olunub. Bununla belə, bu qiymətli dərslikdən sağlamlığının qeydinə qalmaq, orqanizmini öyrənmək istəyənlər də istifadə edə bilərlər. Yeddi fəsildən ibarət olan dərslikdə müəllif ilkin olaraq “Tibbi biliklərin əsasları” fənninin mahiyyəti və məqsədi barədə məlumat verir, təbabətin tarixindən danışır.
Kitabın maraqlı və diqqətçəkən fəsillərindən olan ikinci fəsil “Sağlamlıq və xəstəlik” adlanır. Burada orqanizmdə gedən iki əsas və fərqli proses olan sağlamlıqla xəstəliyin nə olduğunu anlamaq üçün geniş izah verilib, xəstəliklərin yaranmasının ümumi səbəbləri şərh edilib.
“Müalicə üsulları”, “İnsan orqanizminin quruluşu, funksiyası və inkişaf mərhələləri”, “Funksional sistemlər və aparatlar”, “Zədələnmələr-travmalar” fəsillərində, adlarından da göründüyü kimi, qarşıya qoyulmuş məqsəd sistemli şəkildə qruplaşdırılaraq izah edilib. Bu fəsillərin hər birindəki mövzular oxucu tərəfindən maraqla oxunur. Kitabı vərəqləyərkən aydınca sezilir ki, müəllif tibb elminin ən son nailiyyətləri, müalicə metod və vasitələrində tətbiq olunan yeni üsullarla yaxından tanışdır. Mövzular da həmin yeniliklərdən, təbabətin son nailiyyətlərindən istifadə edilməklə qələmə alınıb. Müəllif oxucunu müasir tibbin nailiyyətləri ilə tanış etməklə onu müasir dünyada müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən son üsul və texnologiyalara uyğun formada dolğun məlumatlandırır.
Kitabın son fəsli “Mülki müdafiə tibb xidmətinin əsasları” adlanır. Bu fəsildə mülki müdafiə tibb xidməti qüvvələrinin tərkibi və vəzifələri, bu xidmətin təşkilinin əsas prinsipləri, yardım növləri, zərərçəkənlərin və xəstələrin daşınma qaydaları, ilk tibbi yardımın ümumi qaydaları, kütləvi qırğın silahlarının tətbiqi zamanı yaranan bütün labüd xəstəliklər barədə geniş məlumatlar yer alıb. Eyni zamanda vəziyyətdən çıxış yolları, yayıla biləcək kütləvi xəstə­liklərə qarşı mübarizə üsulları şərh olunub.
Çox yaxşı haldır ki, kitabda sözügedən mövzularla bağlı izahlı formada rəngli şəkillər verilib. Bu da bəhs olunan mövzuların izahını asanlaşdırır.
İnanırıq ki, 140-dan çox elmi ədəbiyyatdan istifadə edilərək yazılan və nəfis şəkildə nəşr edilən bu kitab geniş oxucu auditoriyasının tibbi biliklərinin dərinləşməsinə və zənginləşməsinə dəyərli töhfələr verəcəkdir.

 

Əzəmət HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR