22 Dekabr 2024, Bazar

İnsanın yaşaması və fəaliyyət göstərməsi üçün hər gün müəyyən miqdarda enerji lazımdır. Orqanizm bu enerjini qəbul etdiyimiz qida vasitəsi ilə alır. Heç bir iş görmədikdə belə, bütün orqanizmin fəaliyyəti üçün enerji lazımdır. Bu enerji kilokalori adlanır. Hər bir insanın həyat fəaliyyəti üçün lazım olan kilokalori onun çəkisindən, skeletin quruluşundan, maddələr mübadiləsinin xüsusiyyətlərindən, ümumi fiziki aktivlikdən asılıdır. Əgər orqanizmə onun sərf etdiyi qədər enerji daxil olursa, bədən çəkisi bir səviyyədə qalır.
İnsan normadan az qidalanarsa, tələb olunan enerjini ödəmək üçün orqanizm artıq ehtiyatlarından istifadə edir. Orqanizmə daxil olmuş enerji normadan artıq olduqda bu enerji piy şəklində toplanır. Bizim istifadə etdiyimiz qida maddələri – yağlar, zülallar, karbohidratlar normadan artıq qəbul edildikdə, qida rasionu düzgün tərtib olunmadıqda, kalorili içkilərdən (şərab, kola və sair) çox istifadə edildikdə çəki artır.
Çəkinin artması müxtəlif səbəblərdən ola bilər. Təcrübə göstərir ki, uşaqlıqda kök olan insanlar əksər hallarda böyüdükdə də kök olurlar. Çünki kiçik yaşlardan əmələ gələn piy hüceyrələri ömür boyu qalır. Yaşlı insanlarda kökəlmə vaxtilə əmələ gəlmiş piy toxumasının artması hesabına baş verir. Yaxın qohumlar, dostlar tez-tez ənənəvi yeyib-içmək məclisləri qururlar, şənliklər, ziyafətlər keçirirlər. Müxtəlif kalorili yeməklər və şirniyyatlarla zəngin olan belə məclislər çox vaxt gecədən xeyli keçənədək davam edir. İştirakçılar isə birdəfəyə çoxlu kalori qəbul etmiş olurlar. Bu kalori sərf olunmadan birbaşa orqanizmdə piy şəklində toplanır.

Aclıq hissiyyatı anadangəlmə hissiyyatdır. Aclıq hissiyyatını aradan qaldırmaq üçün insan qida qəbul etməlidir. Bəzən hər hansı bir mənfi emosiya nəticəsində əhval-ruhiyyə pozulur. Bu zaman yaranmış daxili gərginliyi aradan qaldırmaq və əhval-ruhiyyəni yüksəltmək üçün insan çox vaxt ac olub-olmamasından asılı olmayaraq nə isə yeyir. Körpə uşaq narahat olub ağlayanda valideynləri səbəbini bilmədən sakitləşdirmək üçün onu tez yedizdirirlər. Beləliklə də, körpənin nəvazişə, ünsiyyətə, diqqət və qayğıya olan ehtiyacı yemək vasitəsilə ödənilir. Bu isə vərdiş şəklini alaraq ömür boyu insanı müşayiət edir. Nəticədə, orqanizmə normadan artıq enerji daxil olur; bu isə bədən çəkisinin artmasına gətirib çıxarır.
Bəzi valideynlər yaxşı əməllərinə görə uşaqlarına nə isə dadlı bir şey almağı vəd edirlər. Zaman keçdikcə bu hal vərdişə çevrilir. Həddən çox kalorili qidaların qəbulu hər dəfə orqanizmdə artıq enerji əmələ gətirir və çəki artır.
İnsanın ömrü boyunca qidaya ehtiyacı vardır. İnsan orqanizmi o qədər həssasdır ki, onu çox asanlıqla yaxşı və ya pis vərdişlərə yönəltmək mümkün olur. Məsələn, siqaret çəkmək, idmanla məşğul olmaq, yeməyi çox duzlamaq, artıq yemək və sair belə vərdişlərdəndir. Çox yemək vərdişə çevrildikdə insanda tədricən piylənmə əmələ gəlir.
Kök adamlar diabet xəstəliyinə daha meyilli olurlar. Normal çəkili insanlara nisbətən kök insanlarda mədə-bağırsaq, öd daşı xəstəlikləri 4 dəfə, arterial təzyiqin yüksəlməsi isə 3 dəfə çox baş verir. Kök insanlarda ürəyə daha çox yük düşür. Bədən çəkisi 10 faiz artdıqda ürək 40 litr artıq mayeni qovmalı olur. Bu isə stenokardiyaya, infarkta və insult xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Artıq çəki artrit, dermatif, venoz və xərçəng xəstəliklərinə meyli gücləndirir.
Həddən artıq yağlı yeməklər, pivə, şərab və başqa spirtli içkilər qaraciyərə olduqca mənfi təsir göstərir. Nəticədə, qaraciyər get-gedə piylənir. Bu isə sirroz, hətta ölümlə nəticələnir. Əgər bədən çəkisi ideal çəkidən 10-19 faizə qədər artırsa, bu, piylənmə kimi qiymətləndirilir.
Böyük şairimiz N.Gəncəvi yaxşı demişdir:

               Az ye, rahatlığına yetir daim diqqət,
               Çox yesən, çəkəcəksən o zaman çox əziyyət.
               Yemək verməlidir vücuda ləzzət,
               Çox olsa, verəcək əzab-əziyyət.

Fiziki aktivlik orqanizmin mübadilə proseslərini gücləndirir. Bu proseslərin getməsi üçün çoxlu enerji sərf olunur və artıq kalori piy təbəqəsi şəklində toplana bilmir. Ona görə də qida kalorisini azaltmaqla yanaşı, həm də idmanla məşğul olduqda bədən çəkisini aşağı salmaq mümkündür.
Sağlamlığın əsasını hərəkət təşkil edir, hərəkət bütün dərmanları əvəz edə bildiyi halda, heç bir dərman hərəkəti əvəz edə bilməz. Artıq çəkili insanlar bilməlidirlər ki, bu xoşagəlməz vəziyyətdən xilas olmaq mümkündür. Əlbəttə, yaxşı olar ki, həkimə məsləhət olunsun, həkimin qoyduğu qaydalara əməl edilsin. Ümumi şəkildə isə artıq çəkidən azad olmaq üçün aşağıda qeyd olunanlara riayət etmək lazımdır.
Qida həmişə eyni vaxtda qəbul edilməlidir. Nahar və şam yeməkləri arasında qəlyanaltı etmək vərdişini tərgitmək lazımdır. Çünki bu da orqanizm üçün əlavə kalori verir. Yeməyi çox çeynəmək lazımdır. Bu zaman ağız suyu fermentləri çox ifraz olunaraq həzm prosesini gücləndirir.
Gün ərzində qəbul olunacaq qidanın əsas hissəsini səhər vaxtı yemək daha məqsədəuyğundur. Artıq çəkidən azad olmaq üçün müxtəlif idman hərəkətləri ilə məşğul olmaq lazımdır. Qida rasionundan yüksək kalorili məhsulları və ədviyyatı çıxarmaq, meyvə-tərəvəz və dənli bitkilərin qəbulunu isə artırmaq lazımdır. Onda arzuladığımız ideal çəkiyə və aktiv bədən quruluşuna sahib olmaq mümkündür.

Məmmədəli ƏLƏKBƏROV
Naxçıvan Muxtar Respublikası
Ağciyər Xəstəlikləri Dispanserinin həkimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR