Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası və Stomatoloji Mərkəzin təşkilatçılığı ilə “Uşaq stomatologiyasının aktual problemləri” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açmışdır.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova rəhbərlik etdiyi tibb müəssisəsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası ilə eyni binada yerləşən Stomatoloji Mərkəz ötən ilin iyun ayından fəaliyyət göstərir. Həmin dövrdən indiyədək 4981 nəfərin müalicəsi aparılmışdır ki, bunların da 419-u 17 yaşa qədər olan uşaq və yeniyetmələrdir. Müalicə prosesində istifadə olunan lazer aparatı ilə diş ətinin iltihabı, şəkərli diabet xəstələrində sağalmayan ağız yaraları müalicə edilir, diş ətlərinin estetik bərpasında tam ağrısız və qansız üsullardan istifadə olunur.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin həkim-stomatoloqları Zaur Hüseynov “Qeyri-kariyes xəstəlikləri”, Vasif İmanov “Kariyes xəstəlikləri”, Elşən Hüseynov “Uşaqlarda süd dişlərinin erkən itirilməsi zamanı yaranan ortodontik problemlər” mövzularında çıxışlar etmişlər.
Konfransda muxtar respublika səhiyyəsində çalışan stomatoloqlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri də iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti