O zaman Audiometriya kabinəsinə müraciət edin
Hər bir körpənin fiziki sağlamlığı onun dünyaya normal gəlişindən tutmuş görmə, eşitmə, ünsiyyət orqanları ilə də bağlıdır. Uşaqlarda eşitmənin qismən və ya tam itirilməsi əqli inkişafın zəifləməsinə səbəb olur, onlarda nitq pozğunluğu yaranır. Bu problemə muxtar respublikamızda da rast gəlinir. Odur ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi istifadəyə veriləndən orada Audiometriya kabinəsi fəaliyyət göstərir. Yenidoğulmuşların digər tibbi müayinələri ilə yanaşı, eşitmə qabiliyyəti də yoxlanılıb müvafiq təyinatlar verilir. Həmin sahə üzrə Türkiyə Respublikasının Ankara və Ərzurum şəhərlərinin tanınmış klinikalarında kurs keçmiş ixtisaslı tibb bacısı Zəminə Əliyeva tərəfindən yenidoğulmuşlara tibbi xidmət göstərilir.
Gənc mütəxəssisin sözlərinə görə, qulağın bir çox xəstəlikləri eşitmə zəifliyinə səbəb ola bilər. Bu xəstəliklər isə bir sıra faktorlardan qaynaqlanır. Ailədə irsi karlıq və ağır eşitmə, qohum nikahlar, ananın keçirdiyi məxmərək, suçiçəyi, kəmərləyici dəmrov və digər infeksion xəstəliklər eşitmə zəifliyinin yaranmasına gətirib çıxarır. Xəstəliyin əmələ gəlməsi və ağırlaşmasının qarşısını almaq məqsədilə ildə iki dəfə eşitmə müayinəsi məsləhət görülür. Hazırda kabinədə eşitmə qabiliyyətinin qiymətləndirilməsi, diaqnostika və müalicəsi müasir avadanlıq və metodlarla həyata keçirilir. Onlardan ən mühümü audiometriya müayinəsidir. “Audio” latın sözü olub, eşitmə, “metriya” isə ölçmə deməkdir. Audiometriya-elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.
Audiometriya kabinəsində müayinə metodları otoakustik emisiya (OAE) və BERA aparatı ilə həyata keçirilir. Aparat səs qıcığına qarşı daxili qulağın (OAE) və beyin kötüyünün (BERA) cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçikyaşlı uşaqlarda eşitmə patologiyasını aşkara çıxarır. Bu müayinələrin uşaq anadan olduqdan dərhal sonra aparılması mümkündür. BERA eşitmə zəifliyinin təyini üçün əvəzolunmaz müayinədir. Müayinə qısa vaxt ərzində və ağrısız aparılır. Mikroskop müayinəsi ilə qulağın təbii pərdəsi, eşitmə sümüklərinin vəziyyəti haqqında dolğun məlumat almaq olar.
Bir sözlə, uşaqların eşitmə qabiliyyətinin yoxlanılması üçün valideynlərin başqa ünvanlara üz tutub uzaq məsafə qət etmələrinə ehtiyac yoxdur. O ünvan yaxındadır. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin Audiometriya kabinəsi uşaqlarınızın sağlamlığı keşiyindədir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti