Bu suala yalnız perinatal diaqnostika ilə cavab verilə bilər
Hər bir ata-ananın ən böyük arzusu dünyaya sağlam övlad gətirib onu cəmiyyət üçün yararlı vətəndaş kimi böyütməkdən ibarətdir. Lakin tale heç də hamının üzünə gülmür. Bəzən körpə müalicə olunmayan genetik xəstəliklərlə doğulur ki, bu da gələcəkdə əlilliklə nəticələnir.
Tibb elminin inkişafı, bu sahədə görülən işlər uşaqlarda əlilliyi erkən, hələ ana bətnində ikən müəyyənləşdirməyə imkan verən perinatal diaqnostikanın yaranmasına imkan verib. Perinatal diaqnostikanın məqsədi müalicə olunmayan genetik xəstəlikləri, anomaliyaları erkən hamiləlik həftələrində müəyyən etmək və ailənin seçiminə uyğun olaraq, tez bir zaman içərisində başa çatdırmaqdan ibarətdir. Onun metodları hesabına genetik xəstəliklərin və əlilliyin qarşısını almaq mümkündür.
Muxtar respublikamızda perinatal diaqnostika səhiyyədə ilk addımlarını atan müayinə üsullarından biridir. Hazırda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Perinatal diaqnostika şöbəsi fəaliyyət göstərir.
Cari ilin ötən dövründə şöbə tərəfindən 170 fetal exokardioqrafiya, 556 laborator, 170 terapiya, stomatologiya, mama-ginekoloji müayinələr aparılmış, müxtəlif qan nümunələri götürülmüş, risk qrupuna aid olan hamilələr nəzarətdə saxlanılmışdır.
Sitogenetik laboratoriya şöbənin əsas fəaliyyət sahələrindən biridir. Burada hələlik hamiləliyin 10-12-ci həftələrində qandan müəyyən nümunələr götürülərək təhlillər aparılır. Bunun üçün laboratoriya 2 ədəd termostatla, 1 ədəd videokameralı lüminessent mikroskop, monitor və bakteriostatik vertikal hava axınlı kabinə ilə təchiz olunub. Laboratoriyada mövcud bir neçə problem aradan qaldırıldıqdan sonra perinatal diaqnostikanı tam şəkildə həyata keçirmək mümkün olacaqdır.
Şöbənin ailə planlaması və reproduktiv sağlamlıq kabinəsi də mühüm əhəmiyyət kəsb edir. Ailə planlaması tədbirləri valideynlərin sosial, iqtisadi və sağlamlıqlarının icazə verdiyi, qadının əvvəlki hamiləlik və doğuşdan sonra fiziki-psixi vəziyyətini bərpa edəndən sonra təkrar hamiləlik barədə düşünməsinə nəzarət edən proqramdır.
Məqsəd ailədə uşaqların sayının azalması deyil, hamiləlik üçün normal şəraitin və qadının normal sağlamlığının bərpa olunduğu zamana qədər bu proqramı davam etdirməkdir. Bu proqram hamiləliyi süni surətdə pozulmaqdan qoruyur. Əgər hamiləliyin pozulmasında yaranan fəsadlar, onun qadın orqanizminə vurduğu zərər, qadının psixoloji vəziyyəti yetərincə izah olunarsa, hər kəs şüurlu surətdə bu əməliyyatlardan qaçar. Bu əməliyyatdan sonra qadının nəsiltörətmə, reproduktiv sağlamlığında geridönməz tədbirlər, sonsuzluq baş verə bilər.
Ailə planlamasının tətbiqi üsulları muxtar respublikada da elmi əsaslarla aparılır. Müntəzəm surətdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası birlikdə tədbirlər keçirir. 3 ildir ki, bütün rayon mərkəzlərində, iri kəndlərdə aparılan tədbirlərdə qadınlara və uşaqlara dövlət qayğısı, onların hüquqları, sağlamlığının qorunması, ailə planlaması metodları, arzuolunmaz hamiləlikdən qorunma yolları izah edilir.
Perinatal diaqnostika gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün təməl prinsiplərdən biridir. Gələcəyimiz olan körpələrin dünyaya sağlam və gümrah göz açmaları üçün perinatal diaqnostikanın imkanlarından istifadə edilməsi hər bir valideynin vətəndaşlıq borcudur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti