Muxtar respublikamızda kiçikyaşlı uşaqlar və məktəblilər arasında aprelin 1-dən 15-dək həyata keçirilən kütləvi Mantu sınağı uğurla başa çatdırıldıqdan sonra hazırda əsas diqqət sınağa reaksiyası şübhəli olan şagirdlərin rentgen-flüoroqrafik müayinələrinə yönəldilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim və tibb bacılarından ibarət briqadası ümumtəhsil məktəblərində zonalar üzrə müayinələrə başlamışdır.
Rentgen-flüoroqrafik müayinələrə Culfa rayonundan start verilmiş, ərazi üzrə Kırna, Qızılca, Ərəzin, Bənəniyar, Qazançı, Göydərə, Əbrəqunus kənd məktəblərində səyyar flüoroqrafik maşınla 70 nəfər müayinədən keçirilmişdir. Müayinələr zamanı aktiv vərəm xəstəliyi aşkar olunmamışdır. 21 şagirdə profilaktik müalicə təyin edilmiş, tibbi məsləhətlər verilmişdir.
Müayinələr zamanı valideynlərlə səhiyyə maarifi işi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış, ağciyər xəstəliklərinə dair buklet və kitabçalar paylanmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti