Aprel ayının 1-dən 15-dək muxtar respublikanın bütün məktəblərində I-XI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə tuberkulin diaqnostikasının bir metodu olan mantu sınağının tətbiqinə başlanmışdır. Mantu sınağının uşaqlar arasında aparılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, vərəm çox böyük yoluxuculuğu olan infeksion xəstəlikdir. Bu xəstəliyin ayrıca klinik forması olan ilkin vərəm intoksikasiyası naməlum lokalizasiyalı vərəm infeksiyası ilə xarakterizə olunur. İlkin vərəm intoksikasiyasının rentgenoloji və instrumental müayinələrlə üzə çıxarılması mümkün deyil. Uşaq və yeniyetmələrdə ilkin vərəm intoksikasiyasının diaqnozu kütləvi şəkildə aparılan mantu sınağının nəticəsinə və ondan sonrakı şikayətlərin müqayisəli öyrənilməsinə əsaslanır. Belə uşaqların davranışında aşağıdakı dəyişiklik özünü göstərir: tezyorulma, əsəbilik, subfebril hərarət, iştahanın, bəzən həzmin pozulması, başağrıları, periferik limfa düyünlərinin böyüməsi və sair.
Bu aksiyanın həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində elmi-praktik seminar, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında Ağciyər Xəstəlikləri Dispanseri ilə birgə seminar, rayon mərkəzi xəstəxanalarında isə təlim-məşğələlər keçirilmişdir. Həmin tədbirlərdə pediatrlar, epidemioloqlar və vaksinatorlar iştirak etmişlər. Bu tədbirin həyata keçirilməsi üçün xüsusi briqadalar yaradılmış, hər briqada 1 pediatr və 1 vaksinatorla təmin edilmişdir. Məktəblərdə yerləşən tibb məntəqələri aseptika və antiseptika tədbirləri gözlənilməklə sınaq üçün lazım olan materiallar və şprislərlə təchiz olunmuşdur. Sınağın nəticələri 72 saatdan sonra qiymətləndirilir. Reaksiyası müsbət olan uşaqlar Ağciyər Xəstəlikləri Dispanserində dərin tibbi müayinələrə cəlb ediləcəklər.
İlk aksiya Naxçıvan şəhərindəki 10 və 3 nömrəli tam orta məktəblərdə keçirilmiş, 700-dən çox şagird mantu sınağına cəlb edilmişdir.
Qeyd edək ki, bu aksiya muxtar respublikada davamlı olaraq hər il həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti