22 Dekabr 2024, Bazar

Uşaqların sağlamlığının qorunmasında düzgün qidalanmanın əhəmiyyəti böyükdür. Ümumiyyətlə, qidalanma orqanizmin ən mühüm fizioloji tələbatıdır. Bildiyimiz kimi, insanın fəaliyyəti zamanı enerji və üzvi maddələr sərf olunur. Qidalanmada məqsəd itirilən enerji və üzvi maddələrin yerini doldurmaqdır.
Qidalanma haqqında min illər boyu dəyərli məsləhətlər verilmişdir. Məsələn, eramızdan 500 il əvvəl yaşamış Pifaqor ət və ət məhsullarından az istifadə etməyi məsləhət görmüşdür. Qədim yunan həkimi Hippokrat düzgün qidalanmanı insanın səhhəti ilə əlaqələndirmişdir. Yəni insan düzgün qidalanmasa, bədənə ağırlıq edən piylənmə, ürək və mədə xəstəlikləri əmələ gələ bilər.
Uşaqların inkişafına səbəb olan əsas qida maddələri zülallardan, yağlardan, karbohidratlardan, amin turşularından, vitaminlərdən, mineral duzlardan ibarətdir. Tərkibində amin turşuları, vitaminlər olan yüksək keyfiyyətli qidalarda – süd və süd məhsulları, balıq, ət, quş əti və yumurtada olan zülallar istilik enerjisi yaratmaqda böyük rol oynayırlar ki, bunlar uşaqların qida rasionunda böyük əhəmiyyətə malikdir.

Vitaminlər nəinki xəstəliklərin qarşısını alır, həmçinin orqanizmin yoluxucu və ya yaşla əlaqədar olan bir sıra xəstəliklərə qarşı immunitetini artırır. Yağlar isə orqanizmi lazımi yağ hasilatı və vitaminlərlə təmin edir. Ət və süd məhsullarında olan yağlar gənc orqanizmin qurulmasında böyük əhəmiyyət daşıyır. Uşaq orqanizminin inkişafı üçün bitki mənşəli yağlar daha əhəmiyyətlidir. 
Qidalanma hər yaşa uyğun olmalıdır. Yeni doğulmuş uşaqlar 2 yaşadək ana südü ilə qidalanmalıdırlar. Ana südünün tərkibində zülallar, yağlar, karbohidratlar, mikroelementlər, vitaminlər, hormonlar, fermentlər, immuncismciklər var ki, bunlar uşağın fiziki inkişafını təmin edir, psixikasının formalaşmasına səbəb olur. Ana südünün tərkibində olan maddələr bir-birinə elə nisbətdədirlər ki, bu süd tez həzm olunur. Başqa südlər, inək, keçi südü gec həzm olunur. Ana südü ilə qidalanan uşaqlar süni qidalanan uşaqlara nisbətən 27 faiz az xəstələnir, xəstələnəndə də xəstəliyi yüngül keçirirlər. Ana südündə ananın keçirdiyi xəstəliklərə qarşı anticismciklər var ki, bu da uşağın immun sistemini zənginləşdirir. Ana südü ilə qidalanan uşaqlarda qan azlığına rast gəlinmir, mədə-bağırsaq xəstəlikləri, zehni inkişafdan geriqalma halları olmur. Ana südündə sakitləşdirici komponentlər var ki, uşaq qorxanda, ağlayanda onu sakitləşdirir. Ana südü ilə yanaşı, 6 aylığından uşağa əlavə yeməklər – meyvə şirələri və bəzi tərəvəz püreləri, süzmə qatıq verilir. İki yaşından yuxarı uşaqlar ümumi qidalanmaya keçirlər. Belə uşaqlar, xüsusən yaz aylarında, xüsusilə süd və süd məhsulları ilə, kalorili, tez həzm olunan qidalarla, vitaminlərlə zəngin tərəvəz püreləri və meyvə şirələri ilə qidalanmalıdırlar. Çalışmaq lazımdır ki, uşaqlara yaz fəslində çox istifadə edilən göbələk, çöldə bitən müxtəlif yabanı bitkilərdən hazırlanan yeməklərdən verilməsin, onların qidalarında kal meyvələrdən çox istifadə edilməsin. Çünki bu, çox vaxt uşaqların zəhərlənmələri ilə nəticələnə bilir. Uşaqların qidalanmasında səhv vərdişlərdən biri də onların şirin qidalarla, cipsilərlə, quru qarğıdalı çubuqları ilə qidalanmalarıdır. Bu qidalar uşaqların orqanizmində bir çox xəstəliklərin əmələgəlmə riskini artırır. Bir sözlə, valideynlər bir daha bilməlidirlər ki, uşaqların bu gün düzgün qidalanması gələcəkdə onların sağlamlığının əsas şərtlərindən biridir.

İbrahim AĞAYEV
Azərbaycan Respublikasının əməkdar həkimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR