22 Dekabr 2024, Bazar

Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, hamilə qadınlara və uşaqlara patronaj xidmətin gücləndirilməsi, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların qidalanmasının düzgün təşkil edilməsi, onların xüsusən ana südü ilə qidalandırılması muxtar respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Bununla yanaşı, uşaqların idarəolunan yoluxucu xəstəliklərə qarşı aldığı peyvəndlərin ardıcıl icra olunması gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır. Müasir texnologiya səviyyəsində uşaqlara elektron sağlamlıq kartlarının verilməsinin əhəmiyyətinin izah edilməsində, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən, xüsusən siqaretə, spirtli içkilərə meyillilikdən uzaq böyümələri üçün valideynlərin maariflənməsində “Ailə sağlamlıq məktəbi”nin böyük əhəmiyyəti vardır.
Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən belə məktəblərdə məşğələlər ardıcıl şəkildə davam etdirilir.
Babək Rayon Mərkəzi Xəstəxanasında yaradılmış “Ailə sağlamlıq məktəbi”nin növbəti məşğələsi Nehrəm Kənd Sahə Xəstəxanasında keçirilmişdir. Məşğələni Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayev açaraq muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından, onlara idarəolunan yoluxucu xəstəliklərə qarşı vurulan peyvəndlərin, verilən elektron sağlamlıq kartlarının əhəmiyyətindən danışmışdır.
Babək Rayon Mərkəzi Xəstəxanasının pediatrı Leylan Əliyeva və Nehrəm Kənd Sahə Xəstəxanasının neonatoloqu Şəmil Əliyev uşaqlara verilən ana südünün əvəzolunmaz qida kimi üstünlükləri və yenidoğulmuşlara düzgün qulluq göstərilməsi qaydaları barədə tibbi məsləhətlər vermişlər. Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyev bölgələrdə keçirilən belə məşğələlərin əhalinin tibbi maariflənməsində böyük rolu olduğunu qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR