Şəkərli diabet endokrin sisteminin ən çox yayılmış xəstəliyidir. Hazırda dünyada 250 milyondan çox şəkərli diabet xəstəsi var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 2-4 faizi bu xəstəlikdən əziyyət çəkir və hər 10-15 ildən bir xəstəliyin sayı 2 dəfə artır. Xəstəliyin yaranmasının əsas səbəbi mədəaltı vəzin hüceyrələri tərəfindən ifraz olunan insulin hormonunun tam və ya nisbi çatışmazlığıdır. Şəkərli diabetin müalicəsində insulindən istifadə edilməsi müasir təbabətin ən mühüm nailiyyətlərindən biri olub, xəstələrin uzun illər normal həyat tərzi keçirmələrinə, əmək qabiliyyətlərinin qorunub saxlanmasına imkan yaratmışdır.
Şəkər xəstəliyinin yaranmasında irsiyyət, çox yemək, oturaq həyat tərzi, piylənmə, kəskin və xroniki stress halları, pankreatit, qaraciyər xəstəlikləri və sair amillər mühüm rol oynayır.
İnsulin çatışmazlığı nəticəsində qlükozanın qandan hüceyrəyə, əzələ və piy toxumasına daxil olması çətinləşir, qlükogenin sintezi zəifləyir. Toxumalarda qlükoza aclığı yarandığından zülal və yağlardan qlükozanın yaranma mexanizmi işə düşür. Nəticədə, qanda qlükozanın miqdarı və keton cismlərinin miqdarı xeyli artır. Bu isə ateroskleroz prosesinə rəvac verir. Beyin, ürək, böyrək damarlarında, periferik arteriyalarda ateroskleroz prosesi sürətlənir.
Xəstəliyin müalicəsində qeyri-dərman və dərman müalicəsindən istifadə olunur. Qeyri-dərman müalicəsinə düzgün qidalanma, pəhriz, fiziki aktivlik, alkoqol qəbulunun dayandırılması, yuxunun normallaşdırılması, streslərdən uzaq olmaq və sair aiddir. Dərman müalicəsi xəstəliyin kliniki forması, ağırlıq dərəcəsi yanaşı xəstəlikləri nəzərə alınmaqla həkim-endokrinoloq tərəfindən müəyyənləşdirilir. I tip şəkərli diabetdə insulin müalicəsindən, II tipdə isə daha çox şəkərsalıcı həblərdən, bəzən isə həblər və insulinin birgə kombinasiyasından istifadə olunur. Xəstəliyin müayinə və müalicəsi düzgün aparıldıqda uzun illər onların normal həyat tərzi keçirmələrinə, əmək qabiliyyətlərinin qorunub saxlanmasına imkan yaradır, beyin, göz, ürək, böyrək və digər orqanlar tərəfindən ağır fəsadların yaranma riski azalır.
Muxtar respublikamızda 1973-cü ildə bu xəstəliyin diaqnostikası və müalicəsi məqsədilə yaradılmış Endokrinoloji Dispanserdə hazırda 5769 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Xəstələr mütəmadi olaraq həkim-endokrinoloqlar tərəfindən müayinə və müalicə olunurlar. Xəstəliyin müayinəsində və müalicəsində mütərəqqi metodlardan istifadə edilir. Belə metodlardan biri qlükozalaşmış hemoqlobulinin müayinəsidir. Metodun şəkərli diabet xəstələrinin müayinəsində əhəmiyyəti nəzərə alınaraq, 2012-ci ildən tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində quraşdırılmış müasir laborator avadanlıqdan istifadə olunur. Bu ilin birinci rübündə 260 nəfər şəkərli diabet xəstəsində qlükozalaşmış hemoqlobulinin müayinəsi aparılmışdır.
Qlükozalaşmış hemoqlobulin nədir? Hemoqlobulin eritrositin (qırmızı qan kürəciyinin) tərkibində yerləşən zülal olub, oksigeni toxuma və orqanlara, karbon qazını isə əksinə, ağciyərlərə daşıyır. Eritrositlər qana düşən gündən hemoqlobulinlə plazmadakı qlükoza arasında daim qeyri-fermentativ reaksiya gedir. Bu reaksiya eritrositlərin bütün həyatı boyu (120 gün) davam edir. Reaksiya nəticəsində eritrositlərdə yaranan kompleks birləşmə qlükozalaşmış hemoqlobulin adlanır. Qlükozalaşmış hemoqlobulin qandakı şəkərin səviyyəsini öz “yaddaşında” saxlayır. Beləliklə, qanın plazmasında nə qədər şəkər varsa, bir o qədər də qlükozalaşmış hemoqlobulin olacaqdır. Bu müayinə vastəsilə qanda şəkərin miqdarı haqda daha dəqiq nəticə əldə edilir və dərmanların dozası düzgün müəyyənləşdirilir. Xəstələrin müalicəsi düzgün qurulduqda uzun illər normal həyat tərzi keçirməklə əmək qabiliyyətləri qorunub saxlanılır, fəsadların qarşısı alınır. I tip xəstələr ildə 4 dəfə, II tip xəstələr isə ildə 2-3 dəfə bu müayinəni aparmaqla qanda şəkərin səviyyəsini nəzarətdə saxlaya və dərman müalicəsinin düzgün qurulmasına nail ola bilərlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti