22 Dekabr 2024, Bazar

Doğum Mərkəzində növbəti süni mayalanma aparılmışdır

Statistik məlumatlara görə, hazırda bütün dünyada 7 evlilikdən birində sonsuzluq problemi mövcuddur. Muxtar respublikamızda da təxminən 6 minə yaxın adam sonsuzluqdan əziyyət çəkir. Ötən beş ilə nisbətən ölkəmizdə süni mayalanmaya üz tutan ailələrin sayı 2 dəfə artıb. İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 8 ildir ki, Azərbaycanda da tətbiq edilir və bu müddətdə sözügedən üsulla dünyaya gələn uşaqların sayı 3 mini keçib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yaradılan, lakin mütəxəssis olmadığından fəaliyyət göstərə bilməyən Süni mayalanma şöbəsinin fəaliyyəti üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Jinemet” klinikası ilə qarşılıqlı əlaqələr yaradılıb. Bu klinika Türkiyədə yaradılan ilk süni mayalandırma müəssisələrindən biridir. Klinikanın hazır­da dünyanın ayrı-ayrı 6 ölkəsində filialı fəaliyyət göstərir. Onun fəaliyyəti dövründə minlərlə ata-anaya övlad sevinci nəsib olub, ailələrin təməli möhkəmlənib.

Artıq cari ilin yanvar ayından Doğum Mərkəzində də sonsuzluqdan əziyyət çəkən qadınlar üzərində ekstrakorporal mayalanma aparılmasına başlanılıb. Növbəti süni mayalanma əməliyyatı isə fevralın 18-də baş tutub. Növbəyə alınmış 30 qadın arasında hərtərəfli müayinədən keçirilmiş 5 qadın bu tibbi prosedura cəlb edilib. Embrion transferi embrioloq Murad Uluq, süni mayalanma üzrə mütəxəssis Mövlana Cəlaləddin Örnək və “Jinemet” klinikasının Bakı şəhərindəki filialının ginekoloqu Elnurə Mustafayeva tərəfindən həyata keçirilib.
Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov bildirir ki, terapevtik müdaxilənin səmərə vermədiyi hallarda son çarə kimi ailələr “sınaq şüşəsində uşaq” sifariş verə bilərlər. “Sınaq şüşəsində uşaq” texnologiyası və ya süni mayalanma qadın bətnində gedən proseslərin laboratoriyada həyata keçirilməsi, yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Mahiyyət ondan ibarətdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir, embrionlar üç gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilərək heç bir narkoz vermədən xüsusi katetr vasitəsi, ultrasəs cihazının nəzarəti ilə qadının bətninə köçürülür.
Dünyada süni mayalanmanın alınma şansı 30-60 faiz arasında dəyişir. Burada yaş faktoru önəmlidir. Əgər qadının yaşı 30-a qədərdirsə, onun alınma şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur. Uşağı olmayan cütlüklər isə illərlə gözlədikdə zaman onların əleyhinə işləyir. Doğum Mərkəzindəki şöbənin fəaliyyət göstərmədiyi vaxtlarda sonsuzluqdan əziyyət çəkən ailələr müayinə və müalicə üçün başqa yerlərə üz tutmalı olurdular. Bu sahədə vəziyyətin dəyişməsi Naxçıvan səhiyyəsinin uğurlarından sayıla bilər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR