Muxtar respublikada əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərilir
1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. Azərbaycan 1992-ci ildən Ümumdünya Səhiyyə Təşkilatına üzv qəbul edilmiş, 1994-cü ildə isə ölkəmizdə həmin təşkilatın Əlaqələndirmə Ofisi yaradılmışdır.
Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti həm də insan sağlamlığının təminatçısı olan milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi yüksək qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi prosesi səhiyyə sistemində də özünü qabarıq şəkildə göstərməkdədir. İnsanların sağlamlığının yüksək səviyyədə təmin olunması, milli genefondun qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, insanların yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, habelə səhiyyə infrastrukturunun keyfiyyətcə yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda da həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibb xidməti göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır.
Muxtar respublikada Diaqnostika-Müalicə, Kardioloji, Doğum, Onkoloji, Təcili Tibb və Duzdağ Fizioterapiya mərkəzlərində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında, Ağciyər Xəstəlikləri, Psixi Xəstəliklər dispanserlərində, Kəngərli, Şərur, Culfa, Şahbuz, Ordubad və Sədərək Rayon Mərkəzi xəstəxanalarında yaradılan müasir şərait, kəndlərimizdə səhiyyə ocaqları üçün yeni binaların tikilib istifadəyə verilməsi əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmışdır. Naxçıvan səhiyyəsinin intensiv inkişaf dövrü kimi xarakterizə olunan 1995-2013-cü illərdə ayrı-ayrı şəhər, qəsəbə və kəndlərdə 200-dən çox səhiyyə obyekti tikilib istifadəyə verilmişdir. Təkcə ötən il muxtar respublikada Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, kəndlərdə 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.
Səhiyyə quruculuğu istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilir. Belə ki, bu il Ordubad rayonunun Çənnəb kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binası əsaslı şəkildə yenidən qurulmuş, nazirlikdə elektron xidmətlərin tətbiqinə başlanmışdır. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bu sahənin maddi-texniki və kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmiş, təhlükəli yoluxucu xəstəliklərin, ana və uşaq ölümünün qarşısı alınmışdır”.
Səhiyyə sahəsində görülən işlər yalnız quruculuq tədbirləri ilə yekunlaşmır. Yüksək ixtisaslı həkim briqadalarının muxtar respublikaya gətirilməsi və xüsusilə aztəminatlı ailələrdən olan xəstələrin tamamilə dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi diqqət mərkəzində saxlanılır. Təkcə ötən il Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş oftalmoloqlar, kardiocərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müxtəlif xəstəliklər üzrə 500-ə yaxın əməliyyat keçirilmiş və müayinələr aparılmışdır. Bu ilin yanvar ayından etibarən Doğum Mərkəzində Süni mayalanma şöbəsi fəaliyyətə başlamışdır. Son illər yerli həkim kadrlarının müstəqil şəkildə xəstələr üzərində ağır cərrahi əməliyyatlar aparması isə Naxçıvan səhiyyəsi üçün daha da əlamətdar olmuşdur.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da böyük önəm verilir, səhiyyə maarifi işi həyata keçirilir. Maarifləndirmə tədbirlərinin nəticəsidir ki, muxtar respublikada uşaqlar arasında peyvənd işi vaxtlı-vaxtında aparılır, hamilə qadınların və uşaqların patronaj xidməti, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi diqqət mərkəzində saxlanılır, bütün istehsal müəssisələrində bədbəxt hadisələr zamanı ilk tibbi yardım mövzusunda seminar və praktik məşğələlər keçirilir. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsi və yerlərdə insanlara tibbi xidmət göstərilməsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, eləcə də rayon mərkəzi xəstəxanaları tərəfindən yaradılmış həkim briqadalarının da böyük rolu vardır. Həkim briqadaları müvafiq qrafik əsasında kəndlərdə olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər.
Son illər tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilmiş, həkimlər Bakı şəhərinə, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilmişlər. 2011-ci ildən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası işinə başlanmış və hazırda bu iş uğurla davam etdirilməkdədir. Həmçinin bu gün Naxçıvan Dövlət Universitetində, Naxçıvan Tibb Kollecində ixtisaslı tibbi kadrlar hazırlanır. Bu, muxtar respublikanın səhiyyə müəssisələrinin ali və orta ixtisaslı tibbi kadrlarla tam təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün muxtar respublikada 239 tibb müəssisəsi tərəfindən əhaliyə səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 734 həkim, 2113 orta tibb işçisi çalışır. Həkim və tibb işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 56-sı Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 8-i “Tərəqqi” medalı ilə təltif edilmişdir. Göstərilən qayğı insanları daha yaxşı işləməyə ruhlandırır. Səhiyyə işçiləri əzmlə çalışaraq insanların sağlamlığının keşiyində dayanırlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti