22 Dekabr 2024, Bazar

Uşaqlarda eşitmənin qismən və ya tam itirilməsi əqli inkişafın zəifləməsinə səbəb olur, onlarda nitq pozğunluğu yaranır. Bu problemə muxtar respublikamızda da rast gəlinir. Odur ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi istifadəyə veriləndən burada audiometriya kabinəsi fəaliyyət göstərir. Yenidoğulmuşların digər tibbi müayinələri ilə yanaşı, eşitmə qabiliyyətləri də yoxlanılıb müvafiq təyinatlar verilir. Türkiyə Respublikasının Ankara və Ərzurum şəhərlərinin tanınmış klinikalarında kurs keçmiş Zəminə Əliyeva həmin sahə üzrə yenidoğulmuşlara tibbi xidmət göstərir.

Yeni doğulan uşaqlarda qulağın bir çox xəstəlikləri eşitmə zəifliyinə səbəb ola bilər. Bu xəstəliklər isə bir sıra faktorlardan qaynaqlanır. Ailədə irsi karlıq və ağır eşitmə, qohum nikahlar, ananın keçirdiyi məxmərək, suçiçəyi, kəmərləyici dəmrov və digər infeksion xəstəliklər eşitmə zəifliyinin yaranmasına səbəb ola bilir. Xəstəliyin əmələ gəlməsinin və ya ağırlaşmasının qarşısını almaq məqsədilə ildə iki dəfə eşitmə müayinəsi məsləhət görülür. Hazırda adıçəkilən kabinədə eşitmə qabiliyyətinin qiymətləndirilməsi, diaqnostika və müalicəsi müasir avadanlıq və metodlarla həyata keçirilir. Onlardan ən mühümü audiometriya müayinəsidir. “Audio” latın sözü olub, “eşitmə”, “metriya” isə “ölçmə” deməkdir. Audiometriya-elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.
Audiometriya kabinəsində müayinə metodları otoakustik emisiya və BERA aparatı ilə həyata keçirilir. Aparat səs qıcığına qarşı daxili qulağın və beyin kötüyünün cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçikyaşlı uşaqlarda eşitmə patologiyasını aşkara çıxarır. Bu müayinələrin uşaq anadan olduqdan dərhal sonra aparılması mümkündür. BERA eşitmə zəifliyinin təyini üçün əvəzolunmaz müayinədir. Müayinə qısa vaxt ərzində və ağrısız aparılır. Mikroskop müayinəsi ilə qulağın təbii pərdəsi, eşitmə sümüklərinin vəziyyəti haqqında dolğun məlumat almaq mümkündür.
Bir sözlə, uşaqların eşitmə qabiliyyətinin yoxlanılması üçün valideynlərin başqa ünvanlara üz tutub uzaq məsafə qət etmələrinə ehtiyac yoxdur. Həmin ünvan yaxındadır: Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin audiometriya kabinəsi uşaqlarınızın sağlamlığı keşiyindədir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR