Muxtar respublikamızda yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin hər bir təbəqəsinin xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.
Hazırda bu sahədə tədbirlər uğurla davam etdirilir. Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların qanla keçə bilən yoluxucu xəstəliklərlə, o cümlədən B və C hepatit virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçiləri ildə iki dəfə qan nümunələri götürülərək müayinəyə cəlb olunurlar.
Bu tədbir əvvəllər Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində keçirildiyindən rayonlarda obliqat qrupuna daxil olan tibb işçilərinin vaxt itkisinə səbəb olur, göndərilən qan nümunələrində yanlışlıqlara yol verilir, nəticələr tibbi müayinə kartlarında lazımi formada əksini tapmırdı. Bu problemi aradan qaldırmaq üçün QİÇS-lə Mübarizə Mərkəzi belə müayinələri bilavasitə obliqat qruplarının fəaliyyət göstərdikləri rayonlarda keçirməyə başlayıb. İlk tədbir Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirilib, mərkəzi xəstəxananın, həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin 132 tibb işçisindən qan nümunələri götürülüb. QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyasında həmin qan nümunələrinin HİV, hepatit B, C və qanla keçən digər xəstəliklərə görə analiz olunması üçün seroloji diaqnostikası aparılacaq, nəticələr tibbi müayinə kartlarında öz əksini tapacaqdır.
Rayonlarda obliqat qrupuna daxil olan gözəllik salonu işçiləri, otel, mehmanxana xidmətçiləri, bərbərlər də aksiyaya cəlb edilərək qan müayinələri aparılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti