22 Dekabr 2024, Bazar

Bir neçə gündən sonra çox insanların sevdiyi və səbirsizliklə gözlədiyi yay fəsli başlayacaq. Bu, gərgin iş rejimindən azad olub yorğunluğu aradan qaldırmaq, stresdən uzaqlaşmaq üçün ideal mövsümdür. Ancaq yaddan çıxarmaq olmaz ki, istirahət fəsli sağlamlıq üçün təhlükə də törədə bilər. Bu amili Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi, anestezioloq-reanimatoloq Elsevər Ağəliyev bizimlə söhbətində xüsusi olaraq diqqətə çatdırdı. 

– Elsevər həkim, yay mövsümü hələ başlamasa da, havalar yazın sonundan isti keçir, artıq günvurma hadisələri ilə bağlı məlumatlar var.
– Bu il Naxçıvan Respublika Xəstəxanasına 3 nəfər günvurma ilə əlaqədar müraciət edib. Birgünlük müalicədən sonra onlar tam yaxşılaşma ilə evə buraxılıblar. Bu, əvvəlki illərə nisbətən xeyli yaxşı göstəricidir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, yeni parkların salınması və digər amillərlə yanaşı, əhali arasında aparılan səhiyyə maarifi işi günvurmanın azalmasında mühüm rol oynayır.

– Günvurma hallarına daha çox kimlər məruz qalır?
– İnsan orqanizminin müəyyən özünümüdafiə funksiyaları var ki, bu funksiya uşaqlarda tam formalaşmadığı, yaşlılarda isə artıq zəiflədiyi üçün onlar daha tez günvurmaya məruz qalırlar. Günvurma hadisəsi havanın hərarətinin insanın bədən temperaturundan yüksək olduğu hallarda, 15 dəqiqədən artıq birbaşa Günəş şüalarının təsiri altında qaldıqda baş verir. Əsasən, yaşlıların, uşaqların, bir sıra xroniki xəstəliklərdən əziyyət çəkənlərin, düzgün qıdalanmayanların, artıq çəkili immun sistemi zəif olanların, açıq havada ticarət, tikinti və sair işlərlə məşğul insanların, hamilə qadınların günvurmaya məruzqalma ehtimalı daha çoxdur.
Həmin ehtimallar nəzərə alınaraq havanın hərarətinin yüksək olduğu günlərdə tikinti obyektlərində, açıq istehsal sahələrində insanların səhhəti diqqətdə saxlanılır, Günəş şüalarından qorunmaq üçün yaradılmış yerlərdə onlar çay və sərinləşdirici sularla təmin olunurlar. Bu, insan amilinin hər şeydən uca tutulduğunun parlaq göstəricisidir.
– İnsanlar necə bilməlidirlər ki, onların səhhətində baş verən narahatlıq günvurma ilə əlaqədardır və hansı əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır?
– Ümumiyyətlə, günvurmanın yüngül, orta və ağır olmaqla, 3 forması var. Yüngül formada xəstənin vəziyyəti kafi olur, onda baş ağrıları, başgicəllənməsi, ürəkbulanma, təngnəfəslik, bəbəyin genişlənməsi müşahidə edilir. Yüngül günvurmada xəstəyə ilkin yardım göstərildikdən, sərin yerə aparılaraq su verildikdən sonra o, özünə gəlir.
Orta dərəcəli günvurma zamanı kəskin başağrıları, başgicəllənmə, huşun müvəqqəti itməsi, qusma, təzyiqin yüksəlməsi, temperaturun 39-40 dərəcəyə çatması, qulaq batması baş verir. Ağır formalı günvurma zamanı isə təzyiq aşağı düşür, bədənin hərarəti 40 dərəcədən yuxarı qalxır, tənəffüs sistemi, mərkəzi sinir sisteminin fəaliyyəti pozulur. Nəticədə, xəstə komaya düşə, dünyasını dəyişə bilər.
Orta və ağır dərəcəli günvurma zamanı mütləq, ilk növbədə, təcili tibbi yardıma müraciət etmək lazımdır. Təcili tibbi yardım briqadası gələnə qədər isə zərərçəkənə ilkin yardım göstərilməlidir. Bunun üçün günvurmaya məruz qalan şəxsi sərin, kölgəli yerə aparmaq, arxası üstə uzatmaq, paltarının yaxasını açmaq, boyun, alın, döş, qoltuqaltı nahiyəsinə, əl və ayaq hissələrinə soyuq kompres qoymaq, ona sərin su vermək lazımdır. Təcili yardım gəldikdə isə xəstəyə ixtisaslaşmış yardım göstərilməli, lazım gələrsə, o, xəstəxanaya aparılmalıdır.
– Bəs günvurmadan necə qorunmaq olar? Bununla bağlı hansı tövsiyələri verə bilərsiniz?
– Havanın hərarətinin yüksək olduğu günlərdə insanlar səhər saat 11-dən 17-dək açıq havada gəzməməli, fiziki işlə məşğul olmamalıdırlar. İnsanlar bol maye (gün ərzində 4 litrdən artıq) qəbul etməli, evdən çıxarkən mütləq baş örtüyü örtməli, gözə eynək taxmalı, yüngül, əsasən, pambıq və kətan parçadan tikilmiş geyimlərə üstünlük verməlidirlər. Həm baş örtüyü, həm də geyimlərin açıqrəngli olması zəruridir. Çünki açıqrəngli paltarlar Günəş şüalarını əks etdirir, tündrəngli geyimlər isə Günəş şüalarını udaraq bədənin hərarətinin artmasına səbəb olur. Kip paltarlardan, sintetik parçadan tikilmiş geyimlərdən qaçmaq lazımdır.
Günün qızmar vaxtı çimərliyə də getmək doğru deyil. Günəşin ultrabənövşəyi şüalarının mənfi təsirindən qorunmaq üçün yay aylarında çimərliklərə səhər saat 11-ə qədər və axşam saat 17-dən sonra getmək olar.
– Yay fəslində düzgün qidalanma da insanların sağlamlığı baxımından mühüm amildir...
– Bütün mövsümlərdə, xüsusən də isti yay günlərində düzgün qidalanmanın sağlamlığa təsiri önəmlidir. Belə ki, həmin dövrdə yüngül qidalar qəbul edilməli, göyərti və meyvə-tərəvəzə, quş ətindən hazırlanmış yeməklərə, müxtəlif növ salatlara üstünlük verilməlidir. Vitamin mənbəyi sayılan çiyələk, qarpız, gilas, ərik, şaftalı kimi meyvələr də çox yeyilməlidir.
Qazlı içkilərlə müqayisədə təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək, süd, ayran, bitki və meyvə çayları içmək məqsədəuyğundur. Açıq satılan qidalardan və sulardan uzaq durmaq məsləhətdir.

Müsahibəni apardı:
Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR